22 Dekabr 2024, Bazar

“Şərq qapısı” qəzetində fəaliyyətə başlayanda ilk dəfə bu rayondan yazı hazırlamışam. Bu rayona sonralar tez-tez yolum düşüb. Növbəti belə imkan bir neçə gün əvvəl reallaşdı. Yol boyu Şahbuz haqqında eşitdiklərimin, oxuduqlarımın hamısını bir kənara qoyub, ilk olaraq, bu qədim yurd yerinin adının etimologiyası haqqında düşünürdüm. Düzdür, bu barədə bir qədər məlumatım var idi. Bu məlumatları dəqiqləşdirmək üçün AMEA-nın müxbir üzvü Adil Bağırova müraciət etdim.

Alim bildirdi ki, bununla bağlı müxtəlif versiyalar mövcuddur. Tarixi mənbələrdə “Şahbuz” adına ilk dəfə Eldənizlərin mis sikkə dəfinəsini göstərən xəritədə və Əmir Teymurun tarixçisi Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində rast gəlinir. Ancaq faktlar göstərir ki, Şahbuz ərazisi daha qədim yaşayış məskənidir. Bu cəhətdən adın mənası ilə bağlı xalq etimologiyasında, Q.Qeybullayev, M.Təhmasib, T.Hacıyev kimi tədqiqatçıların araşdırmalarında müxtəlif fikirlər səslənir. Həqiqətə daha uyğun olanı isə M.Təhmasibin gəldiyi qənaətdir. “Şahbuz” sözünün “şah” hissəsi “hündür, yüksək” anlamlarında işlənir. Alim “Şahbuz” sözünün ikinci komponentini (bus//buz) qəbilə adı ilə əlaqələndirir. Və bu qəbiləni Midiya qəbilələrindən biri kimi təqdim edir. Buslar türkmənşəli etnos olub, öz adlarını bir qisim toponimlərdə, o cümlədən Şahbuz adında yaşatmışlar. Belə ehtimal olunur ki, sözün birinci hecası olan “şah” “bus//buz” tayfa adı ilə birləşərək “buslara məxsus yüksək yer” mənasını verir.
Adil Bağırova görə, bu adın məna açımı ilə bağlı belə bir ehtimal da məqbul sayıla bilər. Sözün “şah” komponentinin vaxtilə bu ərazilərdə yaşamış “saq” türk qəbilə birləşməsinin adından götürülməsi mümkündür.

Qayıdaq bu qədim yurd yerinin tarixinə. XVI əsrdə burada 27 kəndi, iki məzrəəni (insan yaşamayan yer), Oyuqlucaqaya, Bazaryurd, Dərəbaş gədiyi, Qaçdaş, Nərkeçi və Armudlu yaylaqlarını əhatə edən Dərəşahbuz nahiyəsi yaradılıb, XIX əsrin 40-cı illərinə qədər fəaliyyət göstərib. 1925-ci ildə Naxçıvan inzibati ərazi vahidində Nərimanov rayonu adlandırılıb (30 kəndi əhatə edib), 1930-cu ildən “Şahbuz” adı bərpa olunub. Rayon 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək) rayonuna birləşdirilib, 1965-ci ildə yenidən təşkil olunub. Şahbuz qəsəbəsinə 2007-ci ildə şəhər statusu verilib. 2013-cü il fevral ayının 22-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı və 2013-cü il mart ayının 15-də ölkə Prezidentinin imzaladığı Sərəncamla sahəsi 1454 hektar olan Qarababa kəndi bütövlükdə, Ayrınc kəndinin 92,8 hektar sahəsi, Daylaqlı kəndinin 274,8 hektar sahəsi Şahbuz şəhərinə verildikdən sonra hazırda rayon mərkəzi 2826,6 hektar sahəni əhatə edir.

Quruculuq prosesləri davamlı xarakter alıb və ya yeni obyektlərin sayı artır

Şahbuz şəhərinin ən gözəl ünvanına çevrilən Heydər Əliyev prospekti və “28 May” küçəsi boyu sıralanan rayon İcra Hakimiyyəti, Maliyyə, Təhsil, Polis şöbələri, Baytarlıq və Rabitə idarələri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon Şöbəsi, Əhalinin Sosial Müdafiəsi, Gigiyena və Epidemiologiya mərkəzləri, Tarix-Diyarşünaslıq Muzeyi, Avtovağzal, “Araz” kinoteatrı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Kitabxanası, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı, ümumilikdə, 40-a yaxın təşkilat üçün inşa olunan yeni binalar burada quruculuq tədbirlərinin davamlı xarakter aldığının ifadəsidir. Qeyd edək ki, həmin təşkilatların hamısında müasir iş şəraiti yaradılıb. 21 ictimai yaşayış binası təmir edilib. Bu da həmin mənzillərdə yaşayan insanların məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub. Həmin ərazilərdə gülkarlıqlar və yaşıllıq zolaqları salınıb.
Quruculuq tədbirləri hazırda da davam etdirilir. Belə ki, “28 May” küçəsində uşaq bağçası üçün yeni bina inşa edilir. Tikinti işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunub. İnşaatçıların yaradılan iş şəraitindən səmərəli istifadə etmələrinin nəticəsidir ki, obyektdə tikinti işlərinin böyük əksəriyyəti başa çatdırılıb.
Şəhərdə ictimai yaşayış binalarının əsaslı təmiri və yenidən qurulması da davamlı xarakter alıb. Hazırda bu iş adıçəkilən küçədəki 14 nömrəli yaşayış binasında aparılır. Bu quruculuq tədbirini isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Belə tədbirlər hesabına bu kiçik rayon mərkəzi bu gün müasir şəhər timsalındadır.
Şahbuz şəhərində həyata keçirilən daha bir layihə isə rayon mərkəzində su və kanalizasiya sistemlərinin, şəhərarası yolların yenidən qurulmasıdır.
Yeri gəlmişkən qeyd edək ki, bu il oktyabrın 27-də rayon mərkəzində 2 yeni obyektin açılışı olub.
Onlardan biri Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin yeni binasıdır. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin nailiyyətləri nümunə gücündədir. Məktəbin qazandığı bu uğurlar tədrisin düzgün qurulması, nizam-intizamın və tələbkarlığın yüksək səviyyədə olmasının nəticəsidir. Kollektiv bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməli, məktəbdə tədrisin səviyyəsi daha da yüksəldilməlidir”. Ali Məclis Sədrinin tövsiyələrini əldə rəhbər tutan məktəbin pedaqoji kollektivi ilk günlərdən öz işini günün tələbləri səviyyəsində davam etdirməyə başlayıb. Qeyd edək ki, yeni məktəb binası 216 şagird yerlikdir. Üçmərtəbəli təhsil ocağında 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Üç minə yaxın dərslik və bədii ədəbiyyat fondu olan kitabxanada internet vasitəsilə elektron kitabxanalara müraciət etmək mümkündür. Kompüter otağında hər biri internetə qoşulmuş 19 kompüter dəsti vardır. Məktəbdə yaradılan fənn laboratoriyaları da müasir tədris-təcrübə avadanlıqları ilə təmin edilib. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə dərslərin və təcrübə məşğələlərinin müasir metodlar səviyyəsində keçilməsinə şərait yaradıb.
Qeyd edək ki, məktəbin ötənilki məzunlarından 7-si ali məktəblərə, 1 şagird 9-cu sinif bazasından orta ixtisas məktəbinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 4-ü 500-700 intervalında bal toplayıb.

Daha bir obyekt həmin gün istifadəyə verilən Şahbuz Şəhər Mərkəzidir

İki mərtəbədən ibarət binada rabitə evi, kitabxana, polis sahə məntəqəsi, Yeni Azərbaycan Partiyası Şahbuz şəhər ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və klub fəaliyyət göstərir.
Burada yerləşən rabitə evində 512 yerlik 2 nömrəli ATS quraşdırılıb. Mərkəzdə 6 min 558 kitab fonduna malik kitabxana və 55 yerlik iclas zalı vardır. Binada Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şahbuz Rayon Şöbəsi üçün də iş otaqları ayrılıb.
Quruculuq tədbirləri çərçivəsində şəhərin yol infrastrukturu tamamilə yeniləşdirilib, şəhərdaxili 2 kilometr yola yeni asfalt örtük salınıb. Yol üzərindəki körpü genişləndirilərək təmir olunub, 3 suötürücü tikilib. Şəhərdə 3 min 800 metr fiber-optik kabel, 3 min metr məsafədə elektrik xətti, 180 metr yeraltı kabel çəkilib, müasir işıqlandırma sistemi qurulub. Bundan başqa, 120 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilib, yeni tikililərə 460 metr uzunluğunda qaz xətti çəkilib.

Şahbuzlular minnətdarlıq edirlər

Rayonun yaşlı sakinlərindən Qaşdar Əliyev buranın həm dünənini görüb, həm də bu gününü:
– Neçə illər əvvəl bura kənd görkəmində idi. Rayon mərkəzi olsa da, ona bu adı verməyə çətinlik çəkirdim. Son 19 ildə muxtar respublikada həyatın bütün sahələrinin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Bu tədbirlər qədim diyarın bütün bölgələrini əhatə edib. Şahbuza da həmin tədbirlərdən pay düşüb. Bu gün Şahbuz tanınmaz dərəcədə dəyişilib. Şahbuzun dünənini gördüyüm üçün gənclərə demək istəyirəm ki, doğma yurd yerinin bu gününün qədrini bilsinlər, qurulanları, yaradılanları qorusunlar, gələcək nəslə ərməğan etsinlər. Bu, hamımızın borcudur. Bizim üçün tikiblərsə, bizim üçün şərait yaradıblarsa, biz də bunu yaşatmağı bacarmalıyıq. Ancaq bu halda üzərimizə düşən vətəndaşlıq vəzifəsini yerinə yetirmiş olarıq.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Həvva Həsən­əliyeva:
– Şahbuz şəhərinin sakinləri bu gün yüksək dövlət qayğısı əhatəsindədirlər. Günü-gündən gözəlləşən şəhərimizlə qürur duymamaq mümkün deyil. Hara baxırsan, tikinti-quruculuq işlərinin bəhrələrini görürsən. Kiməsə bu işlər asan görünə bilər. Ancaq blokada şəraitində yaşayan bir diyarda belə genişhəcmli tədbirləri həyata keçirmək kiçik məsələ deyil. Bu tədbirlərin ən ucqar dağ kəndlərində belə reallaşdırılması məhz insana qayğının nəticəsidir. Təhsil sahəsinə daha çox diqqət yetirilir. Bu səbəbdəndir ki, ilbəil qazanılan uğurlar artır. Ötən dərs ilində Şahbuz rayonunun məktəblərini 211 məzun bitirib. Onlardan 164-ü ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 98-i tələbə adına layiq görülüb. Gələcək fəaliyyətimizdə daha böyük uğurlara nail olmaq əzmilə çalışırıq. Çalışırıq ki, doğma Şahbuzumuza və şahbuzlulara göstərilən qayğıya əməli işimizlə cavab verə bilək.
Təqaüdçü müəllim Həbib Hüseynov:
– Uzunömürlülər diyarı olan Şahbuz bu gün öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu inkişaf hər bir şahbuzlu kimi, məni də ürəkdən sevindirir. Belə şəhərin sakini olmağımla fəxr edirəm. Başqa cür də ola bilməz. Şahbuzlular yurd yerinə bağlı insanlardır. Odur ki, burada görülən hər bir iş – tikilən bina, salınan yaşıllıq və gülzarlıq, çəkilən yol, təmir olunan obyekt bizə böyük fərəh hissi gətirir.
Qeyd edək ki, Şahbuz şəhərində həm də Ahıllar evi fəaliyyət göstərir. Buraya müxtəlif ünvanlardan pənah gətiriblər. Onlardan biri Bakı şəhərindən gəlmiş Violetta Nikolayevna Çernişevadır:
– Şahbuz şəhəri, buradakı Ahıllar evi haqqında eşitmişdim. Düşünürdüm ki, ucqar bir yerdə, yəqin ki, heç bir şəraiti olmayan bir yerdir. Lakin bura gəldikdən sonra yanıldığımı gördüm. Tez-tez şəhərə çıxıram, buradakı dəyişiklikləri görürəm. İnanın ki, özümü şahbuzlu hesab edib mən də bu cah-calala sevinirəm.

Bu gün Şahbuz şəhəri muxtar respublikanın hərtərəfli qayğı ilə əhatə olunan, bu qayğı hesabına müasir rayon mərkəzinə çevrilən yurd yerlərindən biridir. Burada həyata keçirilən genişmiqyaslı tədbirlərdən saatlarla danışmaq olar. Şahbuz rayonu həm də turizm üçün böyük və əlverişli imkanları olan bir bölgədir. Ona görə də həmişə qonaq-qaralı olur. Qonaq-qaralı yer isə həmişə ruzi-bərəkətli olub. Bu gün Şahbuz şəhəri də belədir. Bizə isə bunu arzu etmək qalır: qonaq-qaran çox, ruzi-bərəkətin bol olsun, Şahbuz.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR