İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri davam etdirilir.
Bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq işaxtaran vətəndaşların seçimi üçün boş iş yerləri barədə məlumatlar toplanılır və əmək yarmarkalarına təqdim edilir. Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açıb. Qeyd olunub ki, muxtar respublikamızın hərtərəfli inkişafı əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması nəticəsində əvvəlki illərdə olduğu kimi, cari ildə də xeyli iş yerləri yaradılıb. Bu da işaxtaran vətəndaşların qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları əhalinin məşğulluğunun artırılmasında, onların müvafiq işlərlə təmin olunmasında böyük rol oynayır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov bildirib ki, əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda, eləcə də Naxçıvan şəhərində uğurla davam etdirilir. Bu tədbirlər əhalinin məşğulluğunun təmin olunması ilə yanaşı, yoxsulluğun aradan qaldırılmasına da geniş imkanlar açıb.
İşaxtaran vətəndaş Səidə Süleymanova çıxış edərək vətəndaşların müvafiq işlərlə təmin edilməsi üçün keçirilən əmək yarmarkalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yarmarkaların təşkilində əməyi olanlara minnətdarlığını bildirən Səidə Süleymanova qeyd edib ki, istənilən işaxtaran burada öz ixtisasına və bacarığına uyğun iş yeri tapa bilər.
Qeyd edək ki, Naxçıvan şəhərində təşkil edilən əmək yarmarkasına 61 təşkilatdan 562 boş iş yeri təqdim olunub. Yarmarkada 40 nəfərə göndəriş verilib.
Səbuhi HƏSƏNOV