Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramının icrası ilə əlaqədar işaxtaran vətəndaşların qeydiyyatda olan vakant iş yerlərinə göndərilməsi, müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb olunması, özünüməşğulluğun təmini üçün şəraitin yaradılması, habelə əmək bazarının tələbləri nəzərə alınaraq rəqabətqabiliyyətli ixtisaslar üzrə peşə hazırlığı kurslarının təşkili sahəsində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, nazirlik tərəfindən cari ilin ötən 9 ayı ərzində dövlət proqramının icrası ilə bağlı əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin keçirilməsi, əmək bazarının tələbinə uyğun işaxtaranların peşə hazırlığının təşkili, habelə sosial cəhətdən həssas əhali qrupların məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Belə ki, əmək bazarının təhlili aparılmış, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslər haqqında hər ay təqdim edilən məlumata əsasən, mütəmadi olaraq müəssisələrdə olan boş iş yerləri haqqında məlumatlar toplanaraq işaxtaranlara təqdim edilmişdir.
Əmək bazarında müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə nazirlik tərəfindən rübdə bir dəfə olmaqla, ümumilikdə, 332 dövlət və özəl müəssisədə sorğuların keçirilməsi təmin edilmişdir.
Müvafiq dövr ərzində məşğulluq xidməti orqanlarına müraciət edən 2142 işaxtaranın peşə və ixtisasına uyğun vakant yerlərə göndərilməsi təmin olunmuşdur.
Cari ilin ilk 9 ayı ərzində Naxçıvan şəhəri və bütün rayon mərkəzlərində 3 dəfə əmək yarmarkaları keçirilmiş, ümumilikdə, 747 nəfər peşə və ixtisasına uyğun işlə təmin edilmişdir.
Əlavə olaraq, təhsil sahəsi üzrə təşkil olunan əmək yarmarkasında 93 nəfər, səhiyyə üzrə keçirilən əmək yarmarkasında isə 11 nəfər münasib işlə təmin olunmuşdur.
İşaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə haqqıödənilən ictimai işlərin təşkili də diqqət mərkəzində saxlanılır. Belə ki, bu müddət ərzində 244 nəfər sosial əhəmiyyətli haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir.
Qeyd edək ki, məşğulluq mərkəzləri tətil günlərində işləmək arzusunda olan tələbələrin xüsusi peşə hazırlığı tələb etməyən haqqıödənilən ictimai işlərə, mövsümi və digər müvəqqəti xarakterli işlərə göndərilməsini də təmin etmişdir. Naxçıvan Dövlət Universitetinin 21 tələbəsi öz ixtisaslarına uyğun sahələrə, 5 tələbə isə digər müvəqqəti xarakterli işlərə göndərilmişdir. Əmək bazarının tələbləri nəzərə alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində iqtisadiyyatın müxtəlif sahələri üzrə “traktorçu-maşınçı”, “qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər”, “elektrik montyoru”, “kabel lehimləyicisi və elektrik montyoru”, “qazanxana maşinisti”, “kinooperator”, “televiziya rejissorluğu”, “teleaparıcı” və xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə ofisiant, aşpaz köməkçisi, dərzi, bərbər, milli və xalq tətbiqi sənəti növləri üzrə xalçaçı, misgər və ağac üzərində oyma üzrə təşkil edilmiş peşə kurslarını, ümumilikdə, 216 nəfər bitirmişdir.
Muxtar respublikanın əmək bazarına daxil olan əcnəbi işçi qüvvəsinin keyfiyyət tərkibi nəzərə alınaraq işçilərin ixtisasının artırılması və müəssislərdə mövcud olan vakansiyaları yerli işçi qüvvəsi hesabına təmin etmək məqsədilə maarifləndirici bukletlər hazırlanmış və işəgötürənlərə təqdim edilmişdir.
Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təsdiq etdiyi qrafikə uyğun olaraq, tədris müddəti ərzində rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən muxtar respublikanın bütün ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçimlərinə köməklik məqsədilə peşəyönümü məşğələlər təşkil edilmişdir. Məşğələlərdə muxtar respublikanın əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmiş və sorğular keçirilmişdir.
Dövlət və özəl müəssisələrdə sosial müdafiəyə ehtiyacı olanların və işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması üçün 163 kvota yerinin ayrılması təmin edilmiş və qeyd olunan dövr ərzində sosial müdafiəyə ehtiyacı olan 88 şəxsin kvota yerlərinə göndərilməsi təmin edilmişdir.
Evlərdə xalça toxunuşu ənənəsini davam etdirmək üçün təşkil edilmiş “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı haqqıödənilən ictimai işlərə sosial qayğıya ehtiyacı olan 27 şəxs cəlb olunmuşdur.
Əmək bazarının tələblərinə uyğun təşkil olunan məşğulluq tədbirlərinin – peşə kursları, haqqıödənilən ictimai işlər, vakansiyalar, habelə işəgötürənlərin işçi qüvvəsinə olan tələbləri barədə məlumatların işaxtaranlara çatdırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin isaxtar.nmr.az internet saytı hazırlanmışdır.
Qarşıdakı dövrdə dövlət proqramında əks olunan tapşırıqların tam həcmdə yerinə yetirilməsi muxtar respublika sakinlərinin səmərəli məşğulluğunu təmin edəcəkdir.
Muxtar MƏMMƏDOV