İnsan üçün onun həyatı və sağlamlığı ən dəyərli nemətdir. Bu nemətin qorunması, onun daim qiymətləndirilməsi də insanları düşündürən əsas qayğılardandır. Günün 24 saatı ərzində baş verə biləcək bəzi gözlənilməz hadisələr isə bəzən elə nəticələnə bilər ki, dəyən maddi zərərlərin əvəzinin ödənilməsi yalnız sığorta yolu ilə mümkün olar. Adamların fərdi təhlükəsizliyi və rahat həyatının təmin olunmasında sığortanın əhəmiyyəti də buradan görünməkdədir. Buna görə hər bir ölkədə vətəndaşların həyat və sağlamlığını riskli təbii və texnogen hadisələrdən sığortalamaq əsas vəzifələrdən biri hesab edilir.
Sığortanın növləri və təşkili formalarına görə fərdi qəza sığortasının öz yeri vardır. Könüllülük prinsipləri üzərində həyata keçirilən bu sığorta növü tərəflərin qarşılıqlı razılaşma yolu ilə qaydalar əsasında aparılır. İcbari olan digər sığorta növləri ilə müqayisədə bu sığorta növünün də üstünlükləri vardır. Belə ki, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta yolu ilə sığortalanan şəxslərə yalnız iş vaxtı baş verə biləcək hadisələrdən təminat verilirsə, fərdi qəza sığortalı insana isə onun harada olmasından və günün hansı saatından asılı olmayaraq, baş vermiş gözlənilməz, bədbəxt hadisələrdən təminat verilir. Bu isə hər bir insanın harada olmasından asılı olmayaraq, özünə verdiyi dəyərin bir tələbat kimi reallaşdırılması deməkdir. Gündəlik həyatımızda rast gəlinən hadisələri, bu hadisələrin insanların həyatında və sağlamlığında ciddi fəsadlarla nəticələnən hallarını gördükdə daha etibarlı gələcək üçün sığorta agentliyi tərəfindən həyata keçirilən fərdi qəza sığortasının hər kəs üçün əhəmiyyəti bir daha məlum olur.
Sağlamlığın və əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən qəfil, gözlənilməz bədbəxt hadisələrə həmişə, hər yerdə rastgəlmə ehtimalı vadır. Fərdi qəza hadisəsi hesab olunan belə hadisələr zamanı sığorta olunduqda sığortaçı tərəfindən ona ödənilən ödənişlər dəymiş zərərin qarşısının alınması üçün istifadə oluna bilər. Hər gün rast gəlinən fiziki, kimyəvi, texniki xarakterli təsadüfi hadisələrdən dəymiş zərərlərin əvəzini bu yolla ödəmək mümkündür. Belə ki, insanın cansağlığının və əmək qabiliyyətinin itirilməsi ilə müşayiət olunan yanğın, partlayış, donma, suda boğulma, elektrik cərəyanı, ildırım, günvurma, vəhşi heyvanların və cinayətkar ünsürlərin hücumu, tənəffüs yollarına yad əşyanın düşməsi, zəhərli bitkilərdən kəskin zəhərlənmə, eləcə də avtomobil, mexanizm və alətlərdən istifadə zamanı ona dəymiş zərərə görə sığortalı vətəndaşın özü və ya ailəsi sığorta müqaviləsində göstərilmiş məbləğdə sığorta ödənişi ilə təmin olunur.
Fərdi qəza sığortası tərəflər arasında razılaşdırılma əsasında sığorta müqaviləsi bağlamaqla həyata keçirilir. Bu müqaviləyə əsasən, sığortalı şəxsin ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdiyi zaman həmin müqavilədə göstərilən sığorta məbləğinin sığortaçı tərəfindən faydalanan şəxsə, yəni sığorta olunana və ya sığortaolunan bədbəxt hadisə nəticəsində vəfat etdiyi hallarda övladlarına verilməsi nəzərdə tutulur.
Fərdi qəza sığorta növü üzrə müqavilə bağlanarkən sığortalı şəxsin ödədiyi sığorta haqqı razılaşdırılmış sığorta məbləğinə və sığortaolunanın peşəsi, məşğuliyyəti nəzərə alınmaqla müəyyənləşdirilən tarif dərəcəsinin sığorta məbləğinə nisbətdə hesablanmış pul məbləğidir. Başqa sözlə, fərdi qəza sığortası üzrə tarif dərəcəsi risklərin səviyyəsindən asılı olaraq, 0,5 faizdən 2 faizədək məbləğdə müəyyənləşdirilir. Məsələn, aşağı risk dərəcəsində 1000 manat dəyərində sığorta məbləği üçün 0,5 faiz tarif dərəcəsi ilə 5 manat sığorta haqqı ödəməklə müqavilə bağlamaq mümkündür. Beş min manatlıq sığorta məbləği üçün isə müqavilə bağlandıqda 0,5 faiz tarif dərəcəsi ilə 25 manat sığorta haqqı ödənilməlidir. Nisbətən yüksək risk səviyyəsi mövcud olduqda isə min manatlıq sığorta məbləği üçün 1 faiz tarif dərəcəsi ilə 10 manat sığorta haqqı, 5 min manatlıq sığorta məbləği üçün isə 50 manat sığorta haqqı ödənilməklə müqavilə bağlanılır.
Gündəlik həyatda insanların fəal həyat tərzi, texnikadan və nəqliyyat vasitələrindən daha çox istifadə olunması, öz növbəsində, gözlənilməz qəfil hadisələri də qaçılmaz edir. Bu hadisələrdən, eləcə də digər gözlənilməz bədbəxt hadisələrdən vaxtında sığortalanmaq insanların çıxılmaz vəziyyətdən xilas olunmalarına kömək edir. Bu kömək isə təkcə insanın özünə deyil, onun bütün ailə üzvlərinə çox lazımdır.
Hafiz HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş mütəxəssisi