Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Gənclərin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc kadrların irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir.
Bu gün muxtar respublikamızda gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli və vətənpərvər ruhda tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı bu məsələlərin həlli istiqamətində işlərin daha sistemli şəkildə həyata keçirilməsinə təkan vermişdir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması regionumuzda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi bu ilin aprel ayında isə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, binada Gənclər Fondunun fəaliyyəti təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu muxtar respublikada gənclərin fəallığının artırılması sahəsində ardıcıl tədbirlər həyata keçirir. 2014-cü ilin ötən dövrü ərzində fond tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Mən Naxçıvanı tanıyıram” bilik olimpiadası, “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi,“Naxçıvanı kəşf et” layihəsi reallaşdırılmışdır. Davamlı olaraq keçirilən bu cür layihələr muxtar respublikamızın tanıdılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda gənclər arasında yazı və rəsm müsabiqələri keçirilmişdir. Tələbə-gənclərin psixoloji sahələrdə maariflənməsi, onların karyera seçiminin və hazırlığının düzgün aparılması, gənclərin cəmiyyət üçün yararlı kadr kimi formalaşması yolunda şəbəkələşmə və sosial aktivliyin artırılması, sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməsi, gənclərin gələcək karyeralarında sağlam addım atmaları və fəallığının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə 2014-cü ilin 9 ayı ərzində Gənclər Fondunun təşkilatçılığı ilə “Unipsixoloji forum” və “Gənclərin aktivliyinə dəstək” layihələri həyata keçirilmişdir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili də dövlət gənclər siyasətinin mühüm tərkib hissəsidir. Fond tərəfindən ötən dövr ərzində Ağbulaq İstirahət Mərkəzində “Gənclərin yay düşərgəsi”, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı ilə birlikdə “Gənclərin yay universiteti”nin təşkil olunması bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Hər iki layihədə mütəxəssislər tərəfindən müxtəlif mövzularda seminar-mühazirələrin keçilməsi istirahət günlərinin səmərəliliyini daha da artırmışdır. Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən gənc jurnalistlər arasında yaradıcılıq müsabiqəsi, orta ixtisas təhsili müəssisələri arasında bilik yarışı və gənclər arasında “Nuh yurdu” intellektual oyunu gənclərin Azərbaycanı qurtuluşa aparan tarixi məqamlar haqqında maarifləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Fondun keçirdiyi tədbirlərdə məktəb şagirdləri də unudulmamış, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə “Muxtariyyət ili” münasibətilə X-XI sinif şagirdləri arasında “Naxçıvan: doğma diyar” adlı inşa-yazı müsabiqəsi keçirilmiş, muxtar respublikanın tarixi, bugünkü inkişafı şagirdlərin düşüncəsi ilə təqdim edilmişdir.
Bu il iyul ayının 20-də fond tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Muxtariyyətin intibahı: 1995-2014” yaradıcılıq müsabiqəsi elan edilmişdir. Müxtəlif istiqamətlər üzrə elan edilən yaradıcılıq müsabiqəsinin əsas məqsədi Naxçıvanın inkişaf dövrünə nəzər salmaq, muxtar respublika həyatının bugünkü mənzərəsini canlandırmaq və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir. Noyabrın 20-dək davam edəcək müsabiqəyə müxtəlif səpgili materialların qəbulu davam edir.
Hazırda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birgə hazırlanmış tədbirlər planı və əsasnaməyə uyğun olaraq, hər ay müntəzəm şəkildə “Hamımızın bir Vətəni var – bu, Azərbaycandır” silsiləsindən tam orta məktəblərin şagirdləri arasında “Xəmsə” intellektual oyununun televiziya variantı hazırlanır. Həmçinin 2014-cü ilin aprel ayından başlayaraq Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə ingilis, rus və fransız dilləri üzrə hazırlıq kursları da təşkil olunur. Dövlət vəsaiti hesabına həyata keçirilən kurslara müxtəlif sahələr üzrə təhsil alan və ya işləyən gənclər cəlb olunur.Aprel ayından başlayaraq 6 aylıq nəzərdə tutulmuş kursların tədrisi davam etdirilmiş, sentyabr ayından başlayaraq xarici dil kursları üçün növbəti qeydiyyat başlamışdır. Hazırda ingilis, fransız və rus dilləri üzrə kurslarda 40 gənc iştirak edir.
Gənclər Mərkəzində gənclərin sərbəst şəkildə komandalar təşkil edərək intellektual oyunlar keçirməsi üçün də şərait yaradılmışdır. Sentyabr ayında iki layihənin həyata keçirilməsi üçün fonda müraciət olunmuşdur. Nəticə etibarilə, hazırda “I Zəka Oyunları Festivalı” və “Ekoloji mədəniyyət və ekoturizm” layihələrinin həyata keçirilməsi üçün hazırlıq işləri görülür. “I Zəka Oyunları Festivalı” muxtar respublikamızda bu qəbildən həyata keçirilən ilk layihə olmaqla yanaşı, gənclərdə komanda işinin təşkili və birgə fəaliyyətin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, 2014-cü ilin əvvəlindən keçirilən müxtəlif layihələrdə, yaradıcılıq müsabiqələrində və bilik yarışlarında muxtar respublika üzrə 2 mindən artıq gənc iştirak etmişdir. Bu da onu deməyə əsas verir ki, bu gün muxtar respublikamızda gənclərin intellektual inkişafına, onların asudə vaxtlarının səmərəli təşkilinə, gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsinə yönəldilmiş layihələr öz müsbət nəticələrini verir. Bütün bunlar isə muxtar respublikamızın gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Gənclər Fondu bundan sonra da öz işini ali və orta ixtisas təhsili müəssisələri, tam orta məktəblər və aid dövlət orqanları ilə birgə quracaqdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Gənclər Fondu