22 Dekabr 2024, Bazar

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qərarı ilə hər il dekabrın 3-ü dünyada “Beynəlxalq Əlillər Günü” kimi qeyd olunur.
Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli lider əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsini daim diqqət mərkəzində saxlamışdır. Həmçinin ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşmış, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Bu gün də ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür.

Son illər müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edən, onlara sosial, iqtisadi və hüquqi təminatlar verən bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. Sosial siyasətin davamlı inkişafı müvafiq kateqoriyadan olan vətəndaşların həyat şəraitini hər ötən il daha da yüksəldir, yeni təqaüd və müavinətlər təsis edilir, pensiya və sosial müavinətlərin məbləği mütəmadi olaraq artırılır.
Muxtar respublikada da sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası, habelə cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məhdud fiziki imkanlı şəxslər üçün fərdi evlərin və ümumi yaşayış binalarının tikilib istifadəyə verilməsi, onların minik avtomobilləri və müxtəlif texniki-bərpa vasitələri, protez-ortopediya məmulatları ilə təmin edilməsi, tənha yaşayan, köməyə ehtiyacı olan şəxslərə mənzilində sosial-məişət xidmətinin göstərilməsi, habelə asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş işlər onların həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Hazırda muxtar respublikada sağlamlıq imkanları məhdud vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 6 min 474 əlil vətəndaşa, o cümlədən 1850 sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət, 244 şəhid ailəsinə, 874 müharibə əlili və iştirakçısına, eləcə də I qrup 669 əlilə Prezident təqaüdü ödənilir. 82 sağlamlıq imkanları məhdud şəxsə isə sosial-məişət xidməti göstərilir.
Məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası sosial tədbirlərin əsas istiqamətlərindəndir. Cari ilin 10 ayı ərzində sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyası məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində 165 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 277 uşağın müalicəsi təmin edilmiş, eyni zamanda onurğa və sinir xəstəlikləri olan məhdud fiziki imkanlı 6 nəfər Yunanıstan Respublikasına, sağlamlıq imkanları məhdud 6 uşaq valideynlərinin müşayiəti ilə Latviya Respublikasına, bu kateqoriyadan olan 15 uşaq isə Gürcüstanın Acarıstan Muxtar Respublikasına müalicəyə göndərilmişdir. Göstərilən dövlət qayğısının daha bir ifadəsi olaraq, sağlamlıq imkanları məhdud 272 nəfər müxtəlif texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 147 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 56 nəfərin sosial-məişət şəraitinin yaxşılaşmasına, 26 nəfərin isə respublika daxilində müalicəsinə maddi köməklik göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirmiş şəxslər və 1941-1945-ci illər müharibəsi əlilləri 60 ədəd minik avtomobili ilə təmin edilmişlər. Sosial xidmət göstərilən tənha sağlamlıq imkanları məhdud şəxslər evlərində ziyarət edilmiş, onların zəruri problemləri yerində həll edilmiş və tibbi müayinədən keçmişlər.
Əlamətdar günlərdə müvafiq kateqoriyadan olan vətəndaşların iştirakı ilə silsilə tədbirlər bu il də davam etdirilmişdir. Təşkil olunan görüşlərdə, ümumilikdə, 1884 ahıl və sağlamlıq imkanları məhdud şəxsə bayram sovqatı və hədiyyələr təqdim edilmiş, “Bilik Günü” münasibətilə keçirilən tədbirlərdə aztəminatlı sağlamlıq imkanları məhdud 271 şagirdə məktəbli geyim forması, çanta və dərs ləvazimatları verilmişdir. Keçirilən bayram tədbirlərində, eyni zamanda əsgərlər qarşısında sağlamlıq imkanları məhdud ifaçılardan ibarət musiqi qrupu konsert proqramı ilə çıxış etmişdir. Hər il Beynəlxalq Əlillər Gününün qeyd olunması ölkəmizdə, eləcə də muxtar respublikada bu kateqoriyadan olan insanlara göstərilən qayğının daha bir nümunəsidir. Ötən il də bu münasibətlə Naxçıvan şəhərində və rayonlarda sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilmiş və onlara sovqatlar verilmişdir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin təhsil hüququnun təmin olunması daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Dövlət proqramına uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir. Hazır­da hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən 18 uşaq distant təhsil sisteminin imkanlarından istifadə edir.
Məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülür. Qeyd olunan dövr ərzində paralimpiyaçılar arasında stolüstü tennis, yüngül atletika, peyntbol, qolbol idman növləri üzrə, sağlamlıq imkanları məhdud uşaqlar arasında intellektual və kinekt oyunları, “oxu, qavra” adlı mütaliə, inşa və brayl yazı müasabiqələri, şahmat, xalq uşaq oyunlarından ibarət əyləncəli idman yarışları, “Naxçıvanım mənim” mövzusunda rəsm, əl işləri və musiqi müsabiqələri təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslərin və ahılların istedadlarının üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi və fərdi məşğulluqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda bu kateqoriyadan olan 53 müəllifin 137 adda əl işi və 34 adda müxtəlif janrlarda çəkdikləri rəsmlərin sərgi-müsabiqəsi və satışı təşkil olunmuşdur.
Muxtar respublikada məhdud fiziki imkanlılara göstərilən sosial xidmətlərin həcmi davamlı olaraq artır. Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını sürətləndirmək məqsədilə Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı yaradılmış, görmə qabiliyyəti məhdud şəxslər üçün hər ay “Könül işığı” adlı brayl jurnalının nəşrinə başlanılmışdır. Yay tətili dövründə sağlamlıq imkanları məhdud 47 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətinin təşkil edilməsi də bu məqsədə xidmət edən tədbirlərdəndir. Həmçinin ötən dövr ərzində uşaq serebral iflici, autizm və daun sindromlu uşaqların sosial inteqrasiyasına nail olmaq məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropatoloqu və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu valideynlərlə maarifləndirici görüşlər keçirmişlər.­
Müasir dövrdə əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması və onlardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası, əhalinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin məşğulluq imkanlarının artmasına, onların sosial müdafiəsinin güclənməsinə zəmin yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyası, həmçinin onların müvəqqəti məşğulluqlarını təmin etmək məqsədilə bu kateqoriyadan olan 21 vətəndaş peşə kursuna cəlb edilmiş, bağlanmış müqavilə əsasında 24 qadın tərəfindən toxunmuş 2 min 966 cüt yun corab hərbi hissələrə təhvil verilmişdir. 2014-cü ilin müvafiq dövründə, ümumilikdə, sağlamlıq imkanları məhdud 95 şəxs məşğulluq xidməti orqanları tərəfindən işə düzəldilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün Azərbaycanda insanlara qayğı həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Ulu öndərimiz tərəfindən müəyyənləşdirilən bu yolun uğurla davam etdirilməsi, bu yola yüksək sədaqət göstərilməsi ölkəmizdə bütün sahələrin sürətli inkişafını təmin edir”. Muxtar respublikada aparılan uğurlu sosial siyasətin tərkib hissəsi olaraq bundan sonra da xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR