Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlar bu gün davamlı dövlət qayğısı əhatəsindədirlər. Bu il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi bizim də ürəyimizcə oldu. On altı yaşında olan məhdud fiziki imkanlı övladım Mayisənin də həmin mərkəzdə təhsilə cəlb edilməsi ailəmizi sevindirdi. Qısa müddət ərzində qızım hərfləri öyrənməyə başladı. Hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 1230-dan 1430-dək qızımın kompüter arxasında oturaraq həvəslə çalışmasına, Nuranə müəllimənin səbirlə, təmkinlə qızıma və qızım kimi digər uşaqlara dərs keçməsinə bir valideyn kimi necə sevinməyim?
Kəngərli rayonunun Qıvraq qəsəbəsində oturub Naxçıvan şəhəri ilə əlaqə saxlayaraq bilik öyrənmək üçün yaradılmış bu tədris sistemi muxtar respublikada inkişaf və tərəqqinin daha bir ifadəsi, insan amilinə qayğının bariz təcəssümüdür.
Onu da deyim ki, qızımın Latviya Respublikasına pulsuz müalicəyə göndərilməsi də bu qəbildən olan uşaqların daim dövlətin nəzarətində olmasının göstəricisidir.
Bu gün ailəmiz o qədər sevinir ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bizim də ümidlərimiz, arzularımız çin olur. Sevinirik ki, övladımız təhsil alır. Bir valideyn kimi ailə üzvlərimiz adından yaradılan şəraitə, göstərilən qayğıya görə muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm.
Təyyar SEYİDOV
Kəngərli rayonu,
Qıvraq qəsəbə sakini