Şərur rayon mərkəzindən kilometrlərlə uzaqda bir sərhəd kəndi var. O kəndin mərkəzində bir-birinə sığınan evlərdən biri ilk anda diqqəti cəlb edir. Yaşı 70-i haqlamış bir nənə yaşayır bu mənzildə. Yazımın qəhrəmanı elə həmin nənədir – Quba Abbasova. Onunla görüşmək, bu ahıl qadını oxucularımızla daha yaxından tanış etmək istəməyimiz təsadüfi deyil. Çünki muxtar respublika rəhbərinin göstərişi ilə Quba nənə üçün fərdi yaşayış evi tikilərək ötən ay onun istifadəsinə verilib...
Gedəcəyimiz ünvana çatmazdan əvvəl məni rahat buraxmayan fikirlərlə baş-başa idim. Düşünürdüm ki, insan ömrü çox qəribədir. Gənc yaşlarında nə qədər tək olsan belə, onun fərqinə varmırsan. Gözünü yumub açırsan ki, ömürdən illər su kimi axıb gedib. Onu da deyim ki, taleyə, qismətə inanan adam olmamışam. Fikrimcə, insan taleyini özü yaradır, alın yazısını özü yazır, taleyini və alın yazısını özü yaşayır. Bəs yaşlaşıb tənha qalmağa, ahıl çağında tək yaşamağa məcbur olan insanlar necə? Burada bir az fikirləşməli olursan. İnsan özü istəmədən bəzən həyat onu tənhalığa sürükləyir, bu ömrü yaşamağa vadar edir. Ara-sıra onu görməyə, hal-əhval tutmağa gələnləri çıxsaq, yeknəsəq bir həyat tərzini təsəvvür etmək çətin deyil.
Bu gün muxtar respublikamızda belə insanlar çox azdır. Onların bir təsəllisi var. Bilirlər ki, dövlətimiz arxalarında dayanıb. Doğmalarının bu qəbildən olan insanlara etmədiklərini, göstərmədikləri qayğını dövlətimiz göstərir, onların problemlərinin həllini diqqətdə saxlayır. Quba nənə onlardan biridir.
Budur, Quba Abbasovanın evinin qarşısındayıq. Təmiz həyət-bacası, səliqəli bağ-bağçası ilk baxışda belə qənaət yaradır ki, burada böyük bir ailə yaşayır. Ancaq evin qapısını döyəndə gəldiyim qənaətin yanlış olduğunu anlayıram. Qapıya xüsusi geyimli bir qadın çıxır. Öyrənirəm ki, bu, Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial xidmətlər sektorunun əməkdaşıdır.
– Buyurun, kim lazımdır? – deyə soruşur. “Quba Abbasova”, – deyib qeyri-ixtiyari açıq qapıdan içəri boylanıram. Quba nənə yaylığının ucunu tez düyünləyib ağır addımlarla qapıya tərəf gəlir, bizə “xoşgəldin” eləyir. Mətbuatdan gəldiyimizi bilən Quba nənə sevinir:
– Ay qızım, ürəyimdə deyiləcək sözlərim çoxdur. Nə yaxşı gəldiniz. Öz eviniz kimi ürəyiniz harada istəyir, əyləşin.
Quba nənəyə çox sual verməyə çəkinirəm. Kövrək insan olduğunu hiss edirəm. Dəqiqələrcə bu insana baxıram. Oxucuların nəzərinə çatdırım ki, onlarla insandan müsahibə götürmüşəm, müxtəlif suallarla onlara müraciət etmişəm. Bu gün ilk dəfə idi ki, müsahibimə sual verməkdə çətinlik çəkirdim. Hardan başlayım, necə başlayım? İllərin acılı-şirinli günlərinin dərin iz buraxdığı simasına, əllərindəki dağ cığırlarına bənzəyən qırışlara gözüm dikilib qalır. İllər bu insana öz sözünü deyib. Quba Abbasova elə bil ki, ona vermək istədiyim sualları sözsüz başa düşür.
Öyrənirəm ki, Quba nənə 1932-ci ildə Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1964-cü ildə Axura kəndinə gəlin köçüb. İki qız övladı dünyaya gətirib. Bir müddət sonra həyat yoldaşı dünyasını dəyişib. Quba nənənin övladlarından umacağı yoxdur. Hərəsi bir evdə, bir ocaqdadır. Mütəmadi olaraq Quba nənəyə baş çəkirlər. Onun dediklərindən:
– Ürəyim sözlə doludur. Hər kəs istər ki, yaxşı evdə yaşasın. Əvvəllər evim yaşayış üçün o qədər də yaxşı deyildi. Bütün çətinliklərə baxmayaraq, bu evdə yaşayırdım. Qızlarım dəfələrlə məni yanlarına aparmaq istəyiblər. Amma mən bu evə alışdığım üçün düşünürdüm ki, elə buradan da son mənzilə gedəcəyəm. Bir gün gəlib dedilər ki, Quba nənə, evin yenidən tikiləcək. İnanın ki, inanmağım gəlmədi. Uşaq kimi sevinirdim. Yaşlı bir insan üçün bundan böyük sevinc ola bilərdimi? Balaca nəvələrimi qürurla bu evdə qarşılayacağam. Mən qəzet vasitəsilə dövlətimizə minnətdarlığımı bildirirəm. Quba nənə əlavə edir:
– Həyətimdə səliqə-sahmanı gördünüz. Mən tək öz gücümə belə səliqə yarada bilərəmmi? Sağ olsun, dövlətimizi. Mənə hər cür qayğı göstərirlər. Tez-tez evimə gəlirlər, sovqat gətirirlər, səhhətimlə maraqlanırlar, həyət-baca işlərində əlimdən tuturlar, dərmanımı alırlar, məni darıxmağa qoymurlar…
Quba nənəylə söhbətimi yekunlaşdırıram. Elə qapıdan ayrılanda bir ixtiyar qoca bizə yaxınlaşır. Öyrənirik ki, 83 yaşlı Vəli baba da bu kəndin sakinidir. Quba Abbasova üçün tikilmiş ev bütün axuralıların sevincinə səbəb olub. Bunun üçün dövlətimizə minnətdarlığını bildirdi.
Sara ƏZİMOVA