22 Dekabr 2024, Bazar

Ağ zirinc. Respublikamızın bölgələrində qırmızı, sarı və qonur rəngə çalan zirincin növlərinə rast gəlmək mümkündür. Ancaq Naxçıvan torpağında bu qiymətli dərman bitkisinin süd kimi ağ növünə də rast gəlinmişdir ki, bu növ Şahbuz dağlarında da bitir. Bir dəfə 90 yaşlı Zərif nənə içərisində ağ zirinc olan küftə bişirmişdi. Heyrətləndim. Dedi ki, ətin rəngi onsuz da küftədə boğunuq olur, gərək zəfəran, sarıkök, çağalağul da əlavə edəsən. Qırmızı zirincdən fərqli olaraq, ağ zirinc küftənin rəngini açır, dadı, tamı qırmızı zirincdən də yaxşı olur.
Elmi təbabətdə zirincin yarpağı, meyvəsi, hətta cavan köklərindən hazırlanmış dərman öd yolu, qaraciyər, böyrəkdaşı xəstəliklərində, daxili qanaxmalarda, qanazlığı, qan təzyiqi, sinqa, raxit xəstəliklərində işlədilir. İstər ağ, istərsə də qırmızı zirinci yığarkən təbiətin bu nadir töhfəsinə xəsarət yetirmədən səliqə ilə yığmaq lazımdır. Unutmaq olmaz ki, təbii halda bitən zirincin sındırılan budaqlarının bərpası 5-10 il çəkir.
Qara istiotun vətəni Hindistan olsa da, yayıla-yayıla Naxçıvan torpağına da gəlmişdir. Şahbuzun Külüs kəndində illər əvvəl 12 hektarda fərdi bağ salmış Hacı Müslüm babanın bağında bitən qara istiot kolunu indi də becərənlər vardır. Şahbuzkənddə Tarverdi babadan hədiyyə aldığım kiçik bir fidan indi ildə 1 kiloqramdan çox qara istiot gətirən ağaca çevrilmişdir. Qara istiot ən sərt şaxtalara asanlıqla tab gətirir. Meyvələri xırda, yumru, yetişdikcə qaralan, qiymətli ədviyyatdır. Ətirli iyi vardır. Həvəngdəstədə döyülüb toz halına salınaraq mətbəxdə və yeyinti sənayesində işlədilir. Həzmi yaxşılaşdırmaq xüsusiyyətinə malikdir.

Üvəz. Yerli əhalinin “əppəkli” kimi tanıdığı bu bitkiyə “quşarmudu” da deyilir. Muxtar respublikamızın dağlıq yerlərindəki meşə və kolluqlarda yayılsa da, ehtiyatı azdır. Üvəzin tam yetişmiş meyvələri kənardan budaqlarda nisbətən xırda gilas sırğalarını xatırladır. Kom-kom olur. Maraqlıdır ki, çörəyin qıt olduğu illərdə, payızda yetişən turşməzə, bir az da şirinə çalan meyvələrindən bir cib yığılıb yeyiləndə, ata-babalarımız demişkən, elə bil iki lavaş yemisən. Buna görə çölçülükdə çörəyi əvəz edən bu bitkiyə “əppəkli” adı da verilib. Dağ kəndlərində çox gözəl və dadlı mürəbbə də hazırlanan üvəzin meyvəsindən mədə-bağırsaq, tənəffüs yolları xəstəliklərinin müalicəsində də istifadə olunur.
Mərmərik xırda kol bitkisidir. Yetkin meyvələri budağa bitişik halda kiçik gilənarı xatırladır. Mərmərik meyvələri turşməzə, susuzluğu yatıran giləmeyvədir. Böyrək yollarının iltihabı və duz qırıntıları ağrılarında şəfalı bitki kimi istifadə edilir.
Sumaq, əsasən, Ordubad dağlarında yayılmışdır. Daşlı, bir qədər də nəm olan yamaclarda kök sistemi dərinə işlədiyindən torpaq eroziyası və aşınmasının təbii şəkildə qarşısını alan nadir bitkilərdən hesab olunur. Yetkin, turşməzə meyvələri qurudulub üyüdülərək milli xörəklərdə (piti, kabab) qan təzyiqini qabaqlayıcı ədviyyat kimi istifadə olunur. İştahartırıcı xüsusiyyətə malikdir. Meyvələri oktyabrda kiçik süpürgəcik şəklində yetişir. “Qırmızı kitab”a salınaraq mühafizə olunur.
Danaayağı el arasında “kəcəb” də adlanır. Yağlı bitkidir. Muxtar respublikamızda ən çox Şahbuz rayonundakı “Qala güneyi” adlanan yerdə bitir. Təzə dəriləndə yarpaqlarında acılıq çox olur. Bəlkə, buna görə də ona “ilan ağusu”, “ilan kölgəsi” də deyilir. Gövdəsinin hündürlüyü 40-50 santimetrdir. Ovalvari yarpaqları və ortadan nizə kimi çıxan toxumluq gövdəsi olur. Tirimli yerlərdə vən kolları dibində bitir. Sanki ana təbiət bu bitkini kollar vasitəsilə qoruyur. Aşağı və Yuxarı Qışlaq, Kolanı, Qızıl Qışlaq və Ayrınc kəndlərində yerli əhali kəcəbi may ayında yığaraq onun yarpaqlarını saç kimi hörüb kölgədə qurudub qış tədarükü edir. Bişirilməsi əvəlikdə olduğu kimidir. Fərqi ondadır ki, kəcəbi qaynadanda suyunu atmırlar, mədə-bağırsaq xəstə­liklərində çaytikanı yağı kimi müalicəvi təsirə malikdir, qaşıqla içilir. Qaynadılmış kəcəbi sıxıb sarımsaqlı qatıqla yemək faydalıdır. Qış fəslinin yeməyi olan unlu-umaclı aşa qatqı kimi əlavə edilir.
Zirənin əsl vətəni Culfa rayonu ərazisindəki Ləkətağ dağlarıdır. Misilsiz ətrə malik dəmləməsi olur. Həzm prosesində köpə qarşı ən nadir təbiət töhfəsidir. İlin rütubətinə görə boyu 20-60 santimetr hündürlüyündə olan çətirçiçəkli bitkidir. Təbiət həvəskarları onun toxumu yetişəndə çətirdən necə çırtlayıb kənara düşdüyünü də müşahidə edirlər. Zirədən ədviyyat kimi istifadə olunur.
Motmotu. Ordubad dağlarında təbii halda bitən, son 25-30 ildə həvəskar bağbanlar tərəfindən həyətyanı sahələrdə də becərilən sarıçiçəkli, yarımkol bitkisi olan bu giləmeyvəyə nədənsə “rus alçası”, “firəng üzümü” adlarının da verilməsi təəccüb doğurur. Təbiət həvəskarı kimi becərdiyim bu bitkinin qaralan qarağata oxşar meyvələri getdikcə zəngin tərkibə malik olur. Dekabr şaxtalarında çöl armudu kimi dözüm göstərir. Bioloq alimlərimizin tədqiqatlarına görə, qiymətli dərman bitkisidir. Mürəbbə və kompotu olduqca qidalıdır, xüsusən ürək-damar xəstəliklərinin müalicəsində son dərəcə əhəmiyyətlidir. Muxtar respublikamızda zoğaldan sonra, martın axırlarında ətirli çiçək açan ikinci bitkidir. Arı pətəkləri işə qoyulan kimi arılar bu ətirli çiçəklərdən nektar çəkirlər. Motmotu çiçəkləyib, deməli, yaz gəlib.
Çaytikanı. Mədə-bağırsaq xəstə­liyinin ən qiymətli məlhəmi sayılan çaytikanı yağının 50 qramlıq flakonu sovet dönəminin 50 rubluna da tapılmırdı. Altay vilayətinin Biysk şəhərindəki biofabrikdə istehsal olunurdu. Sən demə, Naxçıvan torpağında da çaytikanı bitərmiş. Akademik Həsən Əliyev adına Araz Elm-İstehsalat Birliyi yaxın illərdə Pircüvar düzündə 5 hektaradək sahədə çaytikanı giləmeyvə bağını bara salmışdır. Meyvələri sarı-narıncı rəngə çalır. Ok­tyabrda çaytikanının əsl yığım mövsümüdür. AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda indi elə məlhəmlər hazırlanır ki, daha xarici ölkələrə üz tutmağa gərək yoxdur. Çaytikanının “ata” və “ana” növləri vardır. Yalnız bir-birlərini tozlandırmaqla bar verir. Biri çatışmadıqda bar vermir. Çaytikanı meyvələrinin tərkibində A, C, B vitaminləri ilə yanaşı, son dövrlərdə aşkar olunan “E” vitamini də, alma, limon turşuları, karotinoidlər olduğundan ondan alınan cövhər və məlhəmlər daxili yaraların, səthi yanıqların, hətta şüalanmadan xəstələnənlərin müalicəsində uğurla istifadə olunur. Mədə yaralarında və xoralarında yarasağaldıcı xüsusiyyətə malikdir. Varlığa nə darlıq? Çaytikanı bolluğu bazarlara da çıxmışdır. Yetkin meyvələri yuyulur, suyu çəkiləndən sonra bərnilərə yığılıb zövqə görə üzərinə qənd şərbəti əlavə edilərək 20-30 dəqiqə odda sterilizə edilərək kompotu hazırlanır. Hətta sıxılan şirəsini sterilizə edərək püre və jelesini hazırlayanlar da vardır. Jele hazırlayanda 1 kiloqram şirəyə 600 qram şəkər tozu qatılıb qaynadılaraq bişirilir, soyudulub quru bərnilərə yığılaraq ağzı kip bağlanır.

Qaşdar ƏLİYEV
aqronom-fenoloq

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR