Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində nitq qüsuru olan uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib.
Tədbirdə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropatoloqu Rəfayil Orucov, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu Çinarə Abbasova nitq qüsuru olan uşaqların ailə üzvləri ilə psixoloji-mənəvi söhbət aparıb. Qeyd olunub ki, nitq qüsuru irsi olmaqla yanaşı, hamiləlik zamanı baş verən problemlər səbəbindən, doğuş zamanı alınan travmadan və uşaqlıq dövründə baş vermiş hansısa hadisədən sinir sisteminin pozulması, səs çıxaran orqanların zədələnməsi nəticəsində meydana çıxır. Nitq qüsurlarının yaranması uşağın həm əqli, həm də psixi inkişafında müəyyən çətinliklər törədir. Məhz buna görə də ailə, uşaq müəssisələri qarşısında duran ən mühüm vəzifələrdən biri uşaqlarda düzgün və səlis nitq mədəniyyətinin inkişaf etdirilməsidir. Uşaq nitqə yiyələnməklə ətraf aləmi dərk edir, öz təfəkkürünü inkişaf etdirir.
Vurğulanıb ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmənin təlim otağı, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə multisensorlu terapiya otağı yaradılıb. Bütün bunlar müxtəlif psixonevroloji problemləri, o cümlədən nitq qüsuru olan uşaqların reabilitasiyasına nail olmaqla onların sosial adaptasiyasının təmini üçün nəzərdə tutulub. Yaradılan şəraitdən istifadə etməklə uşaqların nitqinin düzəlməsinə, həmçinin qavrama qabiliyyətlərinin güclənməsinə şərait yaratmış olarıq.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirin təşkil edilməsində əsas məqsəd valideynlərə bu kateqoriyadan olan uşaqlarla evdə davranışa, onların təlim-tərbiyəsinin təşkilinə və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət xidməti göstərməklə nitq qüsuru olan uşaqların həyat və təhsil mühitinə inteqrasiyalarına nail olmaqdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti