22 Dekabr 2024, Bazar

Hər bir fəslin özünəməxsus gözəllikləri var. Bununla belə, fəsil dəyişkənliyi insan orqanizmində müəyyən dəyişiklik­lərin baş verməsinə səbəb olur. Buna görə də gün ərzində, həmçinin fəsil dəyişkənliyində bəzi qaydalara əməl edərək sağlamlığımıza ciddi diqqət yetirməliyik. Nəzərə alsaq ki, artıq payız fəslidir və qarşıda bizi bundan da soyuq havalar gözləyir, o zaman mütləq şəkildə özümüzü havanın soyuğundan qorumalı və sağlamlığımıza biganə yanaşmamalıyıq. Havalar soyuduqca bədənin müqaviməti azalır. Bədən zəiflədiyi üçün xəstəliyə yoluxma halları daha çox müşahidə olunur. Mütəmadi olaraq işləyən insanlarda və ya məktəblilərdə bu cür hallara tez-tez rast gəlmək mümkündür. Havaların qəfil soyuması xroniki xəstəlikləri olan insanlara daha tez təsir edir və bəzi mövsümi xəstəliklər baş qaldırır. Bu cür xəstəliklərdən qorunmağın yollarını öyrənmək üçün həkim İsmət İmanova ilə həmsöhbət olduq:

– İsmət həkim, fəsil dəyişkənliyi ilə əlaqədar payızda hansı xəstəliklərin aktivliyi çoxdur?

– Payızda havanın soyuması, hava çirkliliyinin artması yoluxucu xəstə­liklərin sayını artırır. Payız aylarında xarakterik xəstəliklər soyuqdəymə, badamcıqların iltihabı, faringit-boğaz iltihabı, sinuzit, otitis media, bronxit və pnevmoniyadır. Fəsil dəyişkənliyini insanlar çəkisindən, orqanizmin immunitet səviyyəsindən asılı olaraq, müxtəlif cür keçirirlər. Bu, bəzi insanlarda özünü halsızlıq, yorğunluqla büruzə versə də, bəzilərində yuxusuzluq, iştahasızlıq və depressiya ilə müşahidə olunur. Payız soyuqdəymə ilə başlayan və diqqət edilmədikdə bəzən ağır fəsadlar yarada bilən xəstə­liklər fəslidir. Soyuqdəymə və qrip viruslarla yaranan xəstəliklərdir. Əlamətləri halsızlıq, qızdırma, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır. Yaşlı nəslin nümayəndələrinə, eləcə də ürək-damar, təzyiq oynaması xəstəliklərindən əziyyət çəkənlərə qrip peyvəndi olmalarını məsləhət görürlər. Çünki temperatur dəyişkənliyinə məruz qalan insan orqanizmi zəifləyir, gücdən düşür və temperatur dəyişkənliyinə hazır olmadığı üçün müxtəlif xəstəliklərə yoluxma ehtimalı artır. Qrip virus mənşəli xəstə­likdir. Müxtəlif bakteriyalar bu xəstə­liyə qoşulduqdan sonra fəsad çoxalır. İndi qripin və digər xəstəliklərin, necə deyərlər, “tüğyan etdiyi” vaxtdır. Qrip yaşından asılı olmayaraq, hər bir insana tez yoluxan bir xəstəlikdir. Qrip həm də orqanizmdə cürbəcür xəstəliklərin təməlini qoyur. Çoxları qripə ciddi yanaşmırlar. Onun gəldi-keçər bir xəstəlik olduğunu düşünüb, o qədər də ciddi qəbul etmirlər. Ancaq unutmaq olmaz ki, qrip faringit, sinuzit, haymorit kimi xəstəliklərin başlanğıcıdır; həm də böyrək patologiyası yaradır. Xəstəlik zamanı ağciyər həssaslaşır. Bu zaman xəstənin orqanizmi zəifdirsə, rütubətli şəraitdə çalışırsa, normal qidalanmırsa, o, vərəmə də yoluxa bilər. Qripin ən çox yoluxma səbəbi ortaq istifadə edilən əşyalardır. Buna görə də qripə yoluxmuş adamdan uzaq gəzmək, onun əli dəyən əşyalardan istifadə etməmək məsləhət görülür.

– Bu cür xəstəliklər daha çox hansı yaşda olan insanlarda özünü büruzə verir və qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

– Payız fəsli xəstəliklərinə ən çox uşaqlar, diabet, astma kimi xroniki xəstəliyi olanlar yoluxurlar. Yetkinlərdə isə həddindən artıq yorğunluq, stress, qidalanma nizamsızlığı və həddən artıq soyuğa məruzqalma kimi hallarda xəstəlik görünə bilər. Xarici faktorlarla əlaqədə olan insanlar daha çox payız xəstəliklərinə yoluxurlar. Məktəblər, kafelər, fabriklər, iş yeri və ofislər xəstəliklərin asanca yayıldığı mühitlərdir. Qrip və bu kimi yoluxucu xəstəliklərdən qorunmaq üçün xəstələrlə yaxın təmasda olmaq olmaz. Qələm, kitab və stəkan kimi xüsusi əşyaları xəstələrlə ortaq istifadə etmək düzgün deyil. Əl təmizliyinə çox diqqət yetirilməlidir. Xüsusilə bağlı məkanlardan, havalandırılması yaxşı olmayan yerlərdən mümkün qədər uzaq durmaq lazımdır. Mövsümə uyğun geyinilməli, paltarlar nə çox nazik, nə də çox qalın olmalıdır.
Qrip xəstəliyini influenza virusu yaradır. Xəstəlik xəstə və ya daşıyıcı kəslərin asqırması və ya öskürməsi, onun tutduğu qapı qolu, telefon və ya dəsmal kimi ortaq istifadə əşyalarından asanlıqla keçə bilər. Bədən hava dəyişmələrinə 2-4 həftəyə öyrənir. Bu müddəti sağlam qalmağı bacaran insanlar sonra daha az xəstələnirlər. Ancaq payız gələn kimi xəstəliyə yoluxanlar bütün qış boyu xəstələnirlər. Bir də görürsən ki, kimsə allergiya mənşəli xəstəliklərdən şikayət edir. Bir başqası mədə-bağırsaq sistemlərində yaranan problemlərdən danışır. Digərləri isə qan təzyiqinin yüksəlməsindən və ürək-damar nahiyəsində ağrıların artmasından narazılığını bildirir. Sadəcə olaraq, gərək hər bir insan müəyyən qaydalara və normalara əməl eləsin. Xüsusən də ictimai nəqliyyatda, avtobuslarda olarkən qripə yoluxmuş insanlar qoruyuculardan istifadə etsələr, daha yaxşı olar. Üstəlik, insanlar sanitar və gigiyenik qaydalara riayət etsələr, bu cür xəstəliklərdən özlərini qismən də olsa, qoruya bilərlər.

– İsmət həkim, payız mövsümündə hansı qidalara üstünlük verilməsi insan sağlamlığı üçün əhəmiyyətlidir?

– Havaların soyuması nəticəsində yaranan xəstəliklərin qarşısının alınması üçün qida rasionuna diqqət yetirmək çox vacib və zəruri məsələdir. Uşaqlar, süd verən analar, hamilələr, qocalar və xroniki xəstə­liyi olan insanlar payızda sağlamlıqlarının qorunması üçün düzgün qidalanmalıdırlar. Çünki hava dəyişkənliyi orqanizmdə vitamin və minerallara ehtiyac yaradır. Biz bu ehtiyacları qida vasitəsilə ödəməyə çalışmalıyıq. Kök, bibər, göyərtilər, ağartı məhsulları mütləq gündəlik qida rasionuna salınmalıdır. Bundan əlavə, təbii meyvə şirələrinə üstünlük vermək lazımdır. Təbii bitki çayları, salatlar da orqanizmin vitamin ehtiyacını ödəyir. Payız fəslində orqanizmin vitamin və mineral ehtiyacını ödəmək insanları qışda ağır xəstəliklərdən qoruyur. Ət və süd məhsulları, kişmiş, cəviz immuniteti artırmağa yardım edən qidalardandır. Üzüm, nar, qırmızı giləmeyvə, moruq xəstəliyə yoluxma riskini azaldır. İmmuniteti zəif olan uşaq və yaşlı insanların vitaminlərə, xüsusən də C vitamininə daha çox ehtiyacı vardır. Havalar soyuqlaşdığı üçün bədənimizin enerjiyə olan tələbatı artır. Bu səbəbdən çox yemək istəyi meydana gəlir. Payızda artıq çəki yığmamaq üçün gün ərzində 5 dəfə, amma az-az yemək lazımdır. Payız fəslinə keçid ürək-damar xəstələrində tarazlığı poza, onlarda ağrıları intensivləşdirə bilər. Düzdür, soyuq ürəyə təsir etmir, amma havaların dəyişməsi insana psixoloji təsir göstərdiyindən ürək xəstəlikləri də məhz bu dövrdə üzə çıxır.
Fəsil dəyişkənliyi daha çox uşaqların sağlamlığına böyük təsir göstərir. Odur ki, uşaqlara hər zaman qayğı göstərmək lazımdır. Uşaqların immun sistemi çox zəif olduğu üçün yazda uşağın orqanizmini yay, payızda isə qış üçün hazırlamaq lazımdır. Gigiyenik qaydalara əməl etmək və onların qida rasionunu vitamin və mineralların bol olduğu qidalarla zənginləşdirmək məsləhət görülür. Meyvə-tərəvəz, ağartı məhsulları, meyvə şirələri uşaqların vitamin ehtiyacının ödənilməsi üçün çox vacibdir. Çünki bu cür qidalanmaq orqanizmi lazım olan vitaminlərlə təmin etmiş olur.

Müsahibə üçün sağ olun.

 Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR