22 Dekabr 2024, Bazar

“Çətin günün ömrü az olar” deyib ata-babalarımız

Kamilin Zeyvə kəndinin üstündəki “Dematlar”da əkdiyi buğda sahəsi dən tutar-tutmaz susuzluqdan saralırdı. Döymədiyi qapı, şikayət etmədiyi təşkilat qalmamışdı, hər yerdə də eyni cavabı alırdı: “Elektrik enerjisi çatmadığına görə su nasosları normal işləyə bilmir. Özünü çox yorma…”
Qurumuş kanala, ondan ayrılan arxlara, saralan zəmiyə bir də nəzər yetirdi, baxdıqca az qala ürəyinin yağı əriyirdi. Başına hava gəlmiş adamlar kimi öz-özünə danışır, gileylənirdi: “Belə də iş olar, əkirik, becəririk, hasilə gələn vaxt gözümüzün qabağında məhsul zay olur. Yayın bu cırhacırında nasosu iki-üç saatdan bir vururlar. Su zəminin başına çatmamış işıqlar sönür. Görünür, mövsümün sonunda yenə də əliboş qalacağıq”.
Bu düşüncələrlə bir də baxıb gördü ki, həyətə çatıb. Adəti üzrə yüngülcə öskürdü, həyat yoldaşının səsi həyətin aşağı tərəfindən gəldi:
– Gəlirəm.
Kamil soruşdu:
– Oralarda nə itirmisən, tapa bilmirsən?

Arvadın cavabı ərinin dərd dolu yükünü bir az da ağırlaşdırdı:
– Olub-qalan odunumuz da bu gün qurtardı, yemək təzəcə bişməyə başlayırdı ki, ocaq söndü. Dedim, bir-iki çır-çırpı tapıb alışdırım ki, axşama kimi xörək, çay hazır olsun.
– Gərək uşağı göndərəydin qonşudan da soruşaydı, o gün ərik ağacını kəsirdilər.
– Uşaq evdə nə gəzir, 2-3 saat bundan əvvəl araba ilə getdi ki, hamamın yanındakı arteziandan su gətirsin, hələ də gəlməyib. Yəqin, işığın yanmasını gözləyir?
Kamil astadan deyindi:
– Qaz yox, işıq yox, su yox… Belə də yaşayış olar?
Sonra arvadının da bərk narahatlıq keçirdiyini görüb ona təskinlik verməyə çalışdı:
– “Elnən gələn qara gün toy-bayramdı”, bir də “Çətin günün ömrü az olar” deyib ata-babalarımız. İllərin, əsrlərin sınağından çıxmış misallardı bunlar. İnşallah, vaxt yetişər, hər iş qaydasına düşər.
Onda müstəqilliyini yenicə əldə etmiş respublikamızın hələ tam bərkiməmiş qoşa qanadından biri sayılan Naxçıvanda vəziyyət belə idi. Elektrik enerjisi, qaz kəsildiyindən camaat xörək, çay hazırlamaq, qışda mənzilləri qızdırmaq üçün hətta köklü meyvə ağaclarına belə qıyırdı. Ulu öndər Heydər Əliyev Naxçıvanın həmin dövrdəki ağır vəziyyətini qısaca belə xarakterizə edirdi: “Naxçıvanda qışda şaxta 40 dərəcəyə qalxırdı. Ağır illər idi, çətin dövr idi. Su, elektrik enerjisi çatışmırdı, qaz, istilik yox idi, ərzaq sarıdan çətinlik çəkirdik. Xatirinizdədir, mən sizə dəfələrlə dedim, bərabər yaşayacağıq. Əgər ac qalsaq da, hamımız bir yerdə ac qalacağıq. Ancaq nə qədər çətin olsa da, donmadıq, ac da qalmadıq. Şaxta olsa da, yaşadıq, bu çətin dövrdən çıxdıq…”
Onda infrastrukturlar blokadanın məngənəsində “boğulduğundan” sənaye və kənd təsərrüfatı, demək olar ki, tam iflic vəziyyətə düşmüşdü. Ümidi hər yerdən üzülmüş camaatın əli işdən soyumuşdu, kim nə etdiyini, sabah nə işlə məşğul olacağını planlaşdıra bilmirdi. Dəyişilməkdə olan ictimai-siyasi quruluşun – bazar iqtisadiyyatına keçidin mahiyyətindən də çoxları bixəbər idi. Üzüm və meyvə bağlarına vurulan baltalar, nəzarətsiz, sahibsiz qalan maşın-traktor parklarındakı texnikaların, nasos stansiyalarındakı qiymətli aqreqatların sökülüb hissə-hissə daşınması, çoxları kimi, Kamili də bərk narahat edirdi, heç dincliyi yox idi, bilmirdi ki, neyləsin.
Belə idi muxtar respublikamızın həmin illərdəki mənzərəsi. Dağları qədər əyilməz, dözümlü və möhkəm iradəli insanlarının, ən əsası isə bu insanların inandığı, etibar etdiyi siyasət nəhənginin düşünülmüş planları, qəbul etdiyi pro­qramlar, həyata keçirdiyi ciddi kadr islahatları sayəsində Naxçıvan və naxçıvanlılar, nəhayət ki, bütün çətinliklərdən uğurla çıxa bildi.
Və doxsanıncı illərin ortalarından sonra muxtar respublikamızın hər yerində açıq-aşkar görünürdü ki, zamanın axarı öz səmtini müsbətə doğru sürətlə dəyişir. Heç də təsadüfi deyil ki, 1995-ci il muxtar respublikamızda intibahın başlanğıc tarixi kimi dəyərləndirilir. Hər ayı, hər ili uğurlu nəticələrlə yaddaşlara köçən bu zaman axarının ilk günlərindən hərarətli Günəş donmuş həyatı yenidən isitdi, bol sulu çaylarımız, bu çaylardan qidalanan kanallar, arxlar tarlaları cana gətirdi. Əli iş tutanların çoxunun məşğul olduğu aqrar sektorun, sənayenin inkişafı və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə sürətli islahatların həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım mexanizmlərinin formalaşması layihələrinin icrası çərçivəsində görülən işlər gün keçdikcə öz bəhrələrini verməyə başladı.

“Dematlar”ı suvarma suyu ilə təmin edən nasos stansiyasının bərpası, hamı kimi, Kamili də çox sevindirdi

Planlı şəkildə həyata keçirilən tədbirlər kəndlini yenidən torpağa bağladı, məlum səbəblərdən bir neçə il baxımsız qalmış torpağa dövlət qayğısı ilə yeni həyat verildi. Bu qayğının bir hissəsi kimi Zeyvə kəndinin üstündəki “Dematlar”ı suvarma suyu ilə təmin edən nasos stansiyasının bərpası və “Zeyvə-2” nasos stansiyasının tikintisi, hamı kimi, Kamili də sevindirdi. Hazırda bu nasos stansiyalarının altındakı 300 hektardan artıq torpaq sahəsindən Zeyvə-düdəngəlilər hər il xeyli gəlir götürürlər. Bu da həm kəndlinin ailə büdcəsinə, həm də ölkə iqtisadiyyatına xeyli mənfəət gətirir.
İslahatlar zamanı Kamil İsmayılovun ailəsinə 2,5 hektar torpaq payı düşmüşdü. Nasoslar işə salınandan sonra ailə üzvləri əl-ələ verib bu sahələrdə müxtəlif kənd təsərrüfatı bitkiləri əkdilər və yaxşıca qazanc götürdülər. Gördükləri işin səmərəsini hiss etdikdən sonra Kamil “Dematlar”dan əlavə torpaqlar da icarəyə götürüb əkməyə başladı, ilbəil əkin sahələrini genişləndirərək 50 hektara çatdırdı. Qeyd edək ki, bir vaxtlar boş qalmış bu sahələrə nasos stansiyaları vasitəsilə artıq istənilən vaxt su çıxarıla bilir. Ona görə də “Dematlar”da, demək olar ki, əkilməyən torpaq qalmayıb.
“Amil-Famil qardaşları” kəndli-fermer təsərrüfatının rəhbəri Kamil İsmayılovla söhbətimiz taxıl əkini sahəsinin kənarında oldu. Öyrəndik ki, o, 1976-cı ildən təsərrüfatla məşğuldur. Qırx ilə yaxın müddətdə qazandığı təcrübə bu gün də “əlindən tutur”. Deyir ki, şumdan tutmuş əkinə, becərməyə, məhsulun toplanmasına qədər bütün aqrotexniki tədbirlər vaxtında, tələb olunan qaydada yerinə yetirildiyinə görə kollektivin zəhməti hədər getmir.

“Şəhərdən nəyimiz kəsirdir axı…”

Kamil axşamçağı Zeyvədəki xidmət mərkəzinə gəldi. Ərzaq mağazasının satıcısından sabah üçün lazım olan meyvə-tərəvəzlərin sifarişlərini öyrənib dəftərçəsinə qeyd elədi. Yaraşıqlı, ikimərtəbəli kənd mərkəzinin qarşısındakı gülkarlıqda qoyulan oturacaqda əyləşən kənd ağsaqqalları İmran Aslanovla və Muxtar İsmayılovla salamlaşıb, hal-əhval tutdu. Yaşı səksəni adlamış İmran kişi yanında Kamilə yer göstərdi və əkin-biçindən söz saldı:
– Eşitmişəm, maşallah, işlərin yaxşı gedir. 15-20 il bundan əvvələ kimi “Dematlar” mal-heyvan otlağı olmuşdu. Hələ kolxoz dövründə burada 4-5 hektara toxum səpərdilər, ümid isə təkcə yağışa idi. Beləcə, məhsulun xərci borcunu ödəmirdi. İndi isə, sağ olsunlar səbəbkarlar, nasoslar genə-bola bəs edir.
Muxtar kişi deyilənlərə qüvvət verdi:
– Düz deyirsən, İmran, daha kəndlinin heç bir problemi qalmayıb, su, texnika, gübrə, məhsuldar toxumlar istənilən qədərdir.
Sonra əli ilə yaxınlıqdakı üçmərtəbəli məktəb binasına, ikimərtəbəli həkim ambulatoriyasına, bu binaların həyətlərindəki yaşıllıqlara, asfalt örtüklü geniş yola, yolun kənarlarında cərgələnmiş çinar ağaclarına işarə edərək söhbətinə davam etdi:
– İnanmaq olmur ki, Zeyvə qısa zamanda belə dəyişilib, elə bil ki, şəhərdir. Bir də şəhərdən nəyimiz kəsirdir axı? Qazımız bir dəqiqə kəsilmir, Arpaçayın üstündə tikilmiş elektrik stansiyalarından fasiləsiz işıq alırıq, hər evdə telefon var. Yaxşı oxuyan, təhsil alan uşaqlarımızın sayı ildən-ilə artır. Sakinlər özlərinə iki-üç mərtəbəli yaraşıqlı evlər tikdirir, həyətlərə artezian quyularından içməli su xətti çəkilib, səhərdən axşama kimi rayon mərkəzinə avtobuslar gedib-gəlir.
Kamil də gülümsəyərək söhbətə qoşuldu:
– Görürəm, maşallah, hamısından xəbərdarsınız, doğrudan da, son illər Zeyvədə çox işlər görülüb. Hələ bilmədikləriniz də var, artıq mərkəzləşmiş içməli su və kanalizasiya xəttinin də çəkilişinə başlanılıb, hər bir ev bu xətlərə qoşulacaq.
Sonra evə dönən Kamil bir vaxtlar məcburiyyət qarşısında qalıb kəsdiyi meyvə ağaclarının yerində təzədən sıralanan və artıq bara düşmüş ağaclara həvəslə tamaşa etdi. Krandan tökülüb xırdaca arxla burula-burula axan suya baxdı, uşaqlarının bir içim su üçün 2-3 kilometrlik yol qət edib hamamın yanındakı yeganə arteziana getdiyi günləri, burada saatlarla işığın yanmasını gözləmələrini yadına saldı. Bu günümüzə şükür etdi və əl-üzünü bumbuz suda yaxşıca yuduqdan sonra içəri keçdi.
Elə bu vaxt həyət qapısı açıldı, qonşu Cəfər idi.
Kamil, – Halal qismət üstünə gəlmisən, əyləş görək, – deyib qonşusuna yer göstərdi.
Süfrə ətrafında söz-sözü gətirdi, qonşular, nə qədər çətin olsa da, dünəni yadlarına saldılar və bugünkü xoş günlərdən, əmin-amanlıqdan, bolluqdan, bərəkətdən həvəslə danışdılar. Bu məqamda diqqətlərini televiziya diktorunun elan elədiyi yeni proqram çəkdi: “Muxtar respublika əsası 1995-ci ildən qoyulmuş sosial-iqtisadi inkişafın yeni mərhələsindədir…”

Beləcə, zamanın doxsanıncı illərinin ortalarından başlayan və hərtərəfli inkişafa, tərəqqiyə, yüksəlişə istiqamətlənmiş axarı muxtar respublikamızın bütün yaşayış məntəqələri kimi, Şərurun Zeyvə kəndini də ağuşuna alıb. İnsan amilinə, xalqın gün-güzəranının yaxşılaşmasına, abadlığa, quruculuğa, sənayenin, aqrar sahənin inkişafına aparan bu zaman axarı öz səmtini əvvəlcədən düzgün müəyyənləşdirilmiş Heydər Əliyev siyasətindən götürüb və bu siyasət bölgə sakinlərini daha işıqlı, daha nurlu günlərə doğru inamla aparır.

Elman MƏMMƏDOV

Məqalə “Muxtariyyətin intibahı: 1995-2014” müsabiqəsinə
təqdim olunmaq üçündür

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR