Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Yeni xəstəxana binaları tikilir, səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz olunur. Mən də xroniki böyrək çatışmazlığından uzun illərdir, əziyyət çəkirdim. Əvvəllər muxtar respublikamızda hemodializ aparatlarının məhdudluğu üzündən paytaxt şəhərimiz Bakıya, qonşu xarici ölkələrə gedirdim. Və bunun üçün xeyli vəsait lazım idi. 79 yaşım var və yaşlılıq imkan vermir ki, çox yol gedəm.
Artıq o əziyyətli günlərim arxada qalıb. Rayonumuzda müasir xəstəxana tikilib. O zaman xəstəxana inşa olunanda, ilk olaraq, bu aparatın olub-olmaması ilə maraqlandım. Eşidəndə ki, belə bir aparat rayonumuzda da olacaq, çox sevindim. İndi, şükür, həm ailəmin yanındayam, həm də rayon xəstəxanasında həkim tərəfindən təyin olunmuş proqrama uyğun həftədə iki və ya üç dəfə 4 saat olmaqla hemodializ xidmətindən yararlanıram. Onu da xüsusilə qeyd etməliyəm ki, pulsuz dərman preparatları ilə tam təmin olunuruq. İndi özümü tam normal hiss edirəm.
Mən qəzet vasitəsilə ailəm ilə birlikdə dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Sevincimi ifadə etməyə sözümün gücü çatmır. Sanki yenidən həyata dönmüşəm. Bütün bunlar muxtar respublika sakinlərinin sağlamlığına böyük diqqət yetirilməsinin ifadəsidir.
Arif NAĞIYEV
Culfa rayon sakini