Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, dünən Şahbuz rayonunda keçirilən əmək yarmarkasına 13 təşkilatdan 120 boş iş yeri təqdim olunub.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək deyib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə məşğulluq xidməti orqanları tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir. İşəgötürən müəssisə və təşkilatların nümayəndələri məşğulluq mərkəzlərinin mütəxəssisləri ilə birlikdə işaxtaran vətəndaşları müasir dövrdə əmək bаzаrındа işçi qüvvəsinə yaranmış tələbаtla bağlı ətraflı şəkildə məlumatlandırmalı, onlara arzuladıqları işlə təmin olunmaq üçün zəruri tövsiyələr verməlidirlər.
İşaxtaran vətəndaş Nihad Baxşəliyev belə tədbirlərin təşkilində əməyi olanlara minnətdarlıq edib.
16 nəfərə işə göndərişin verildiyi yarmarkada Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Cəlal Paşayev çıxış edərək rayonda əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Qeyd edək ki, növbəti bu qəbildən olan yarmarka bu gün Culfa rayonunda keçiriləcək.
Xəbərlər şöbəsi