22 Dekabr 2024, Bazar

Texnologiyanın  insanlara çox böyük faydası olduğu günümüzün həqiqətidir. Sənayenin inkişafında da texnologiyanın payı çox böyükdür. Texnologiyanın faydasını aşağıdakı kimi ümumiləşdirə bilərik: internet sayəsində dünyanın bir ucundan digər ucuna məlumatın sürətli bir şəkildə çatdırılması. İnsanların  həyatına sürətli bir şəkildə nüfuz edən internet yalnız fərdlərin deyil, eyni zamanda təşkilatların da strukturlarına və iş quruluşlarına  təsir etməkdədir. 

Texnologiyadan müasir günümüzdə hər sahədə istifadə olunur: məsələn, tibdə günbəgün təkmilləşən cihaz və aparatların icad edilməsini, təhsildə texnologiyadan geniş istifadə edilməklə məktəblərdə dərs izah etməyin asanlaşmasını, həm də vizual baxımdan şagirdlərin inkişafının təmin edilməsini və başqa faktorları sadalaya bilərik.

Texnologiya nəqliyyat sahəsində də çox faydalıdır. Əvvəllər yolları atlarla və ya yürüyərək aylarla, bəlkə də, illərlə gedirdilər. Hətta o zamanlardan bəhs edən filmlərdə insan bu mənzərələrə tamaşa edəndə tam anlaya bilmir ki, bu hal gerçəkdir, yoxsa təxəyyül. Texnologiya sayəsində biz çox uzaq bir yerə qısa zamanda getmək imkanı qazanmışıq. Bu səbəbdən inkişafın daha da dərinləşməsini arzulayır və bu yolda bütün imkanları səfərbər edirik.
Texnologiyanın faydaları ilə birlikdə zərərləri və bunun yol açdığı problemlər də yox deyil: nəqliyyat vasitələrinin günbəgün çoxalması və ətraf mühitin çirklənməsi, meşələrin kağız istehsalı, torpaq genişləndirilməsi, heyvandarlıq sahəsi yaratmaq kimi səbəblərlə yox edilməsi və sair.
Texnologiya məhsullarının az qala hamısı elektriklə işləyir. Elektriklə çalışan hər alət bir elektromaqnetik sahə əmələ gətirir. Bilindiyi kimi, insan beyninin də özünə aid elektromaqnetik sahəsi vardır. Çünki sinirlər neyronlar vasitəsilə elektrik xəbərdarlıqlarını beyinin müxtəlif yerlərinə çatdıraraq fəaliyyət göstərirlər. Bu səbəblə gündəlik həyatda istifadə etdiyimiz hər bir elektrikli cihaz mütləq bizdə mənfi təsirlər yaratmaq gücünə malikdir. Məsələn, mobil telefon ilə bizə ən az zərər verəcək şəkildə danışma müddəti həkimlər tərəfindən maksimum 5 dəqiqə olaraq açıqlanıb. Rus elm adamlarının 5-12 yaşlı uşaqlar üzərində keçirdikləri 5 illik təcrübələr zamanı məlum olub ki, telefon istifadə edən uşaqlar mobil telefon istifadə etməyən yaşıdları ilə müqayisədə daha çox diqqət və yaddaş pozğunluğu, huşunuitirmə kimi hallarla qarşılaşırlar. Amerikada 1990-cı illərin sonunda doğulmuş 13 min uşaq üzərində araşdırma aparılıb. Müəyyən olunub ki, hamilə ikən gündə 2-3 dəfə mobil telefon istifadə edən anaların uşaqlarında davranış pozğunluğu 54 faiz yüksək olur. Uşağa 7 yaşından əvvəl mobil telefon verilirsə, onda davranış pozğunluğu 80 faiz daha çox yaranır. Mobil telefonun təhlükəsindən qorunmaq üçün danışarkən mümkün qədər diafon və ya qulaqlıqdan istifadə etmək lazımdır. Mobil telefonun yaydığı elektromaqnit dalğa miqdarı beyin istiliyinin artmasına səbəb olur. Beyindəki bu maqnetik nizamsızlıq beyin hüceyrələrinin ölməsinə və xüsusilə qulaqdakı bəzi hissələrin funksiyasının pozulmasına gətirib çıxarmaqdadır. Bu da insanda duyğu itkisi və sair kimi problemlərə gətirib çıxarır. Aparılan araşdırmalar elektrikli alətlərin xərçəng riskini artırdığını göstərir. Bu cür vəziyyətlərdə ən çox təsirə məruz qalan toxumalar beyin mayesi və qan, ikinci dərəcədə təsirlənən toxumalar isə göz, göz mayesi, troid, əzələ, mədə-bağırsaq traktı və sair toxumalardır. Bu yazımızda cəmiyyətimizin ən çox istifadə etdiyi texnologiya vasitələrinin ziyanlarını qismən də olsa, nəzərinizə çatdırmaq istərdik: müasir gənclər musiqiyə qulaqlıq vasitəsilə qulaq asırlar və bu da gələcəkdə kütləvi karlığa səbəb ola biləcək bir amildir. Adi qulaqlıqlarla maksimum səviyyədən bir az aşağı səslə musiqiyə qulaq asmaq zərərsizdir. Lakin bu, o demək deyil ki, günün bütün saatı həmin qulaqlıq sizin qulağınızda olmalıdır. Ətrafdakı səsi batırmaq üçün qulaqlığa çox səs verilməsi isə təhlükəlidir.
Kompüter asılılığının təsirləri nəticəsində yuxu nizamsızlığı, iş əmsalının aşağı düşməsi, ictimai əlaqələrin zəifləməsi, təkbaşına vaxtkeçirmə meylinin artması, ailə münasibətlərində pozulma və sair bu kimi problemlər ortaya çıxır. Fiziki olaraq isə fəqərə sürüşməsi, boyun yırtığı, bel yırtığı, bilək, diz və dirsək əhəngləşməsi, çiyin və boyun tutulması, baş, boyun və kürək ağrıları, yorğunluq, əsəbilik və göz yorğunluğu görülməkdədir. Kompüter ekranları gənc insanların gözündə pərdə meydana gəlməsinə səbəb olur, yəni göz vaxtından əvvəl yaşlanır.
Sadalanan xoşagəlməz hallarla üzləşməmək üçün gündəlik məşğuliyyətimizi tənzimləməyi bacaraq.

 Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR