Dünən Naxçıvan Tibb Kollecində “Siqaretlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açaraq qeyd edib ki, müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri siqaretlə mübarizədir. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır. Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tütünə qarşı mübarizə aparılır. Belə ki, radio və televiziyalarda tütün əleyhinə müxtəlif təbliğat kampaniyaları həyata keçirilir. “Siqaret çəkmənin məhdudlaşdırılması haqqında” Qanun layihəsi Milli Məclisin gündəliyində duran məsələlər sırasındadır.
Sonra kollecin 3-cü kurs tələbəsi Taleh Cəfərov çıxış edib. O bildirib ki, bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılıb və ictimaiyyətə təqdim olunub. Lakin ziyanın nə qədər böyük olduğunu insan dərk etməsə, siqaretdən imtina edə bilməz. Siqaret sağlamlığa ziyandır. Hər il dünyada siqaretin səbəb olduğu xəstəliklərdən beş milyon insan dünyasını dəyişir. Siqaret ürək xəstəliklərinə səbəb olan birinci amildir. Siqaret çəkənlərin ürək döyüntüləri sağlam insandan 15 min döyüntü çoxdur.
Damarların sıxılması nəticəsində oksigen qidalanması aşağıdır. Tütün və tütün tüstüsü 3000 kimyəvi birləşmədən ibarətdir ki, bunların 60-dan çoxu kanserogendir. Bu kanserogen birləşmələr genetik hüceyrələri zədələyə bilir, xərçəng şişlərinin yaranmasına səbəb olur. Siqaret çəkmək göz zəifliyinə gətirib çıxarır. Alimlər neçə illərdir ki, bu barədə fərziyyələr irəli sürüblər və müasir texnologiyaların köməyi ilə bu sübut olunub. Hər bir siqaret çəkənin görmə qabiliyyətini itirmək riski vardır.
Vurğulanıb ki, bu problemin aradan qaldırılması yolunda müəyyən addımlar atılmaqdadır. Əslində, bu haqda müəyyən qaydalar olsa da, əfsuslar olsun ki, bu qaydalara siqaret çəkən vətəndaşlarımız riayət etmirlər. Belə ki, hazırkı qanunvericiliyimizə əsasən, siqaretin təhsil, idman, səhiyyə və mədəniyyət müəssisələrində çəkilməsi və satışı qadağandır. Lakin bütün tədbirlərlə yanaşı, ictimaiyyət də bu ciddi problemə biganə qalmamalı, hər bir şəxs bu yöndə təbliğat işi aparmalı, ictimai yerlərdə siqaret çəkənlərin qarşısını almağa çalışmalıdır.
Sonda iştirakçılara “Siqaretin zərərlərini bilirsinizmi?” adlı məlumat vərəqləri paylanılıb.
Sona MİRZƏYEVA