22 Dekabr 2024, Bazar

XXI əsr informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, ayrı-ayrı regionların bir-birinə daha çox inteqrasiya olunduğu, zəngin keçmişi olan xalqların ənənəvi dəyərlərinin daha çox sıxışdırılmağa məruz qaldığı, hər bir dövlətin həyata keçirdiyi siyasətdə öz gələcəyini sağlam təməllər üzərində qurmaq prinsipinin qabardıldığı, bir sözlə, hər an yeniləşən, hadisələrin intensiv xarakter aldığı bir zamandır. Əlbəttə, belə bir dövr uşaqlarla aparılan işin metodikasını dəyişməyi, zamanla uzlaşdırmağı tələb edir. Bunu edən, eramızın sayca sonuncu əsri ilə ayaqlaşan dövlətlər öz gələcəyinə inana bilərlər.

 Muxtar respublikada son illər uşaqlarla bağlı həyata keçirilən tədbirlər, görülən işlər öz bəhrəsini verməkdədir. Sevindiricidir ki, regionumuzda hazır­da cinayət törədən və cəzaçəkmə müəssisələrində 18 yaşadək uşaq yoxdur. Uşaq hüquqlarının pozulmasının qarşısının alınması, bu sahədə maarifləndirici tədbirlərin həyata keçirilməsi, ümumtəhsil məktəblərində uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması və milli dəyərlərimizin onlara aşılanması məqsədilə mütəmadi olaraq seminarların keçirilməsi, uşaqların təhsil almalarına, asudə vaxtlarının səmərəli təşkilinə ciddi yanaşılması yeni nəslin sağlam böyüməsinə gətirib çıxarmışdır. 

Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradılması da bu istiqamətdə görülən işlərin davamıdır. Çünki informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə edib uşaqlarla bağlı məlumatları elektronlaşdırmaqla uşaq hüquqlarının daha operativ müdafiəsinə, aidiyyəti orqanların bu sahə ilə bağlı səmərəli fəaliyyətinə, hər bir uşaq haqqında informasiyaların asanlıqla əldə olunmasına nail olmaq olar. Bu amillər nəzərə alınaraq muxtar respublikada uşaqların qanunla müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyət göstərməsi ayrıca müddəa kimi yer almışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq edilmişdir.
Bundan əlavə, bu il 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri uşaq hüquqlarının qorunması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə uşaqlar haqqında elektron məlumat bankının yaradılmasını başa çatdırmağı tapşırmışdır. Bununla əlaqədar komitənin müraciəti əsasında hal-hazırda Naxçıvan Muxtar Respublikasının İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində elektron məlumat bankının proqram təminatı hazırlanmaqdadır.
Muxtar respublikamızda 157 min 76 nəfər uşaq yaşayır. Hər il bu rəqəm orta hesabla bir-iki faiz arası, bir az da konkretləşdirsək, ildə 2500 nəfər artmaqdadır. Buna görə də uşaqlara qiyabi nəzarəti gücləndirmək üçün elektron məlumat bankı sisteminin qurulması vacibdir. Digər tərəfdən, məlumat bankı muxtar respublikada uşaqlarla bağlı hər hansı problemi dərhal aşkar etməyə və həllini asanlaşdırmağa imkan verən mühüm mexanizmdir. Əgər muxtar respublikanın ucqar yaşayış məntəqəsində yaşayan, sağlamlıq imkanlarının məhdudluğu təhsil almasına mane olmayan Həsən Məmmədov (ad şərtidir) təhsilə cəlb olunmamışsa, bu haqda elektron məlumat bankından öyrəniləcəkdir. Müvafiq nazirlik, komitə və idarələrin uşaqlarla bağlı verdiyi məlumatlar əsasında məlumat bankında muxtar respublikada yaşayan bütün uşaqlar haqqında fərdi məlumatlar toplanacaq. Bunun əsasında muxtar respublikada uşaqların ümumi vəziyyəti barədə məlumat formalaşdırmaq mümkün olacaqdır.
Elektron məlumat bankının istifadəçiləri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Gənc­lər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır. Elektron məlumat bankını uşaqlar haqqında məlumat bazası və bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki proqram kompleksi təşkil edir.
Uşaqlar haqqında məlumat bazası elektron məlumat bankının mərkəzi serverində yerləşir və bura hər bir uşaq barədə fərdi məlumatlar daxil edilir. Elektron məlumat bankına uşaq barəsində məlumatlar daxil edən mərkəzi və yerli icra hakimiyyəti orqanları yalnız müəyyən olunmuş formaya uyğun elektron anketin öz səlahiyyətlərinə aid hissələri üzrə bəndləri doldururlar. Elektron məlumat bankı elektron anketə daxil edilmiş məlumatlara əsasən, statistik hesablama sisteminə malikdir. Elektron məlumat bankı istifadəyə verildikdən sonra buradan uşaqlarla bağlı müxtəlif məlumatları asanlıqla əldə etmək mümkündür. Məsələn, məlumat bankının proqramında statistika bölməsinə daxil olmaqla, “a) sağlamlıq imkanları məhdud uşaq” və “b) idman nailiyyətləri olan uşaq” menyularını seçdikdə idman nailiyyətləri olan sağlamlıq imkanları məhdud olan uşaqların adları və onların sayı barədə məlumatları əldə etmək mümkün olacaqdır. Uşaqların adlarını seçməklə həmin uşağın elektron anketinə baxmaq olar.
Elektron məlumat bankının idarə olunmasına, məlumat bankına məlumatların yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti məlumat bankının administratoru həyata keçirir. Elektron məlumat bankının fasiləsiz fəaliyyətinin və daxil edilən məlumatların mühafizəsinin təmin edilməsi, məlumatların işçi stansiyalardan ötürülməsinə və işçi stansiyalarla bağlantıların təmin edilməsinə nəzarət, elektron məlumat bankında qeydiyyata alınmış uşaq barəsində məlumatları mərkəzi serverə daxil etmək, mərkəzi serverə qoşulmaq üçün müvafiq bağlantı parametrlərini vermək, elektron məlumat bankının mühafizəsini təmin etmək məqsədilə istifadəçinin adının, şifrəsinin və digər parametrlərinin dəyişdirilməsi üçün əməliyyat aparmaq, müvafiq statistik məlumatlar hazırlayaraq təhlil etmək administratorun əsas vəzifəsidir. Texniki problemlər yarandıqda, serverə virus hücumları olduqda və səhv məlumatlar göndərildikdə administrator işçi stansiyasının fəaliyyətini məhdudlaşdırır və ya dayandırır.
Elektron məlumat bankına məlumatların vaxtlı-vaxtında daxil edilməsinə nəzarət etmək və oradan məlumatların alınmasını təşkil etmək üçün elektron məlumat bankının istifadəçisi olan orqanlarda cavabdeh şəxs və məlumatları banka daxil etmək və oradan məlumatları almaq səlahiyyətinə malik operator təyin edilir. Cavabdeh şəxs elektron məlumat bankına daxil edilmiş məlumatların düzgünlüyünü, onlarda müvafiq dəyişikliklərin mütəmadi olaraq aparılmasını təmin etməlidir. Operator elektron məlumat bankının administratoru tərəfindən müəyyən edilən və ona təhvil verilən istifadəçi adına, şifrəyə və digər bağlantı parametrlərinə malik olur. İstifadəçilər öz fəaliyyət istiqamətlərinə aid olan informasiyaları xüsusi proqram təminatı vasitəsilə dolduraraq məlumat bankının mərkəzi serverinə ötürürlər. Məlumatlarda hər hansı bir dəyişiklik baş verdikdə istifadəçi həmin məlumatı üç gün müddətində müvafiq qaydada mərkəzi serverə ötürür və ya elektron daşıyıcılarla administratora çatdırır.
Dövlət orqanları, hüquqi və fiziki şəxslər məlumat bankından məlumat almaq üçün bilavasitə məlumat bankının administratoruna sorğu vasitəsilə müraciət edirlər. Daxil olan sorğu administrator tərəfindən öyrənilir və sorğunun daxil olduğu gündən yeddi iş günü müddətində onun icrası təmin olunur. Elektron məlumat bankında qeydiyyata alınmış uşağın elektron anketi 18 yaşına çatdıqdan iyirmi beş il sonra məhv edilir.
Məlumat bankından statistik məlumatlar adsızlaşdırılmış şəkildə, fərdi məlumatlar isə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada verilir. Məlumat bankında toplanmış məlumatların konfidensiallığı administrator tərəfindən təmin edilir.

Elektron məlumat bankının administratoru Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Muxtar respublikanın müvafiq dövlət orqanları öz funksiyalarına uyğun olaraq, uşaqlar haqqında məlumatları elektron məlumat bankına ötürəcəklər. Bu məlumatlar uşağın adı, soyadı və atasının adı, doğulduğu tarix, yaşadığı ünvan, fərdi identifikasiya nömrəsi, şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnaməsinin seriya və nömrəsi, ailə üzvlərinin sayı, ata və anasının yaşadığı ünvan və vətəndaşlıq vəziyyətləri, doğum və ölüm tarixləri, məşğulluqları, valideynlərinin nikah vəziyyəti ilə bağlı olacaqdır. Bundan əlavə, uşağın himayədə və qəyyumluqda olması, qeydiyyatda olduğu səhiyyə və təhsil aldığı müəssisələr, sağlamlıq tarixçəsi, xüsusi təhsil və idman nailiyyətləri, asudə vaxtını təmin edən istirahət düşərgəsi, uşağa təyin edilmiş əmək pensiyası və yaxud sosial müavinətlər, ünvanlı sosial yardım, aliment və onun məbləği, uşaqla bağlı həyata keçirilmiş tərbiyəvi tədbirlər, uşağa qarşı hüquqpozmalar və uşağın hüquqpozmaları, 15 yaşından yuxarı uşağın məşğulluq vəziyyəti, eləcə də uşağın hüquqları ilə bağlı qəbul edilmiş ərizə, şikayət və müraciətlərin səbəbləri, onların icraata götürülmə və işə xitam verilmə tarixi, ölümünün qeydiyyatı barədə məlumatlar da uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankında yerləşdiriləcəkdir.
Muxtar respublikamızın yerləşdiyi coğrafi məkan təkcə təbiəti ilə deyil, eləcə də siyasi, iqtisadi baxımdan dünyanın digər regionlarından seçilir. Sözsüz ki, belə bir məqam bir tərəfdən muxtar dövlətimiz üçün bir üstünlükdür. Digər tərəfdən isə işlək, hərəkətli, tranzit regionda yerləşməyimiz yeni nəslin sağlam təməllər üzərində böyüməsini əngəlləyən arzuolunmaz təsirlərə məruz qala bilmək riskini artırır. Qürurverici haldır ki, muxtar respublikada qabaqlayıcı profilaktik iş yüksək səviyyədə qurulmuş, gələcəyimizlə bağlı iş prinsipi düzgün müəyyənləşdirilmişdir. Bu baxımdan dövlət orqanları tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili məqsədilə uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradılması gələcəyimizin daha sağlam, möhkəm təməllər üzərində qurulmasına hesablanmışdır.

Xalqımızın gələcəyinin təminatçısı olan uşaqlarla aparılan işin əsas prinsiplərinin ənənəvi dəyərlərimiz üzərində qurulması, çatışmazlıqların operativ şəkildə həlli, hər bir uşağa nəzarətin mütərəqqi üsullarla həyata keçirilməsi muxtar respublikada mövcud vəziyyətin, əmin-amanlığın, stabil inkişafın qarşıdakı dövrdə də davam edəcəyinə əminlik yaradır.

Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR