Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ordubad Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 28-də rayonda növbəti əmək yarmarkası keçirilib. Yarmarkaya 20 dövlət və özəl müəssisədən 222 boş iş yeri çıxarılıb.
Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov çıxış edərək bildirib ki, əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. İndi muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Ordubad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar İsmayılov rayonda əhalinin məşğulluğunun artırılması istiqamətində görülən işlərdən danışıb.
İşaxtaran vətəndaş Aysel Məmmədli yarmarkanın təşkilində əməyi olanlara minnətdarlığını bildirib.
Yarmarkada 11 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi