Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə cari ilin oktyabr ayı ərzində fiziki imkanları məhdud şəxslər tərəfindən toxunan 1809 cüt yun corab “N” hərbi hissəyə təhvil verilib. Noyabrın 5-də 1157 cüt yun corabın hərbi hissəyə təhvil verilməsi ilə əlaqədar növbəti tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək bildirib ki, bu günə kimi fiziki imkanları məhdud 24 şəxs tərəfindən toxunan 2966 cüt yun corab hərbi hissələrə təhvil verilib. Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına da xidmət edir.
“N” hərbi hissənin zabiti, mayor Şöhrət Səfərov komandanlıq adından minnətdarlığını bildirib.
Məlumat üçün qeyd edək ki, hərbi hissələr üçün yun corabların toxunması bu il avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu istiqamətdə verilmiş tapşırığın icrası ilə əlaqədar olaraq həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti