Hələ qədim zamanlardan bağ salmaq, gül əkmək, ümumiyyətlə, yaşıllıq yaratmaq ata-babalarımızın adəti olub. Ağac əkmək, xüsusilə meyvə ağacı, tənək becərmək bolluq, şirinlik, mehribanlıq nişanəsi hesab edilib. Xalq inamına görə, həyətdə, yaşayış evinin ətrafında ağac əkilərsə, ailəyə xeyir-bərəkət, yaxşı gün-güzəran qismət olar.
“Barlı ağacın başına dolanarlar” ideyası ilə ömür sürən babalarımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxıb, ağac əkməyi, ona qulluq etməyi insanın doğuluşu və kamilliyi qədər müqəddəs sayıblar.
Görün ulularımız nə deyiblər: “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağaclı kəndi sel basmaz”, “Ağacı çox olan elin məzarı az olar”...
Qədim çağlardan bizim elimiz – odlar yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacı da, körpə fidanı da bir övlad kimi qoruyub qayğısına qalıb, qocaman ağacların yerini versin deyə, cavanlarını əkib, onların böyüyüb ərsəyə çatmasına qayğı ilə yanaşıb. Axı ağac da insan kimi qulluq istəyir.
Müdriklərimiz deyiblər: “Ağac əkmək, bağ salmaq hünər deyil, onu qoruyub saxlamağı bacarasan”. İllər boyu hər ağacın başına pərvanə kimi dolanmasan, səndən üz döndərər, onun barını görməzsən: “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar”, “Nə əkərsən, onu da biçərsən”.
Bu da babalarımızın sözüdür: “Ağaca salam ver, axı o da canlıdır, saymazsan, inciyər. Ağacın, çiçəyin də muradı var. Onları yaşıl vaxtı qırmaq olmaz. Qıranda muradı gözündə qalır”.
Ulu Dədə Qorqud da öz alqışlarında “Kölgəlicə qaba ağacın kəsilməsin” deyə öz igidinə, yurddaşına dualar edib, “kölgəlicə qaba ağacın kəsilməsi”ni ən böyük qəbahət kimi qiymətləndirib.
Xalqımızın təfəkküründə ağacla bağlı inanclar da yaranıb. İlaxır çərşənbənin axırında baltanın sapıynan meyvə ağaclarının kötüyünə yüngülcə vurub deyərlər: “Nə yatmısan, oyan, bərəkət payını götür”. Belədə həmin il ağacların bəhəri bol olarmış. Daha sonra bağın bir küncündə, elə yerdə tonqal qalayarlar ki, külək onun tüstüsünü meyvə ağaclarına tərəf aparsın. Yaşlı adamlar deyərdilər ki, ağaclar tüstülənməsə, meyvələri çürük və içiboş olar. Xalq arasında dağdağan, qaraağac, zoğal, əncir, çinar, tut ağacları müqəddəs sayılır və pir-ocaq hesab edilir. Şabalıd və cəviz ağacları bolluq, firavanlıq rəmzidir. Xalq etiqadına görə, onları qırmaq, kəsmək, yandırmaq günahdır, adamı qarğıyar, işi düz gətirməz.
Keçmişdə hər bir ailə üzvünün, xüsusilə il ərzində doğulmuş hər körpənin adına, hər uzaq səfərin şəninə ağac əkər, ona qulluq göstərib əzizləyərdilər.
Elimizdə-obamızda ahıl-ağsaqqalların müdrik bir məsəli də çox geniş yayılıb: “Əkiblər, yeyirik, əkərik, yesinlər”.
İndi muxtar respublikamızın elə bir guşəsi yoxdur ki, orada genişmiqyaslı abadlıq-quruculuq işləri və yaşıllaşdırma tədbirləri həyata keçirilməsin. Məhz bunun nəticəsidir ki, şəhər, qəsəbə və kəndlərimizin siması günbəgün dəyişir, gözəlləşir. Onu da deyək ki, son illər salınan yaşıllıq zolaqları, əkilən ağaclar diyarımızda hökm sürən bu büsata, quruculuq işlərinə rəng qatır.
Şərur rayonunda da abadlıq işləri, bir an olsun, ara vermir. Rayon mərkəzinin siması günbəgün yeniləşir. Şərurda aparılan abadlıq-quruculuq işlərini, bu büsatı seyr etdikcə qəlbləri riqqətə gətirən, insanda xoş duyğular yaradan cazibədar mənzərələrin başlıca səbəblərindən birinin də son illər burada salınan yaşıllıq zolaqlarının, park və xiyabanların olduğu nəzərdən qaçmır.
Sözün həqiqi mənasında, son zamanlar Şərurda ağacəkmə kampaniyası bir an olsun, səngimir, ətraf mühitin qorunması istiqamətində əməli işlər görülür. Ağac əkmək, yaşıllaşdırma işləri həyata keçirmək burada hamının gündəlik işinə çevrilib.
Təkcə 2014-cü ilin yaz mövsümündə rayonda 25 min 721 ədəd ting əkilib ki, bunların 18 min 300 ədədi meyvə ağacıdır. Bu il 6 hektardan çox yeni meyvə bağı salınıb, 10 hektar sahədə bərpa işləri aparılıb.
Təbiətlə bağlı fikirlərin müxtəlifliyini, həm də polemik dəyərini nəzərə alaraq vətəndaş mövqeyini öyrənməyə cəhd etdik.
Ədalət Quliyev – bağban:
– “Bəlkə də toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”. Görkəmli təbiətşünas-alim Həsən Əliyevin bu müdrik kəlamları daim yaddaşımdadır. Bəlkə də, buna görədir ki, ömrümü bağbançılığa bağlamışam. Xanlıqlar kəndində 7 hektar torpaq sahəsi alıb meyvə bağı salmışam.
2010-cu ildən bağım məhsula düşüb. Hər il tonlarla meyvə yığıram. Mən ting yetişdirməklə də məşğul oluram. Bir hektar sahəni bunun üçün ayırmışam, 3 nəfər də işçi götürmüşəm. Hər il torpağa alma, ərik, alça, badam toxumları basdırır, yaxşı cücərti alır, onlara aqrotexniki qaydada qulluq göstərir və tinglərə payızda muxtar respublikamızın coğrafi iqlim şəraitinə uyğun şivlərdən calaq edirəm. Satışa hər ilin yaz və payız mövsümlərində 50-60 min ting çıxarıram.
Harda ki qarşıma kəsilmiş ağac çıxır, halına acıyıram. Onun gövdəsinə qıyanlara qəzəblənirəm. Mənə elə gəlir ki, ağaca balta çalanlar onun dərdini, fəryadını eşitmirlər. Belələri anlamırlar ki, o ağacın gövdəsinə dəyən zərbə bizim, övladlarımızın və gələcək nəsillərin sağlamlığına tuşlanan qəsddən savayı bir şey deyil. Bunu mən demirəm. Mütəxəssis hesablamalarına görə, bir ortaölçülü ağac sutkada, təxminən, 3 nəfər üçün oksigen təminatı yaradır. Deməli, hər kəsilən ağac 3 uşağı şikəst edir.
Əli Qəribov – rayon Veteranlar Şurasının sədri:
– Mənə elə gəlir ki, insan yaşa dolduqca ətraf mühitin təsirlərinə həssas münasibəti də dəyişir. Məsələn, adicə avtomobilin siqnal səsi və ya texniki qurğuların həddini ötən hay-küyü insan psixikasında pozuntulara, dəyişmələrə səbəb ola bilər. Ekoloqların mülahizələrinə görə, təbiətin yaşıl örtüyü səs enerjisinin ən azı 25 faizini udur. Deməli, təbiət bizi həm də artıq səslərin sıxıntısından, təsirlərindən qoruyur...
Nüsrət Həsənov – rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi:
– Yadıma alman meşəçilərinin təbiətlə bağlı çox mənalı bir fikri düşür: “Yaşıllıq insana çörək qədər lazımdır. Həm də çörəksiz insan məhv olduğu halda, yaşıllıqsız, meşəsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz”. Yaşıllıq təmizlik, gözəl hava və sağlam həyat deməkdir. Ağac əkmək, yaşıllıqlara qulluq və qayğı göstərmək tarixən nəcib iş, savab əməllərdən sayılıb. Çünki bu gün əkilən hər bir ağac boy ataraq, son nəticədə, sağlamlığımıza, istirahətimizə imkan yaradır.
İsa Hüseynov – Muğanlı kənd tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi:
– Ətraf mühitin sağlamlaşdırılmasına dövlət nəzarəti nə qədər güclü olsa da, təbiətin gözəlliklərinin qorunmasında hər kəsin iştirakı vacibdir. Ona görə ki, bəzən ekoloji təhlükələrin çoxu şəxsi hasarlar arxasında gizlədilir. Çirkab sularının nəzərdə tutulmayan yerlərə axıdılması və ya tullantıların küçə və dalanlarda qalaqlanması ekoloji tarazlığın pozulması deməkdir. Əlbəttə, yaşayış yerlərimizin abadlığına, sağlam atmosferinə, bir sözlə, təbiətin mühafizəsinə cavabdehlik inzibati təsirlərlə yanaşı, vətəndaş həmrəyliyi və cavabdehliyi ilə də tənzimlənməlidir. Ümumiyyətlə, təbiətin mühafizəsinə ekoloji nəzarəti gücləndirmək bənzərsiz gözəllikləri – təbiətin saysız-hesabsız nadir incilərini qorumaq deməkdir. Ona görə də insanların ekoloji təfəkkürünün formalaşması, ekoloji mədəniyyətimizin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyan ekoloji maarifləndirmə işləri bu gün də, sabah da diqqət mərkəzində saxlanılmalıdır.
Gəlin xalqımızın yüzillərdən, minillərdən bəri qoruyub saxladığı bu xeyirxah, nəcib əməlləri göz bəbəyi kimi qoruyub gələcək nəsillərə çatdıraq. Yaşayış məntəqələrinin, yol kənarlarının, həyətlərin yaşıllaşdırılmasında, meşə və bağ salınmasında fəal iştirak edək. Xalq şairimiz Hüseyn Arifin isə bu misralarını heç zaman yaddan çıxarmayaq:
Məsəl var, anadır evin dirəyi,
Bir dirək yıxılsa, bir divar yatar.
Ana təbiəti itirsək əgər,
Bir ev yox, bir kənd yox,
Bir dünya batar...
Cəfər ƏLİYEV