22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların mərkəzində insan amili, əhalinin məşğulluğunun və rifahının yüksəldilməsi dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu mənada mühüm əhəmiyyət daşıyır. Ötən dövr ərzində proqramın uğurlu icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaratmışdır.
2014-cü ilin ötən 9 ayında dövlət proqramının icrası ilə bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsi ilə birlikdə muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmışdır. Boş iş yerləri haqqında məlumatların toplanması mütəmadi nəzarətdə saxlanılmış, ümumilikdə, 332 müəssisədə sorğular keçirilmişdir. Bu dövr ərzində muxtar respublikanın əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsi üçün də müvafiq işlər görülmüşdür. Belə ki, yanvarın 29-da “Naxçıvan Biznes Mərkəzi” MMC-də işəgötürənlərlə görüş keçirilmiş, əcnəbi işçilərə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsinin, yerli əmək ehtiyatlarından istifadə edilməsinin zəruriliyi və əmək bazarının tələbinə uyğun təşkil olunacaq peşə kursları barədə məlumatlar verilmişdir. Əlavə olaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən cari ilin may və avqust aylarında muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə əmək miqrasiyası sahəsində maarifləndirici görüşlər keçirilmişdir.

Proqrama əsasən, aktiv məşğulluq tədbirləri üzrə də müvafiq işlər görülmüş, ötən dövr ərzində məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 2 min 142 iş­axtaran müvafiq müəssisələrdə mövcud olan vakansiyalar üzrə işə düzəldilmiş, 244 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilmişdir. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilmiş əmək yarmarkalarında isə 747 işaxtaran vətəndaş işlə təmin olunmuşdur. Bundan əlavə, keçirilən təhsil yarmarkasında 93, səhiyyə yarmarkasında isə 11 nəfər peşə və ixtisasına uyğun münasib işlə təmin olunmuşdur.
Gənclərin mövsümü və haqqı ödənilən ictimai işlərə göndərilməsi məqsədilə müvafiq dövr ərzində “Naxçıvan Dəmir Yolları” MMC-yə 9, Dövlət Energetika Agentliyinə 5, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 7 nəfər olmaqla, 21 tələbə-gənc ixtisasyönümlü işlərə göndərilmişdir. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetində təhsil alan 2 əcnəbi və 5 yerli tələbə müvəqqəti işlə təmin olunmuşdur.
Kiçik və orta sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, təsərrüfat sahələrinin genişləndirilməsi, fərdi biznes mühitinin formalaşdırılması da əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində müstəsna rola malikdir. Buna görə də muxtar respublikada bu sahəyə dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilmiş, ötən 9 ayda 41 milyon 636 min manat, o cümlədən Sahibkarlığa Kömək Fondu tərəfindən 2 milyon 530 min manat güzəştli şərtlərlə kreditlər verilmişdir. Sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün müvafiq kursların keçilməsi, həmçinin məsləhət xidmətlərinin göstərilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış “Operativ əlaqə sistemi” vasitəsilə sahibkar­lıq subyektlərinə mütəmadi olaraq məsləhət, informasiya xidmətləri göstərilmişdir. Həmçinin “Naxçıvan Biznes Mərkəzi” MMC-də sa­hibkarlığa yeni başlamaq istəyən şəxslər üçün “Öz biznesinə başla” adı ilə keçilən tədris kursunda 15 nəfər iştirak etmişdir. Həmin mərkəz tərəfindən müvafiq dövr ərzində 13 sahibkarlıq subyektinə şifahi konsaltinq xidməti göstərilmiş, 17 müəssisəyə mütəmadi olaraq 68 halda iqtisadiyönümlü məlumatlar çatdırılmışdır.
Əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazır­lığının təşkili də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə 2014-cü ilin müvafiq dövründə muxtar respublikanın əmək bazarının tələbləri nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində “traktorçu-maşınçı”, “xalçaçı”, “dərzi”, “misgər”, “qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər”, “kinooperator”, “televiziya rejissorluğu”, “teleaparıcı”, “elektrik montyoru”, “ofisiant”, “aşpaz köməkçisi”, “bərbər”, “qadın bərbəri”, “ağac üzərində oyma”, “kabel lehimləyicisi və elektrik montyoru” və “qazanxana maşinisti” üzrə peşə kursları təşkil edilmiş, kursları 216 müdavim bitirmişdir. Həmin dövrdə Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində isə əmək bazarına uyğun olaraq, “arıçılıq”, “kənd elektrikləşməsində elektrik montyoru”, “qaynaqçı”, “sürücü”, “traktorçu-maşınçı”, “qaz təsərrüfatı avadanlıqları üzrə çilingər”, “kompüter istifadəçisi”, “rabitəçi”, “mühasibatlıq”, “əməliyyatçı mühasib”, “elektrik qaz qaynaqçısı”, “tikiş avadanlıqlarının operatoru-tikişçi”, “kommersiya agenti”, “meyvə-tərəvəz ustası” və “inşaat rəngsazı” üzrə peşə kursları təşkil edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə xidmət sahələrində, o cümlədən məişət, iaşə, istehsal, ticarət və təhsil sahələrində işləyən işçilər üçün peşə standartlarının tətbiq edilməsi üzrə 16 seminar keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin kollektivləri, eləcə də ictimai iaşə obyektlərində çalışan işçilər üçün vahid geyim formaları tətbiq olunmuşdur. Təhsil müəssisələrində fəaliyyət göstərən xidmət sahələrində işləyən işçilər üçün “İctimai iaşə obyektlərinin fəaliyyətlərinə dair Tələblər” hazırlanaraq aidiyyəti üzrə təqdim edilmiş, ötən dövr ərzində tələblərin icrasına nəzarət üçün mütəmadi olaraq monitorinq­lər aparılmışdır. “Naxçıvan Biznes Mərkəzi” MMC-də ictimai iaşə obyektlərində çalışan 20, pərakəndə satış mağazalarında xidmət edən 42 işçi müvafiq tədris kurslarına cəlb edilmiş, xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə yeni kursların bundan sonra da təşkili nəzərdə tutulmuşdur.
Müvafiq dövr ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində və Şərur Peşə Liseyində əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə peşə hazırlığı kursları təşkil olunmuş, “Naxçıvan Biznes Mərkəzi” MMC-nin nəzdindəki “Xalq Yaradıcılıq Emalatxanası”nda ağac üzərində oyma, rəssamlıq, dekorativ-tətbiqi sənət növləri üzrə sahələrin fəaliyyəti davam etdirilmişdir. Hazırda “Dizayn Holdinq” Şirkətlər İttifaqının nəzdində mis üzərində döymə və ağac üzərində oyma sənətləri üzrə kurslar davam etdirilir.
Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin olunması da dövlət proqramının əsas tələblərindən biridir. Ötən dövr ərzində bu istiqamətdə də bir sıra işlər görülmüş, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dövlət və özəl müəssisələrdə işlə təmin olunması üçün 88 nəfər kvota yerlərinə işə göndərilmişdir. Məşğulluqlarının təmin edilməsi məqsədilə aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş və sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərin Naxçıvan Şəhər Tədris-Ticarət Mərkəzində rəsm və əl işlərinin satışı təşkil edilmişdir. Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar tərəfindən ümumi dəyəri 2 min 640 manat olmaqla, 51 rəsm və əl işinin satışı həyata keçirilmişdir. Bundan başqa, evlərdə xalça toxunuşu ənənəsinin davam etdirilməsi üçün sosial qayğıya ehtiyacı olan 27 şəxs “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı haqqı­ödənilən ictimai işlərə cəlb edilmişdir. İlkin olaraq, evlərdə toxunan ümumi dəyəri 2 min 450 manat həcmində 12 xalçanın satışı təşkil edilmişdir. Həmçinin müvəqqəti məşğulluqlarının təmin edilməsi məqsədilə sağlamlıq imkanları məhdud 24 qadınla corab toxunması üçün müqavilələr bağlanmış, ötən dövr ərzində toxunmuş 1349 cüt yun corab hərbi hissələrə təhvil verilmişdir.
Müvafiq dövr ərzində ünvanlı dövlət sosial yardımı almaq üçün rayon və şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzlərinə müraciət edən aztəminatlı ailələrin əmək qabiliyyətli 132 üzvü və hazırda ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilən aztəminatlı ailələrin əmək qabiliyyətli 7 üzvü münasib işlə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə bu dövr ərzində məhdud fiziki imkanlı 21 nəfər peşə kurslarına cəlb edilmiş, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində “misgər” və “kompüter istifadəçisi” peşə hazırlığı kursu təşkil edilmişdir. Proqramın icrası istiqamətində banklar, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin, sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə güzəştli şərtlərlə kiçikhəcmli kreditlərin verilməsi də nəzərdə tutulmuşdur.
İşaxtaran vətəndaşların işlə təmin olunması ilə yanaşı, onların əmək hüquqlarının müdafiəsi də qarşıda duran əsas vəzifələrdir. Dövlət proqramında öz əksini tapmış bu vacib məsələnin nəzarətdə saxlanması məqsədilə aid orqanlar qarşısına konkret tapşırıqlar qoyulmuşdur. Qeyd olunan tapşırıqlarla əlaqədar qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsinə nəzarət məqsədilə müvafiq dövr ərzində, ümumilikdə, 214 sahibkarlıq obyektində 176 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 373 halda isə əməkhaqların real göstərilməsinə nail olunmuşdur. Əmək müqaviləsinin bağlanmamasına görə 3 fiziki şəxsə 3 min manat məbləğində cərimə tətbiq olunmuşdur. Həmçinin əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunmasına nəzarət zamanı fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməməsi səbəbindən 50 işçi tikinti sahəsindən uzaqlaşdırılmış, 110 işçi həmin vasitələrlə yerində təmin edilmişdir. Bu sahədə aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verilmiş, əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə 3 vəzifəli şəxsə 3 min manat məbləğində cərimə tətbiq edilmişdir.
Müvafiq dövr ərzində 531 müəssisədə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunmuşdur. Çalışdıqları iş yerlərində əməkçi miqrantların müvafiq statusa və fərdi icazələrə malik olmalarının araşdırılması, onların əmək fəaliyyətlərinin qanuniliyinə nəzarət edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən 2014-cü ilin ötən 9 ayı ərzində muxtar respublika ərazisində fəaliyyət göstərən tikinti, emal və digər sahələrdə çalışan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazələrinə malik olmaları, habelə iş icazələrində nəzərdə tutulmuş vəzifələr üzrə işləmələri, iş icazələrinin qüvvədəolma qaydaları araşdırılmışdır. Araşdırmalar zamanı qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 10 əcnəbi aşkar olunmuş, onlar haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Bundan başqa, bu dövr ərzində yaşayış məntəqələrində əmək miqrasiyası sahəsində maarifləndirmə və profilaktika tədbirləri həyata keçirilmişdir.
Məşğulluq tədbirlərinin, o cümlədən peşə hazırlığı, haqqıödənilən ictimai işlər, vakansiyalar və işəgötürənlərin işçi qüvvəsinə olan tələbləri barədə məlumatların işaxtaranlara çatdırılması məqsədilə internet saytı (isaxtar.nmr.az) hazırlanmışdır. Həmçinin işaxtaranların təşkil olunacaq peşə kurslarına təşviq edilməsi üçün kütləvi informasiya vasitələrində mütəmadi olaraq elanların verilməsi təmin edilir. Bu da işaxtaranların təşkil olunacaq peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

2014-cü ilin doqquz ayı ərzində dövlət proqramının icrası ilə bağlı həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikada işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsinə, peşə hazır­lığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı zəmin yaranmışdır. Dövlət proqramında nəzərdə tutulmuş tapşırıqların icrası bundan sonra da davam etdiriləcəkdir.


Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR