Sədərək rayonunda bu vacib məsələyə xüsusi diqqət göstərilir
Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafının təmin olunması abadlıq-quruculuq işlərinin də xeyli sürətlənməsinə imkan yaradıb. İndi diyarımızın elə bir bölgəsi yoxdur ki, orada genişmiqyaslı abadlıq-quruculuq işləri və yaşıllaşdırma tədbirləri həyata keçirilməsin. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarımızın siması günbəgün dəyişir, gözəlləşir.
Əlbəttə ki, yaşıllıq zolaqları salınmadan, ağac əkilmədən ekoloji mühitin qorunmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkə Prezidenti cənab İlham Əliyev bu vacib məsələyə toxunmuş, ölkənin hər yerində ağac əkilməsini, yaşıllıqların salınmasını tövsiyə etmişdir.
Sərhəd bölgəsi Sədərək rayonunda da yeni yaşıllıqların salınmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ekoloji tədbirlərin gücləndirilməsi, yaşıllıqların salınması ilə bağlı tapşırıqlarının icrası məqsədilə Sədərək Rayon İcra Hakimiyyətində tədbirlər planı işlənib hazırlanıb.
Xatırladaq ki, 2014-cü ilin payız mövsümünü əhatə edən həmin tədbirlər planında rayonun qəsəbə və kəndlərində, ümumilikdə, 4990 ağacın əkilməsi nəzərdə tutulub. Artıq noyabrın 8-dən bu vacib kampaniyaya start verilib.
Ağacəkmə kampaniyasında rayonun bütün idarə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, özəl bölmələrin nümayəndələri ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Bu da təsadüfi deyil. Rayonda abadlıq-quruculuq işləri sahəsində həyata keçirilən tədbirləri sakinlər minnətdarlıqla qarşılayırlar. Bunun nəticəsidir ki, rayonda yaşından, peşəsindən asılı olmayaraq, hamı bu kampaniyaya həvəslə qoşulur.
Bölgədə keçirilən son şənbə iməciliyində də yeni yaşıllıq zolaqları, bağlar salındı. İməcilik iştirakçıları onlara həvalə olunmuş sahələrdə əkdikləri ağaclara sanki sığal çəkir, qulluq göstərirdilər.
Bu ayın əvvəlindən Heydərabad qəsəbəsi və Qaraağac kəndinin hərəsinin 1,5 hektar, Sədərək kəndinin isə 0,5 hektar sahəsi kol-kosdan təmizlənib, şumlanıb, bütövlükdə, 3,5 hektar sahədə yeni meyvə bağı salınmasına başlanılıb. Həmin ərazilərdə böyük qələbəlik var idi.
Min nəfərdən çox sakinin iştirak etdiyi iməcilikdə, 4 minə yaxın yeni meyvə ağacı – ərik, alça, göycə və alma tingləri əkilib.
Bu ilin yazında isə 15 hektar sahədə meşəsalma və 2,5 hektar sahədə bərpa işləri aparılıb. Həmin sahələrə 8030 ağac əkilib ki, bunun da 7870 ədədi meyvə tingi olub. Park və xiyabanlara isə 160 ədəd həmişəyaşıl ağac, 250 ədəd gül kolu əkilib.
... Yaşıllıq təmizlik, sağlam həyat deməkdir. Yeni əkilmiş ağaclara, yaşıllıq zolaqlarına xüsusi qulluq və qayğı göstərmək isə nəcib iş, savab əməllərdən sayılır. Çünki bu gün əkilən hər bir ağac boy ataraq, son nəticədə, sağlamlığımızın, istirahətimizin təminatına çevrilir.
Cəfər ƏLİYEV