22 Dekabr 2024, Bazar

Culfa Rayon İcra Hakimiyyətinin və Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Culfa rayonunda “Sığorta-pensiya sisteminin mahiyyəti və bu sahədə elektron xidmətlərin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının Gəlirlər şöbəsinin müdiri Yaşar Məmmədov, Fərdi uçotun təşkili şöbəsinin müdiri İsmayıl Həsənov və Pensiya təyinatı şöbəsinin baş məsləhətçisi Fərzi Seyidov çıxış edərək sığorta-pensiya sistemində informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin tətbiqindən danışıblar.
Bildirilib ki, informasiya və kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqi inkişaf etdirilib.

“Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq mülkiyyətçiləri tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırıb. Bu elektron xidmət sistemindən istifadə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və ya torpaq mülkiyyətçiləri www.dsmf.nakhchivan.az saytında “Elektron xidmətlər” bölməsinə daxil olmaqla müvafiq xidməti seçərək plastik kartlar vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəyə bilərlər. Eyni zamanda sığortaedənlər məcburi dövlət sosial sığorta hesabatlarını (Bəyannamə 1, Bəyannamə 2 və Bəyannamə 3) internet üzərindən elektron poçt rejimində çatdıra bilərlər. İstifadəyə verilən elektron xidmətlər içərisində “Avtomatlaşdırılmış pensiya təyinatı” və “Pensiya kalkulyatoru” mühüm yer tutur. Fondun 2014-cü il noyabr ayından istifadəyə verilən avtomatlaşdırılmış pensiya təyinatı sistemi sayəsində pensiya yaşına çatmış vətəndaşa Pensiya şöbəsində yaradılan pensiya təyinatı xidmətinə, (+99436) 550-59-79 nömrəsinə zəng etməklə və şəxsiyyət vəsiqəsinin nömrəsini bildirməklə real vaxt çərçivəsində pensiya təyin olunması həyata keçirilir. Noyabr ayında 10 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib.
Təqdim olunan xidmətlərdən biri də “Sığortaolunanın onlayn uçota alınması” xidmətidir. İşəgötürənlər və digər sığortaedənlər bu xidmət vasitəsilə yeni əmək fəaliyyətinə başlayan vətəndaşlar üçün “Q3” ərizə formasını dolduraraq təsdiq etdikdən sonra onların sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesi elektron qaydada həyata keçiriləcək.
Bildirilib ki, bütün bunlarla yanaşı, yaxın gələcəkdə sığorta-pensiya sistemində nəzərdə tutulan digər elektron xidmətlərin tətbiqi üçün də müvafiq tədbirlər həyata keçirilir.
Culfa rayonunda sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi ilə bağlı görülən işlər barədə fondun Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə tədbir iştirakçılarına məlumat verib.
Sonda elektron xidmətlərin tətbiqi ilə əlaqədar slayd nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR