Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi muxtar respublikada həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunu təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Dövlət proqramının aktiv məşğulluq tədbirləri üzrə bəndinin icrasına uyğun olaraq, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə muxtar respublikada əmək bazarının tələbləri nəzərə alınmaqla əmək yarmarkaları təşkil edilir.
Məşğulluq xidməti orqanları muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlardan boş iş yerləri haqqında topladıqları məlumatları əmək yarmarkalarında işaxtaranlara təqdim edirlər. Nəticədə, işaxtaranlar onlar üçün yaradılmış mövcud imkanlardan səmərəli istifadə edərək öz peşə və ixtisaslarına uyğun işlə təminolunma imkanı əldə edir, eyni zamanda işəgötürənlər işaxtaranlarla qarşılıqlı ünsiyyətdə olduqlarından onlar qısa vaxt ərzində ixtisaslı, təcrübəli kadr seçmək imkanı əldə edirlər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin ötən 10 ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Naxçıvan şəhərində və rayon mərkəzlərində 4 dəfə əmək yarmarkaları təşkil edilib. Əmək yarmarkalarına, ümumilikdə, 263 müəssisə və təşkilat tərəfindən 2030 boş iş yeri çıxarılıb. Keçirilən əmək yarmarkalarında 943 nəfər peşə və ixtisasına uyğun işlə təmin edilib, 9 nəfər peşə hazırlığına, 30 nəfər isə ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin olunması da dövlət proqramının əsas tələblərindən biridir. Qeyd olunan dövr ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan 22 nəfərin kvota yerinə göndərilməsi təmin edilib.
Gənclərin və qadınların işlə təmin olunması da diqqət mərkəzindədir. Belə ki, əmək yarmarkaları vasitəsilə işlə təmin olunanların 113 nəfərini qadınlar, 330 nəfərini isə gənclər təşkil edib.
Muxtar respublikada təhsil və səhiyyə işçiləri üçün təşkil olunan əmək yarmarkalarında pedaqoji və tibbi kadrların peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunmalarına imkanlar yaranır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi üzrə hər il təşkil olunan əmək yarmarkasında onlarla müəllim muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslarına uyğun işlə təmin olunub. Cari ilin avqust ayında keçirilən növbəti təhsil yarmarkasında 93 pedaqoji kadra muxtar respublikanın müxtəlif təhsil ocaqlarında işləmək üçün göndəriş verilib.
Muxtar respublikada yeni-yeni səhiyyə obyektlərinin istifadəyə verilməsi tibb sahəsi üzrə kadrların işlə təmin olunmasına əsaslı zəmin yaradıb. Bu ilin sentyabr ayında səhiyyə işçiləri üçün keçirilmiş əmək yarmarkasında 11 nəfər münasib işlə təmin olunub.
Nazirlikdən onu da bildirdilər ki, məşğulluq mərkəzləri tərəfindən tətil günlərində işləmək arzusunda olan tələbələrin xüsusi peşə hazırlığı tələb etməyən haqqıödənilən ictimai işlərə, həmçinin mövsümi və digər müvəqqəti xarakterli işlərə göndərilməsi də təmin edilib. Belə ki, Naxçıvan Dövlət Universitetinin 21 tələbəsi öz ixtisaslarına uyğun sahələrə, 5 nəfər tələbə isə digər müvəqqəti xarakterli işlərə göndərilib.
Muxtar respublikada həyata keçirilən səmərəli məşğulluq siyasətinin məntiqi nəticəsidir ki, cari ilin ötən dövrü ərzində məşğulluq xidməti orqanlarında işsizlik statusu alan olmayıb.
Çevik məşğulluq tədbirlərinin davamlı olaraq həyata keçirilməsi əhalinin məşğulluğunun təmin olunmasına, onların sosial rifahının daha da yaxşılaşmasına geniş imkanlar açır.
Xəbərlər şöbəsi