Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şərait, göstərilən dövlət qayğısından kollektivimiz də bəhrələnib. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən müəssisəmizin daha münasib yerə köçürülməsi üçün 2010-cu ilin yanvar ayında Sahibkarlığa Kömək Fondundan 560 min manat güzəştli kredit ayrılıb.
Layihəyə uyğun olaraq, Naxçıvan şəhərində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeni bina inşa edilib. Müəssisəmizdə keyfiyyətli istehsal üçün Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. Burada kostyum istehsalı sahəsi fəaliyyətə başlayanadək bu məhsullara olan tələbatın çox hissəsi idxal hesabına ödənilirdisə, gündəlik istehsal gücü 100 dəst kostyum olan yeni istehsal sahəsinin fəaliyyətə başlaması ilə həmin məhsullara olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilib.
Sifariş verilən xüsusi geyim formalarının kompleks şəkildə müəssisədə istehsal edilməsi məqsədilə yeni – köynək istehsalı sahəsi yaradılıb. Bu məqsədlə biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunub. Layihənin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan 165 min manat güzəştli kredit ayrılıb. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi 39 ünvanında yerləşən binada yeni istehsal sahəsi yaratmaq üçün təmir-bərpa və yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq, ümumi sahəsi 654 kvadratmetr olan binada istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, iaşə xidməti göstərilməsi üçün yeməkxana və inzibati heyət üçün ayrı-ayrı iş otaqları yaradılıb. Türkiyənin “Talay makina” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, köynək istehsalı sahəsində Yaponiya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal gücü gündə 1000 ədəd köynək olan yeni istehsal sahəsinin işə düşməsi ilə daxili bazarın tələbatının tamamilə ödənəcəyi qənaətindəyik.
Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şəraitə, göstərilən qayğıya görə dövlətimizə minnətdarıq.
Mehrəngiz ƏKBƏROVA
“Zümrüd” Kiçik Müəssisəsinin icraçı direktoru