Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin daha da aşağı düşməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. Şərur rayonunda keçirilən növbəti əmək yarmarkasında bu barədə geniş danışılıb.
Məşğulluq tədbirini giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov deyib ki, muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin məşğulluğunun və rifahının yüksəldilməsinə xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu mənada mühüm əhəmiyyət daşıyır. Cari ilin aprel, iyun və avqust aylarında əmək yarmarkası keçirilib, bu yarmarkalara, ümumilikdə, 500-dən çox boş iş yeri çıxarılıb, 136 nəfər işlə təmin olunub.
Əmək yarmarkasına 27 müəssisədən 295 boş iş yeri çıxarıldığını bildirən mərkəzin direktoru belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Şərur Rayon İcra Hakimiyyətinin şöbə müdiri Səfər Hüseynov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Şərur rayonunda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təminatında mühüm rol oynayır və sakinlər tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Tədbirdə işaxtaran vətəndaş Türkanə Ələkbərova çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib və deyib ki, bu qəbildən fəal məşğulluq tədbirləri rayon sakinləri tərəfindən maraqla qarşılanır, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırır.
Əmək yarmarkasında 38 nəfərə işə göndəriş verilib, 15 nəfər ictimai işlərə cəlb edilib.
Cəfər ƏLİYEV