22 Dekabr 2024, Bazar

Son illər muxtar respublikamızda həyatın bütün sahələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər vergi orqanlarını da əhatə edib.
Məhz belə tədbirlər həmin qurumlara həvalə olunmuş vəzifələrin vaxtlı-vaxtında yerinə yetirilməsində, muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasında, nəzarət-kassa aparatlarından düzgün istifadə edilməsində, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar olunmasında, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsində, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlərdə əsaslı dönüş yaradılmasına stimul olub. Vergi ödəyicilərinin müntəzəm olaraq maarifləndirilməsi də bəhs edilən sahədə əhəmiyyətli rol oynayıb.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən aparılan operativ vergi nəzarəti tədbirləri də belə qənaətə gəlməyə əsas verir. Nazirliyin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyev söhbət zamanı bildirdi ki, 2014-cü ilin ötən 10 ayı ərzində bütün sahələr üzrə 106 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 28 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 34 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
“İlin ötən on ayı ərzində 2 vergi ödəyicisində 2 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 15 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 18 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olmaları, 3 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib”, – deyən şöbə rəisi onu da bildirdi ki, əlavə olaraq keçirilən nəzarət tədbirləri zamanı 6 şəxsin vergi orqanlarında uçotda durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmin şəxslərdən 4-nün fəaliyyəti şəxsi nəqliyyat vasitələrindən istifadə etməklə sərnişindaşıma xidməti, 2 şəxsin fəaliyyəti isə səyyar qaydada qanunsuz olaraq ticarət fəaliyyəti göstərmələri olub.
Aparılan operativ nəzarət işləri zamanı tərtib edilən 15370,00 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin büdcəyə tamamilə ödənilməsi təmin olunub.
Şöbə rəisinin sözlərinə görə, qeyd olunan dövr ərzində 64 obyektdə nəzarət-kassa aparatlarının quraşdırılması təmin edilib, vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 16 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 28381,4 manat dövriyyə artımına nail olunub. Bu da hər bir vergi ödəyicisinə məxsus hər bir obyekt üzrə orta hesabla 35,5 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsidir.
2014-cü ilin ötən 10 ayı ərzində bank orqanları tərəfindən ticarət, iaşə, xidmət və dövlət rüsumu alan idarə, müəssisə və təşkilatlarda quraşdırılmış 619 ədəd POS-terminalın vergi orqanlarında qeydiyyatdan keçirilməsi təmin edilib.
Sonda şöbə rəisi onu da bildirdi ki, qeyd olunan dövr ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırmalar mütəmadi olaraq davam etdirilib.
Operativ vergi nəzarəti, vergi ödəyiciləri və işəgötürənlər arasında maarifləndirmə tədbirləri davam etdirilir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR