Noyabrın 5-də Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Göydərə kəndində təbii qazdan, sudan, elektrik enerjisindən düzgün istifadə qaydalarına, həmçinin “Uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyunqaçırma inzibati və cinayət məsuliyyətinə səbəb olur” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir. Əli Adıgözəlov qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə də sakinlərə məlumat verib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Mülkiyyət əleyhinə olan cinayətlər fəslinə yeni maddə – “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə edilməklə cinayət qanunvericiliyimizdə bir sıra əməllər cinayət əməli kimi təsbit edilib. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.8-ci maddəsinə əsasən, məişətdə istifadə edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilmədiyi hallarda kreditorun tələbi ilə borcun ödənilməsi məqsədilə kreditorun ərizəsinə əsasən, məhkəmə tərəfindən məhkəmə əmri çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində isə su obyektlərindən və sudan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət və belə inzibati xətaları törədən fiziki, hüquqi və vəzifəli şəxslər barəsində inzibati cərimələr nəzərdə tutulub.
Sonra Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Xalid Ağayev çıxış edərək bildirib ki, valideynlərin hüquq və vəzifələri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci fəslində öz əksini tapıb. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Onlar uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər uşaqların ümumi orta təhsil almalarına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.
Vurğulanıb ki, valideynlər uşaqlarının hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Kərəm HƏSƏNOV