Bu gün muxtar respublikamızda insan amili ön planda dayanır. Bu sırada sağlamlıq imkanları məhdud uşaqlar da davamlı qayğı əhatəsindədirlər. Regionumuzda bu istiqamətdə həyata keçirilən tədbirlər həm onlar, həm də muxtar respublika sakinləri tərəfindən rəğbətlə qarşılanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu istiqamətdə atılan növbəti addımdır.
Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarının təmin olunması məqsədilə qəbul olunan bu proqrama əsasən, cari ildə bir sıra mühüm tədbirlər həyata keçirilib. Ən mühüm tədbirlərdən biri isə bu il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi oldu.
Əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verməyən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqlar üçün bu mərkəzin əhəmiyyəti böyükdür. Mərkəz həm də uşaqların sosial reabilitasiyasının gücləndirilməsi və onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Bu sistem müxtəlif məsafələrdə olan təhsil müəssisələri arasında informasiya mübadiləsinin operativ və səmərəli təşkilinə imkan verir. Bu məqsədlə mərkəzdə iki otaq ayrılıb. Otaqların birində mərkəzi server və çevirici avadanlıqlar quraşdırılıb, tədris sinfi intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlarla təchiz olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən distant təhsilə 4 müəllim cəlb olunub. Həmin müəllimlərə, eləcə də sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurs keçilib. Bu da öz bəhrələrini verib. Bunu biz də müşahidə etdik.
Mərkəzdə olarkən qrafik əsasında müəllimlərdən Çinarə Hacıyevanın dərsini izlədik. Şagirdlərdən Qönçə Abdullayeva videobağlantı vasitəsilə keçilən dərsi dinləyir və müəllimlə birbaşa əlaqə saxlayırdı. Dərsdən sonra Çinarə müəllimə ilə həmsöhbət olduq. Bildirdi ki, bu gün tam orta məktəblərdə keçilən dərslərdə qazanılan biliklərə sağlamlıq imkanları məhdud olan uşaqlar burada yiyələnirlər. Otaqlarda quraşdırılan müasir tədris avadanlıqları şagirdlərimizin kompüter və digər elektron avadanlıqlardan istifadə bacarıqlarının artmasına şərait yaradıb. Bu da onların biliklərinin artmasına, intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.
Tədris prosesini evlərdə də izlədik. Şagirdlərdən Aydın Cəfərov böyük həvəslə artıq bir neçə hərfi öyrənib. Hiss etmək çətin deyildi ki, o, buna çox sevinir.
Yaradılan şərait isə Aydının öz həmyaşıdları kimi mükəmməl təhsil alacağına imkan verib.
Yazını hazırlayarkən övladları bu mərkəzdən istifadə edən bir neçə valideynlə də telefon əlaqəsi saxladıq. Culfa rayonundan valideyn Xatirə Quliyeva dedi:
– Hər bir valideyn istəyir ki, övladı təhsil alsın. Oğlum Uğur keçirdiyi əməliyyatdan sonra həkim ona ancaq sakit vəziyyətdə dərs keçilməsini məsləhət gördü. Buna şərait yarada bilmədik. Belə bir mərkəzin yaradılmasını eşidəndə çox sevindik. Artıq övladım dərs oxuyur. Bu mənzərini gördükcə ürəyim dağa dönür. Belə şəraiti təsəvvürümə belə gətirməzdim. İndi düşünürəm ki, diyarımızda heç kəs qayğıdan kənarda qalmayıb.
Kəngərli rayonunun Xok kəndindən olan valideyn Ulduz Cəfərova isə belə deyir:
– Ailəlikcə o qədər sevincliyik ki, bunu sözlə ifadə edə bilmirəm. Bizim də ümidlərimiz gerçəkləşir, arzularımız çin olur: bilirsiniz, artıq mənim də övladım dərs oxuyur. Bunun üçün muxtar respublika rəhbərinə dərindən minnətdarıq.
Onu da bildirək ki, hazırda muxtar respublika üzrə 18 sağlamlıq imkanları məhdud uşaq, o cümlədən Naxçıvan şəhərindən 1, Şərur rayonundan 3, Babək rayonundan 8, Culfa rayonundan 2, Kəngərli rayonundan 3, Şahbuz rayonundan 1 uşaq distant təhsilə cəlb edilib. Bu uşaqların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və vebkameralar quraşdırılıb. Distant Tədris Mərkəzinə eyni vaxtda 50 istifadəçinin qoşulması mümkündür. Gələcəkdə serverin tutumunun 200 istifadəçiyədək artırılması nəzərdə tutulub. Bu isə bir o qədər sağlamlıq imkanları məhdud uşağın videobağlantı vasitəsilə məsafədən tədris prosesinə qoşulmasına imkan verəcəkdir.
Bəli, insan amilinə davamlı qayğı bu gün muxtar respublikada prioritet vəzifəyə çevrilib. Bu isə region sakinlərini ürəkdən sevindirir. Həyata keçirilən tədbirlər sabahımıza cavabdehlik hissinin ifadəsi kimi dəyərləndirilir.
Sara ƏZİMOVA