Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda əksini tapmış mühüm vəzifələrdəndir. Ölkə başçısı tərəfindən qanunvericiliyə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması və Dövlət Sosial Müdafiə Fondunun serverlərində nadir elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılmasına şərait yaradıb.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarını plastik bankomat kartları vasitəsi ilə və ya banklarda nağd qaydada onlayn ödənilməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və digər elektron xidmətlərin fəaliyyət göstərməsinə geniş imkanlar açıb.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması üçün tədbirlərin icrasının müəyyən olunmuş qaydada davam etdirilməsi tapşırılıb. Verilən tapşırığın icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən ardıcıl olaraq müvafiq işlər görülüb, muxtar respublika üzrə sığortaolunanların müvafiq məlumatlarının fərdi uçot sistemində olan fərdi şəxsi hesablarına işlənilməsi və avtomatlaşdırılmış pensiya təyinatı aparılması üçün müasir standartlara cavab verən xüsusi proqram təminatının işə salınması prosesi başa çatdırılaraq 2014-cü ilin noyabr ayından etibarən fond tərəfindən avtomatlaşdırılmış qaydada əmək pensiyalarının təyinatına başlanılıb.
Muxtar respublika ərazisində yaşayan və pensiya yaşına çatmış hər bir vətəndaş heç bir sənəd toplamadan, vaxt itirmədən fondun Pensiya şöbəsində yaradılmış avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə (+99436) 550-59-79 nömrəsinə zəng etməklə real vaxt rejimində dərhal əmək pensiyası təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər bir vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik bankomat kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu, sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
Avtomatlaşdırılmış pensiya təyinatının aparılması üçün (+99436) 550-59-79 nömrəsinə zəng edərək müraciət edən şəxsin yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməsi kifayətdir. Bu məlumat dərhal Dövlət Sosial Müdafiə Fondunda yaradılmış xüsusi proqram təminatına daxil edilir və həmin göstəricilərin sistemdə düzgünlüyü təsdiqləndiyi halda fondun fərdi məlumatlar bazasına inteqrə edilərək vətəndaşın 1 yanvar 2006-cı il tarixədək olan iş stajı və 1 yanvar 2006-cı il tarixdən ödədiyi məcburi dövlət sosial sığorta haqlarından avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılır. Elə həmin vaxt vətəndaşa ona təyin olunmuş əmək pensiyasının məbləği bildirilir. Eyni zamanda vətəndaşın ünvanına bununla bağlı xüsusi rəsmi bildiriş də göndərilir.
Hal-hazırda ilkin mərhələdə avtomatlaşdırılmış pensiya təyinatı yaşa görə əmək-pensiya hüququ yaranmış əmək pensiyaçılarına tətbiq edilir. Gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatı əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranan pensiyaçılara da şamil ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti