Havaların soyuması ilə əlaqədar olaraq, muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artmağa başlayır. Ötən illərin təcrübəsi onu göstərir ki, bəzi hallarda vətəndaşlar tərəfindən qaz cihazlarından təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın və zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bütün bunlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması kimi qəbuledilməz hallara yol verilməsi zamanı baş verən bədbəxt hadisələrdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq, qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərinə ciddi əməl olunmasını vacib hesab edir.
Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz hallardan mühafizə olunmaq üçün mülkiyyət formasından asılı olmayaraq, hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara, xüsusən yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi zəruridir. Qaz təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Təyinatından asılı olmayaraq, bina və qurğulara qaz kəməri çəkilərkən kəmər binanın bünövrəsindən binaya polad qılaf daxilində keçməlidir. Qılafın daxilində qaz kəmərinin birləşmə hissələri olmamalı, torpaqdan çıxdığı yerdə isə zədədən mühafizə edilməlidir. Qaz kəməri binanın üstündən çəkilərsə, kəmərin aşağı hissəsindən bina örtüyünə qədər məsafə, ən azı, 50 santimetr olmalı, divar boyu çəkildiyi halda isə pəncərə və qapıların qarşısını kəsməməlidir. Qaz kəməri elə çəkilməlidir ki, o, başqa otaqlara deyil, bilavasitə qaz işlədən qurğunun yerləşdiyi otağa daxil olsun. Bir sıra təhlükəli hallara şərait yaratdığından lift şaxtası, havadəyişmə şaxta və kanalları, eləcə də tüstü boruları ilə qaz kəmərinin çəkilməsi qadağan olunur.
Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında digər tələblər də yerinə yetirilməlidir. Birinci növbədə, yaşayış binasının qaz kəməri polad borudan olmalı, suvaq altından deyil, açıq havada çəkilməlidir. Qazın plitəyə verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır. Qaz plitəsi qurulan mətbəxin hündürlüyü 2,2 metrdən az olmamalı, mətbəxin pəncərəsi açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir.
Bu qaydaların pozulması ilə yanaşı, bir sıra digər səbəblər də yaşayış evlərində yanğın baş verməsinə şərait yaradır. Məişətdə işlədilən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərlərində, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz plitələrinin odluqlarından qazın sızmasıdır. Təbii qaz, eləcə də mayeləşdirilmiş balon qazı hava ilə birlikdə partlayış təhlükəli qarışıqlar əmələ gətirməyə qadirdir. Buna görə də mənzildə və digər yerlərdə qaz qoxusu hiss etdikdə kibrit, alışqan yandırmaq, hər hansı bir elektrik qurğu və cihazlarından istifadə etmək, o cümlədən onları cərəyana qoşmaq və ya ayırmaq olmaz. Açıq oddan istifadə etmək, siqaret çəkmək də qaz dolmuş yerlərdə partlayış və yanğına səbəb ola bilər. Qazsızma səbəbləri müxtəlifdir. Əgər sızma qaz cihazındakı kranın açıq qalmasından əmələ gəlmişsə, onu bağlamaq, mənzilin havasını dəyişmək üçün qapı və pəncərələri açmaq, hava axını yaratmaq lazımdır. Əgər qazın sızması qaz kəmərinin və ya qaz cihazının zədələnməsindən əmələ gəlmişsə, onda qazdan istifadə etmək olmaz və təcili qəza xidmətinə (104 nömrəsinə zəng etməklə) xəbər vermək lazımdır. Qaz plitəsindən istifadədən sonra plitənin bölüşdürücü lövhəsindəki kranı və plitədən kənarda olan qaz kəmərinin üzərindəki kranı bağlamaq lazımdır. Plitə, xüsusən onun odluqları daim təmiz saxlanmalıdır. Plitənin üzərində paltar və sair qurutmaq yanğın törədə bilər. Tüstü bacası havanı yaxşı çəkmədikdə qazdan istifadə etmək məsləhət görülmür. Qaz cihazından istifadə etməyi bacarmayan şəxslərə və uşaqlara onları yandırmağa və istifadə etməyə icazə verilməməlidir. Plitədə və qaz kəmərində özbaşına dəyişiklik etmək yolverilməzdir. Qaz cihaz və qurğularının yerinin dəyişdirilməsi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir.
Zəhərlənməyə səbəb olan amillərdən biri də əhali tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanmış qeyri-standart qızdırıcı qaz cihazlarından və ya su qızdırıcılarından istifadə olunmasıdır. Belə ki, bu cihazların aidiyyəti orqanların icazəsi olmadan müəyyən sexlərdə istehsal edilməsi, satışa buraxılması, əksər hallarda qüvvədə olan norma və qaydaların tələblərinə zidd olaraq istifadəsi, qadağan olunmuş yerlərdə quraşdırılması qəzaların başvermə ehtimalını daha da artırır. Buna görə də zavodda istehsal edilmiş qaz cihazlarını əldə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə, ümumiyyətlə, yol verilməməlidir.
Qaz cihazları alan zaman onun uyğunluq sertifikatını və texniki pasportunu satışı həyata keçirən mağaza sahiblərindən tələb etmək vacibdir. Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq lazımdır. Çünki partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi qəza hadisələrinin əksəriyyəti bu qaydalara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismarı qaydalarını, avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmamasını, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.
Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir. Unutmayın ki, təhlükəsizliyiniz öz əlinizdədir.
Mirtaleh SEYİDOV
Fövqəladə Hallar Nazirliyinin
bölmə rəisi, daxili xidmət kapitanı