Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir DSMF-nin Culfa Rayon Şöbəsi tərəfindən Kırna kəndində keçirilib. Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açaraq tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə çıxış edərək məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə sistemi vasitəsilə ödənilməsi, sığortaolunanların pensiya təminatı hüququ və onların fərdi uçot sistemi vasitəsilə əhatə olunması ilə bağlı məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd olunub ki, məcburi dövlət sosial sığortası “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə, bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilən sosial təminat formasıdır. Belə ki, işə qəbul olunan hər bir işçi məcburi dövlət sosial sığortası ilə əhatə olunmaqla sığorta iştirakçısına çevrilir. Məcburi dövlət sosial sığortası həyata keçirilən əmək müqaviləsi üzrə çalışan işçilər sığortaolunan hesab edilir və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta şəhadətnaməsi verilir.
Vurğulanıb ki, qanunvericiliyə uyğun olaraq, müxtəlif fəaliyyət növləri üçün məcburi dövlət sosial sığorta haqları müəyyənləşdirilib. Sosial sığortaya cəlb olunan şəxslər əgər öz fəaliyyətlərinə uyğun müəyyənləşdirilmiş məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onda özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar.
Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqqı sığortaedənlər tərəfindən onlayn ödəmə sistemi vasitəsilə bankda nağd qaydada və ya internet vasitəsilə plastik kartlardan istifadə etməklə ödənilə bilər.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti