22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən aparılan reydlər zamanı məlum olmuşdur ki, havaların soyuması ilə əlaqədar bir çox hallarda vətəndaşlar tərəfindən yaşayış sahələrində müvafiq norma və qaydaların tələblərinə zidd olaraq qaz təsərrüfatından istifadə edilir. Bu da yanğınların baş verməsinə, ən başlıcası isə insanların dəm qazından zəhərlənmələrinə səbəb olur.
Statistika göstərir ki, dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında dördüncü yerdədir. Kimyəvi adı karbon-monooksid olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir.

Dəm qazı ilə zəhərlənməyə səbəb kimi hamamda və vanna otaqlarında nəfəsliklərin olmamasını, suqızdırıcıların hamam və vanna otaqlarında quraşdırılmasını, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulmasını, standarta uyğun olmayan və kustar üsulla hazırlanmış qaz sobalarından və suqızdırıcılardan istifadə edilməsini misal göstərmək olar.
İnsanlar yüksək dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm də bir o qədər sürətli olur. Dəm qazından zəhərlənmə hallarının yuxarıda göstərilən misallarla yanaşı, eyni zamanda avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08 faiz olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32 faiz olduqda 30 dəqiqə ərzində, 1,2 faiz olduqda isə 2-3 dəqiqə ərzində ölümlə nəticələnən bədbəxt hadisə baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır. Havası karbon oksidi ilə zəngin olan otaqda qaldıqda zəhərlənən insanda ürək bulanması, ümumi yorğunluq, yuxuya meyillilik və təngnəfəslik müşahidə olunur və dəri solğunlaşır.
Əgər dəm qazından zəhərlənmə halları baş veribsə, ən əvvəl zərərçəkəni dərhal təmiz havaya çıxarmaq və kürəyi üstə, kip bağlanan paltarda uzatmaq lazımdır. Zərərçəkənin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı, başına və sinəsinə soyuq kompres qoyulmalıdır. Zərərçəkmişin huşu özündədirsə, ona çay içirmək məsləhətdir; əgər huşunu artıq itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır. Zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır.
Narahatlığa səbəb olan amillərdən biri də vətəndaşlar tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanmış qeyri-standart qaz sobalarından və suqızdırıcılardan istifadə olunmasıdır. Buna görə də zavodda istehsal edilmiş qaz cihazlarını əldə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə, ümumiyyətlə, yol verilməməlidir. Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq lazımdır. Çünki artıq qeyd olunduğu kimi, partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi qəza hadisələrinin əksəriyyəti bu qaydaların bilinməməsi və ya onlara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismarı qaydaları, avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmaması, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Belə hallarla üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.
Vətəndaşlara bir daha tövsiyə edirik ki, qaz sobalarından və qızdırıcı cihazlardan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl olunsun. Evdən çıxarkən qızdırıcı sobaları, qaz və elektrik cihazlarını yanılı vəziyyətdə nəzarətsiz qoymayın, onları söndürməyi unutmayın!

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, daxili xidmət kapitanı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR