Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Babək Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə rayonda növbəti əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev açaraq bildirib ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın uğurlu icrası əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Qeyd olunub ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikamızda da daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib. Babək Rayon Məşğulluq Mərkəzi də öz işini bu istiqamətdə qurub.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev çıxışında qeyd edib ki, son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına işaxtaran insanların marağının böyük olması onu göstərir ki, işaxtaranlarda bu yarmarkalarda ixtisaslarına müvafiq iş tapmalarına böyük inam vardır.
İşaxtaran vətəndaş Turanə Kərimova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd olunub ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 98 boş iş yerinin çıxarıldığı yarmarkada 32 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Şərur rayonunda keçiriləcək.
Xəbərlər şöbəsi