Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Culfa rayonunun Ərəzin kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada qadınlar və gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə işinin daha geniş surətdə aparılması və qadınların sağlamlığının mühafizəsi sahəsində tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, ana və uşaq ölümü hallarının qarşısının alınmasında müsbət göstəriciyə nail olunub. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə dəstəyinin davamıdır.
Komitə sədrinin sözlərinə görə, ailə öz mahiyyətini və funksiyasını o zaman bütövlükdə yerinə yetirmiş olur ki, hər bir ailə üzvü üzərinə düşən vəzifələrin məsuliyyətini dərk etsin. Bu mənada qadın böyük rola malikdir. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən nəslə ötürən qadındır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı, onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla onun gələcəyini qurmalıdır. Bu, cəmiyyətin gələcəyini qurmaq deməkdir.
Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədr müavini Arif Ağayev “Qadın hüquqları”, Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Keser əməliyyatı, onun ana və uşağa mənfi təsiri” mövzularında çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumatlar veriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Xəbərlər şöbəsi