22 Dekabr 2024, Bazar

Ölkə Prezidenti cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişafı üçün əlverişli vasitə olaraq qəbul edilir.

Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin əlçatanlığının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi adıçəkilən strategiyanın başlıca prinsiplərindəndir.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən əhəmiyyətli tədbirlər elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsinə və informasiya-kommunikasiya texnolgiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılmasına yönəlmişdir. Bu əsasda fondun informasiya idarəetmə sisteminin tərkibində məcburi dövlət sosial sığortası üzrə hesabatların (“Bəyannamə 1”, “Bəyannamə 2” formaları) və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların (“Bəyannamə 3” forması) elektron formada hazırlanması və internet üzərindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumlarına çatdırılması üçün yeni xidmət istifadəyə verilmişdir.
Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasına, idarəçilikdə qərarların qəbul edilməsinə, icra intizamının yüksəldilməsinə və nəzarət mexanizminin sadələşməsinə, əhaliyə xidmətin operativliyinə, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərin vətəndaşlara çatdırılmasına imkan verir.­
Fond tərəfindən görülən zəruri işlərdən biri də məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılmasının başa çatdırılmasıdır. Belə ki, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir.
Qeyd edək ki, sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslarla təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş, eləcə də avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqini xüsusi olaraq göstərmək lazımdır.
Fond tərəfindən istifadəyə verilən sığortaolunanların müasir məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı yaratmışdır ki, bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürən­lər üzərində ictimai nəzarətin təşkilinə yardım etmiş, həm də avtomatlaşdırılmış pensiya təyinatının reallaşdırılmasını təmin etmişdir. Fondun Pensiya şöbəsində yaradılan avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə pensiya yaşına çatmış vətəndaş (+99436) 550-59-79 nömrəsinə zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini bildirməklə real vaxt çərçivəsində pensiya təyin edilməsinə nail ola bilər. Həmçinin vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün bu proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.
Bu sahədəki uğurlarda bir məqam xüsusilə qeyd edilməlidir ki, ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi uğurla təmin edilmişdir. Müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR