Naxçıvan Muxtar Respublikasında əhalinin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Cari ilin ötən doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsi, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təminatı, onların cəmiyyətə inteqrasiyasının, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikamızda aztəminatlı ailələrin sosial rifah halının davamlı olaraq yüksəldilməsi diqqət mərkəzindədir. Cari ilin 9 ayı ərzində bütün növ müavinətlərə 10 milyon 31 min 359 manat, o cümlədən ünvanlı dövlət sosial yardımına 2 milyon 584 min 392 manat, bütün növ müavinətlərə isə 7 milyon 446 min 967 manat vəsait sərf olunmuşdur. Hazırda muxtar respublika üzrə 2996 ailənin 11 min 849 ailə üzvünə ünvanlı dövlət sosial yardımı ödənilir.
Qeyd olunan dövr ərzində 523 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində sosial məişət xidməti göstərilmişdir. Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 138 şəxsin, Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 250 uşağın müalicəsi təşkil edilmiş, eyni zamanda onurğa və sinir xəstəlikləri olan məhdud fiziki imkanlı 6 şəxs Yunanıstan Respublikasına, sağlamlıq imkanları məhdud 6 uşaq valideynlərinin müşayiəti ilə Latviya Respublikasına, bu kateqoriyadan olan 15 uşaq isə Gürcüstan Respublikasının Acarıstan Muxtar Respublikasına müalicəyə göndərilmişdir.
Sağlamlıq imkanları məhdud 118 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilmiş, 143 şəxsə protez-ortopedik xidmət göstərilmiş, 260 şəxs texniki reabilitasiya vasitələri ilə təmin edilmiş, 50 məhdud fiziki imkanlı şəxsin sosial məişət şəraitinin yaxşılaşmasına, 22 nəfərin isə respublika daxilində müalicəsinə maddi köməklik göstərilmişdir.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirmiş şəxslərə və 1941-1945-ci illər müharibəsi əlillərinə göstərilən yüksək diqqət və qayğının ifadəsi olaraq, bu kateqoriyadan olan 60 şəxs minik avtomobilləri ilə təmin edilmişdir.
Əlamətdar günlərdə müvafiq kateqoriyadan olan şəxslərin iştirakı ilə silsilə tədbirlər həyata keçirilmişdir. Təşkil olunan görüşlərdə, ümumilikdə, 1884 ahıl və sağlamlıq imkanları məhdud şəxsə bayram sovqatı və hədiyyələr təqdim edilmişdir. Həmçinin “Bilik Günü” münasibətilə keçirilən tədbirlərdə aztəminatlı sağlamlıq imkanları məhdud 246, o cümlədən distant tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud 19, eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslərdə iştirak edən 7 uşağa məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları verilmişdir.
Keçirilən bayram tədbirlərində, həmçinin əsgərlər qarşısında sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu konsert proqramı ilə çıxış etmişdir.
Ahıllar evində də əlamətdar günlər münasibətilə tədbirlər təşkil olunmuş, sakinlər mütəmadi olaraq tibbi müayinədən keçirilmişlər. Eyni zamanda muxtar respublikanın ən uzunömürlü – 116 yaşlı sakini Qönçə Hümbətova ilə görüş keçirilmiş, ona hədiyyələr təqdim edilmişdir.
Sosial xidmət göstərilən tənha ahıllar evlərində ziyarət edilmiş, onların zəruri problemləri yerindəcə həll olunmuş, eyni zamanda onlar tibbi müayinədən keçirilmişlər.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində uşaq serebral iflicli, autizm və daun sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüşlər keçirilmişdir.
Məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, intellektual səviyyələrinin inkişaf etdirilməsi, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə tədbirlər – paralimpiyaçılar arasında stolüstü tennis, yüngül atletika, peyntbol, qolbol idman yarışları, sağlamlıq imkanları məhdud uşaqlar arasında intellektual və kinekt oyunları, “Oxu, qavra” adlı mütaliə, şahmat, xalq uşaq oyunlarından ibarət əyləncəli idman yarışları, “Naxçıvanım mənim” mövzusunda rəsm, əl işləri və musiqi müsabiqələri təşkil edilmişdir.
Məhdud fiziki imkanlılara göstərilən sosial xidmətlər günbəgün genişlənir və təkmilləşir. Belə ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən uşaqlar üçün Distant Tədris Mərkəzi istifadəyə verilmiş, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını sürətləndirmək məqsədilə Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı yaradılmış, görmə qabiliyyəti məhdud şəxslər üçün hər ay “Könül işığı” adlı brayl jurnalının nəşri təşkil edilmişdir.
Yay tətili dövründə sağlamlıq imkanları məhdud 47 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir. İstirahət müddətində onlar arasında idman yarışları, yaradıcılıq müsabiqəsi keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud ifaçılar uşaqlar qarşısında konsert proqramı ilə çıxış etmişlər.
Muxtar respublikada dinamik inkişafın təmin edilməsi xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial rifahının daha da yaxşılaşmasına geniş imkanlar yaradır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti