Gömür kəndinə ilk dəfə idi, gedirdim deyə, avtomobilin pəncərəsindən ətrafı diqqətlə seyr edir, yol kənarlarını, uzaqdan boy göstərən dağları, göz işlədikcə uzanan payız mənzərəsini yaddaşıma köçürürdüm. İlin payız vədəsində kənd yerlərinin, həm də ucqar dağ kəndlərinin ayrı bir mənzərəsi olur.
Kəndə getməkdə əsas məqsədim burada yeni tikilən obyektlərlə tanış olmaq, müasirləşən daha bir kəndin timsalında muxtar respublikamızda gedən geniş abadlıq və quruculuq işlərindən yazı hazırlamaq idi.
Bunun üçün bir gün öncədən Gömür haqqında müxtəlif mənbələrə göz gəzdirmiş, kəndin adının etimologiyası ilə maraqlanmışdım. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edilir ki, 1590 və 1727-ci illərdə də bu ad olduğu kimi yazılmış və kənd əhalisi türklərdən ibarət olmuşdur. AMEA Naxçıvan Bölməsinin Onomastika şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Adil Bağırovun “Naxçıvanın oykonimləri” monoqrafiyasında “Gömür” adının açılışı isə belə verilir: “Bu ad qədim türk abidələrinin dilində işlənib və “dağ başında dar, yarğanlı, uçurumlu yer” mənasını bildirir”.
Şahbuz rayonunun inzibati ərazi dairəsinə aid olan Gömür kəndi rayon mərkəzindən 20 kilometr şərqdə, Zəngəzur silsiləsinin yamacında – dağların arasında yerləşir. Uzaqdan görünən hündür cəviz ağaclarının yaratdığı mənzərəni seyr edəndə düşünürsən ki, sanki dağ başında qaragül dərisindən papaq qoymuş yaşlı bir adam qayaya yaslanıb yorğunluğunu çıxarır.
Qonşu kənd Ağbulaqda bir neçə il öncə bütün kənd infrastrukturu yenilənib, müasir məktəb binası, kənd və xidmət mərkəzləri, istirahət mərkəzi, həkim ambulatoriyası tikilib, kənd yolu asfaltlanıb. Gömür kəndinin aşağısındakı Şəfa bulağının yanında dayanırıq.
Özünəməxsus dadı olan bulaqda əllərimi ovuclayıb bir qurtum su da içirəm. Naxçıvançayın sol qolu olan Gömür çayının sol sahilində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən bu yerdə 7 bulaq yerləşir. Bulaqlardan intensiv olaraq hidrogen-sulfid qarışığı ilə birlikdə karbon qazı da ayrılır. Hər zaman 15-20 dərəcə temperaturda olan bu bulaq qədim karst süxurlarını, kükürdlü süxurları yuyaraq hidrogen-sulfid ionları ilə zənginləşir. Dadı xoşagəlməz və ağızbüzücü xarakterlidir. Məhz buna görə də bir qurtumdan artıq içmək nadir hallarda mümkün olur. Tərkibi karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, kalsiumlu-natriumlu-maqneziumlu olduğundan müalicəvi əhəmiyyətə malikdir və bu sudan vannalar şəklində revmatizm və dəri xəstəliklərinin müalicəsində istifadə edirlər.
Kəndin girişindən mərkəzə doğru irəlilədikcə təbiət fırçası ilə boyanmış payız rənglərinə məftun olursan. Bu yaşayış yerinin insanları narın yağan yağışa əhəmiyyət vermədən həyət-bacasının iş-gücü ilə məşğul idilər. Kimisi xəzəli süpürür, kimisi arı ailələrini yağışdan qorumaq üçün tədbir görür, kimisi də “əsl ağacəkmə mövsümüdür” düşüncəsiylə yeni tinglər üçün çalalar qazırdı.
– Salam, ay nənə, xoş gördük. Nə gözəl kəndiniz var? – səsimizə tərəf boylanan yaşlı qadın kəlağayısını gözlərinin üstündən arxaya dartaraq təbəssümlə bizə baxır. Kəndi tərifləməyimizdənmi, yoxsa, illərin təcrübəsindənmi, bu kəndə ilk dəfə gəldiyimizə əmin bir səslə dillənir:
– Xoş gəlmisiniz, ay bala. Samovarım indicə coşub, gəlin bir çay için, kənd balı ilə ağzınızı şirin edin.
Bu qonaqpərvərlik üçün adını sonradan öyrəndiyimiz Xarac nənəyə minnətdarlıq edib yolumuza davam edirik.
Kəndin mərkəzində kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mənsur Orucovla görüşürük. Gömür haqqında ətraflı məlumat almaq istəyirik. Bu zaman narın yağış yerini leysana verir.
– Kəndimiz rayonun ən balaca kəndlərindən biridir. Cəmi 103 ev var. Ümumilikdə isə 156 təsərrüfatda 560 nəfər əhali yaşayır. Camaatın əsas məşğuliyyəti isə dağ yerinə uyğun olaraq, heyvandarlıq, maldarlıq və arıçılıqdır. Geniş əkin sahələrimiz olmasa da, həyətyanı sahələrdə əkilən Gömür kartofunun və tərəvəzinin adı dillər əzbəridir.
Bu yerdə söhbətimizə qoşulan kənd bələdiyyəsinin sədri Rövşən Əlipənahov bildirir ki, kənddə adıçəkilən sahələrin tarixi ənənəsi var. Bunun üçün kəndimizin geniş otlaq və örüş sahələri də yetərincədir. Bu da kənd adamlarına mal və davar sayını artırmağa imkan verir. Sevindirici haldır ki, bəzi ailələr öz gün-güzəranlarını bu sahələrin hesabına təmin edirlər. Məsələn, Baba Babayev maldarlıqla dolanır. 84 yaşlı bu ağsaqqalın övladları da ona kömək edir və 18 iribuynuzlu heyvan, 70 arı ailəsi saxlayır. Yaxşı da yağ-bal götürür. Bundan əlavə, Söhbət Babayev, Məmmədalı Ağamalıyev, Xudaverdi Xudaverdiyev öz keçimlərini, qazanclarını heyvandarlıq, maldarlıq, arıçılıqla təmin edirlər. Ümumiyyətlə, gömürlülərin təsərrüfatında 1300-ə yaxın iribuynuzlu, 6000-dən çox xırdabuynuzlu heyvan, yüzlərlə arı ailəsi saxlanılır ki, bu da kənd əhalisinin nəinki öz illik azuqəsini təmin edir, hətta bazara da çıxarılır. Nəticədə, bazar həm yerli məhsulla zənginləşir, həm ucuzluq və bolluq olur, həm də kəndli öz alın təriylə, əl əməyilə qazanc əldə edir.
Məktəbin tənəffüs zənginin səsiylə biz də koridora çıxıb bu darısqal siniflərdə dərs keçən müəllimlərlə həmsöhbət oluruq. Məktəbin direktoru Əbülfəz Novruzov bildirir ki, Gömür kənd tam orta məktəbində cəmi 46 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur. Müəllimlər öz işlərini məsuliyyətlə və sədaqətlə yerinə yetirirlər. Nəticə də göz qabağındadır. Ötən tədris ilinin yekunlarına əsasən, məzun olan iki şagirdin ikisi də ali məktəblərə qəbul olunub. Eyni hal ötən illərdə də təkrarlanıb. Yeni dərs ilində isə birinci sinfə 4 nəfər şagird qəbul edilib. Bu da ucqar dağ və sərhəd kəndində əhali sayının ilbəil artımı ilə əlaqədardır. Təsadüfi deyil ki, məhz bu əhali artımı və gələcək perspektiv nəzərə alınaraq kənd məktəbinin binası 144 şagird yerliyə çatdırılacaq.
Çöldəki yağış səngidiyindən və buludların arxasından utancaq uşaq kimi boylanan Günəş şüalarının qarşı dağlarda göyqurşağı əmələ gətirməsindən cuşa gələn şagirdlərlə birlikdə biz də həyətə çıxırıq. Müəllimlərlə sağollaşıb tikinti meydançasına yollanırıq.
Burda məktəb binası əsaslı şəkildə yenidən qurulur, ikimərtəbəli kənd mərkəzi və birmərtəbəli xidmət mərkəzinin binasının da inşaat işləri, demək olar ki, bitmək üzrədir. Yeni obyektlərin bu ay ərzində istifadəyə verilməsiylə muxtar respublikanın müasir infrastruktura malik kəndlərindən biri də artacaq.
İnşaatçılara işlərində uğurlar arzulayıb geri qayıdırıq. Avtomobilimizə doğru irəlilədikcə həyətində odun doğrayan ortayaşlı bir kişi diqqətimi çəkir:
“Məgər sizin kənddə qaz yoxdur?” sualıma yaxınlıqdakı sarı rəngli qaz xəttini göstərərək belə cavab verir Süleyman kişi:
– Qaz da var, işıq da. 10 ilə yaxındır ki, kəndimizə qaz çəkilib. İşığımızın da, şükür Allaha, kəsildiyini uzun illərdir, xatırlamıram. Amma neyləyək, kənd adamı ki bir şeyə adət elədi, ondan çətin əl çəksin.
Payızdır axı, ağacların bəzilərini budamışıq, bəzi quruyan ağacları da kökündən kəsmişik. Həyətin ortasında qoya bilmərəm, səliqəylə doğrayıb yığıram ki, gələn ilin yayında, payızında bu odunların ocağında yaxşı mürəbbə, kompot, qovurma bişirək. Ağac odununun ocağında bişən qovurmanın dadını heç nə verə bilməz.
Süleyman kişinin dəvətini yerə salmayıb həyətində cəviz mürəbbəsiylə çay içəndən sonra, – yolçu yolunda gərək, – deyib avtomobilə əyləşirik. Bir kəndin payız gününün rəngarəngliyi bizim də əhvalımıza rəng qatır.
Kəndin çıxacağında ağırtonnajlı maşınlarla, asfaltyayan texnikayla qarşılaşırıq. Görünür, növbəti gəlişimizdə bu yolu da yenilənmiş görəcəyik.
Baxışlarımı qeyri-ixtiyari uzaqdakı söyüd ağaclarının altından qalxan tüstüdə düyünləyirəm. Görünür, sürüsünü dağın ətəklərinə yayan çobanın çaydanı qaynamaq üzrədir. Təəssüf ki, yazını bu gün təhvil verməliyəm...
Elxan YURDOĞLU