Oktyabrın 21-də Sədərək Rayon Məşğulluq Mərkəzində əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Həsən Nəsirov açıb.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov çıxış edərək qeyd edib ki, ötən illər ərzində muxtar respublikanın bütün bölgələrində, eləcə də Sədərək rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqıödənilən ictimai işlərə cəlb olunması da təmin edilib. Sədərək rayonu əhаlisinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində təşkil edilən əmək yarmarkalаrı mühüm əhəmiyyətə malikdir.
Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
İşaxtaran vətəndaş Rəşad Qurbanov tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd edib ki, belə tədbirlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırır.
6 müəssisədən 77 boş iş yerinin çıxarıldığı yarmarkada 12 nəfərə işə göndəriş verilib.
* * *
Analoji tədbir dünən Kəngərli rayonunda da keçirilib. Yarmarkaya 10 dövlət və özəl müəssisədən 60 boş iş yeri çıxarılıb.
Kəngərli Rayon Məşğulluq Mərkəzinin direktoru Məzahir Rüstəmov çıxış edərək bildirib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də hər il keçirilən əmək yarmarkalarıdır. İşəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin və işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev çıxış edərək vurğulayıb ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın muxtar respublikada, eləcə də Kəngərli rayonunda uğurlu icrası əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının təkmilləşdirilməsinə, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşmasına, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılmasına səbəb olub.
İşaxtaran vətəndaş Şəlalə Həsənova yarmarkanın təşkilində əməyi olanlara minnətdarlığını bildirib.
Yarmarkada 31 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi