Naxçıvan Muxtar Respublikasında ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi məqsədilə həyata keçirilən iməciliklər mütəşəkkilliklə davam etdirilir. Belə tədbirlərin nəticəsidir ki, son illərdə diyarımızda yaşıllıq sahələrinin həcmi bir neçə dəfə artıb, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb.
Noyabrın 22-də keçirilən iməciliklərdə mövcud yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, yeni ərazilərdə belə sahələr genişləndirilib.
Naxçıvan şəhərinin sakinləri tərəfindən Uzunoba Su Anbarının aşağı hissəsindəki 1,5 hektarlıq ərazidə 100 ədəd meyvə, 915 ədəd meşə ağacı əkilib və əkilən sahələr suvarılıb. Müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda Naxçıvan-Sədərək magistral yolunun Yuxarı Daşarx, Mahmudkənd və Cəlilkənd hissəsində 500 ədəd meyvə, 1500 ədəd meşə ağacı əkilib.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Naxçıvan-Şahbuz avtomobil yolunun kənarındakı 8 hektarlıq ərazidə 200 ədəd meşə, 610 ədəd meyvə, Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında isə 500 ədəd meyvə ağacı əkilib.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilib, Naxçıvan-Ordubad magistral yolunun “Qapıcıq” adlanan ərazisində 250 ədəd, Dəstə kəndi ərazisində 150 ədəd, Əylis düzündə 400 ədəd, Qazi massivində 200 ədəd meyvə ağacı, kənd ərazilərində 700 ədəd meyvə və 500 ədəd meşə, rayon Suvarma Sistemləri İdarəsinin ərazisində 25 ədəd həmişəyaşıl ağac və 120 ədəd gül kolu əkilib.
Culfa rayonunun kəndlərində 2900 ədəd meşə və 1200 ədəd meyvə ağacı, Culfa şəhərinin ərazisində və Bənəniyar kəndində yeni tikilmiş sosial obyektlərin ətrafında 130 ədəd həmişəyaşıl ağac və 574 ədəd gül kolu, Culfa şəhərində 270 ədəd meyvə ağacı əkilib.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Qarabağlar kəndinə gedən yolun kənarlarında 2 min ədəd meyvə ağacı əkilib.
Şahbuz şəhərində 1,1 hektarlıq yeni salınmış bağda 500 ədəd meyvə ağacı və 300 ədəd həmişəyaşıl ağac, Naxçıvan-Batabat magistral yolunun kənarlarında və Gömür kəndi ərazisində 1200 ədəd meyvə ağacı, 1300 ədəd həmişəyaşıl ağac əkilib.
Sədərək rayonunda da iməciliklərdə fəallıq müşahidə olunub. Naxçıvan-Sədərək magistral yolunun kənarlarında 800 ədəd meşə ağacı, Heydərabad qəsəbəsindəki park və xiyabanlarda 600 ədəd gül kolu və 90 ədəd həmişəyaşıl ağac əkilib.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik-abadlıq işləri aparılıb.
Xəbərlər şöbəsi