Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” da bu mənada mühüm əhəmiyyətə malikdir. Proqramda inklüziv və məsafədən təhsil üçün əsaslı zəminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin səmərə və keyfiyyətinin yüksəldilməsi və bu sahədə müvafiq pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məsələləri öz əksini tapmışdır. Dövlət proqramı ötən dövrdə uğurla icra olunmuş, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrinə cəlbi, habelə onların cəmiyyətə inteqrasiyası istiqamətində bir sıra işlər görülmüşdür.
Sağlamlıq imkanları məhdud uşaqların fiziki və əqli inkişafını, habelə yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə onların məktəbəqədər təhsil müəssisələrinə cəlbi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən dövr ərzində muxtar respublikada məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazası yaradılmış, 32 uşaq məktəbəqədər təhsil müəssisələrinə cəlb edilmişdir. 8 uşaq isə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə yerləşdirilmişdir. 2013-2014-cü tədris ilinin sonunda məktəb yaşının çatması ilə əlaqədar olaraq, müvafiq kateqoriyalı 27 uşaq məktəbəqədər təhsil müəssisələrindən buraxılmışdır. Hazırda belə müəssisələrdə sağlamlıq imkanları məhdud 58 uşaq qeydiyyatdadır və bu istiqamətdə işlər davam etdirilir. Bundan başqa, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə şəhər və rayon icra hakimiyyətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Müəllimlər İnstitutu tərəfindən kurslar təşkil olunmuşdur. Kurslarda müəssisə rəhbərləri, müəllim, metodist və tərbiyəçilərlə söhbətlər aparılmış, maarifləndirici materiallar təqdim edilmişdir.
Proqramın icrası çərçivəsində muxtar respublikada məktəb yaşına çatan sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazası yaradılmışdır. Bu kateqoriyadan olan şagirdlərin ümumtəhsil müəssisələrinə cəlb edilməsi istiqamətində aparılan işlərin nəticəsi olaraq, 2014-2015-ci tədris ilində 62 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 2 nəfər gözdən əlil uşaqlar üçün xüsusi ibtidai məktəbinə, 1 nəfər isə Bakı şəhərində fəaliyyət göstərən eşitmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi internat məktəbinə qəbul olunmuşdur. Əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verməyən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 18 uşaq isə distant tədrisə cəlb olunmuşdur. Eyni zamanda müvafiq kateqoriyalı 246 uşaq məktəbli geyimi və ləvazimatları ilə təmin olunmuşdur.
Ümumtəhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühit yaradılmış, bu məqsədlə aidiyyəti dövlət orqanları tərəfindən bütün məktəblərin şagird və müəllimləri arasında maarifləndirici söhbətlər aparılmışdır. Eləcə də müvafiq kateqoriyalı uşaqların tədrisdə iştirakının vəziyyəti barədə, onların fərdi nəticələrini müəyyənləşdirmək məqsədilə valideynlərlə görüşlər keçirilmiş, müvafiq tövsiyələr verilmişdir. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində uşaq serebral iflicli, autizm və daun sindromlu uşaqların valideynlərinə bu kateqoriyadan olan uşaqlarla təlim-tərbiyənin təşkili, evdə davranış və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət xidməti göstərilmişdir.
Dövlət proqramının tələblərinə uyğun olaraq, 2014-cü il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir. Bununla da hərəkət qabiliyyəti məhdud uşaqların təhsilə cəlbi təmin olunmuşdur. Distant tədrisə cəlb olunmuş uşaqların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və vebkameralar quraşdırılmışdır. Eyni zamanda mərkəzdə çalışan 4 müəllimə və uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurslar keçilmişdir. Hazırda Distant Tədris Mərkəzinin imkanlarından 18 məhdud fiziki imkanlı uşaq istifadə edir. Bununla yanaşı, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud 7 uşaq üçün də distant dərslər keçilir.
Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində əsas məsələlərdən biri də yüksək ixtisaslı mütəxəssislərin və peşəkar müəllimlərin hazırlanmasıdır. Tədrisin yeni metodlarla təşkilində bu, vacib amildir. Artıq muxtar respublikada bu məsələ diqqət mərkəzindədir. Belə ki, Bakı şəhərindəki Nitq İnkişaf Mərkəzinin baş mütəxəssisi tərəfindən 3 ay müddətində müvafiq mütəxəssislər üçün təlimlər keçilmişdir. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloqu cari ilin fevral və iyun aylarında Nitq İnkişaf Mərkəzində kursda olmuşdur. Mərkəzin defektoloji bölməsinin mütəxəssisinin iş təcrübəsini daha da artırmaq məqsədilə bundan sonra da təlimlərin davam etdirilməsi nəzərdə tutulur. Proqrama əsasən, sağlamlıq imkanları məhdud uşaqların ünsiyyətqurma bacarığının inkişafı və sosial reabilitasiyası istiqamətində də bir sıra işlər görülmüş, Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı quraşdırılmışdır.
Ötən tədris ilində sağlamlıq imkanları məhdud 55 uşaq orta məktəbi bitirmiş, 9-cu sinfi bitirən sağlamlıq imkanları məhdud 16 şagird buraxılış imtahanlarından azad edilmişdir. Hazırda ümumtəhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı 763 nəfərdir. Onların 62-si bu tədris ilində ümumtəhsil müəssisələrinin 1-ci siniflərinə qəbul olunanlardır.
Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi və cəmiyyətə inteqrasiyası onların psixoloji cəhətdən hazırlıqlı olmasından da çox asılıdır. Buna görə də məktəb psixoloqlarının sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə təcrübələrinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət proqramına uyğun olaraq, məktəb psixoloqlarının sağlamlıq imkanları məhdud hər bir uşaq üçün fərdi proqramı hazırlanmış və digər zəruri tövsiyələr verilmişdir. Naxçıvan Müəllimlər İnstitutu tərəfindən məktəb psixoloqlarının biliklərinin artırılması məqsədilə muxtar respublikanın bütün rayonlarının ümumtəhsil müəssisələrində “Psixologiyanın aktual məsələləri və müasir kurikulumların tətbiqi” mövzusunda elmi-praktik konfranslar keçirilmiş, “Xüsusi qayğıya ehtiyacı olan şagird haqqında məlumat” kitabçası hazırlanaraq təhsil şöbələrinə təqdim edilmişdir. Həmçinin sağlamlıq imkanları məhdud şagirdlər üçün həvəsləndirici tədbirlər görülmüş, tədrisdə yüksək nəticələr göstərən şagirdlərin valideynlərinə təşəkkür məktubu göndərilmişdir.
Ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi məqsədilə müvafiq komissiyalar yaradılmışdır. Komissiyalar tərəfindən keçirilən monitorinqlər zamanı maarifləndirici söhbətlər aparılmış, rayon məşğulluq mərkəzləri tərəfindən peşə seçiminə köməklik məqsədilə şagirdlərə tədris müddəti ərzində əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmiş və sorğular keçirilmişdir. 2014-2015-ci tədris ilində sağlamlıq imkanları məhdud 2 uşaq Naxçıvan Şəhər Peşə Liseyində fəaliyyət göstərən “elektrik qaz qaynaqçısı” və “elektrik montyoru” peşə kurslarına cəlb edilmişdir.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nda bu kateqoriyadan olan uşaqların məktəbdənkənar müəssisələrə cəlb olunması da konkret vəzifə kimi müəyyənləşdirilmişdir. Ötən dövr ərzində bu istiqamətdə də işlər uğurla davam etdirilmiş, bacarıq və maraqları nəzərə alınaraq sağlamlıq imkanları məhdud uşaqların musiqi məktəblərinə, məktəbdənkənar dərnəklərə, idman qruplarına cəlb edilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, bu il müvafiq kateqoriyalı 11 uşaq musiqi məktəblərinə cəlb edilmişdir. Hazırda muxtar respublikanın musiqi məktəblərində sağlamlıq imkanları məhdud 58 uşaq təhsilini davam etdirir. Həmçinin ötən dövr ərzində müvafiq kateqoriyalı 68 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 4 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində brayl əlifbasının tədrisi məqsədilə təşkil edilmiş kurslara cəlb edilmişdir.
Bu günədək sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə də ardıcıl tədbirlər həyata keçirilmiş, 80 uşağın Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin məşğələlərində iştirakı təmin edilmişdir. Mərkəzdə müvafiq kateqoriyalı uşaqlar arasında 6 dəfə intellektual və kinekt oyunları, “Oxu, qavra” adlı mütaliə yarışları keçirilmişdir. Bu dövr ərzində məhdud fiziki imkanlı uşaqlar arasında şahmat yarışı, xalq uşaq oyunlarından ibarət əyləncəli idman yarışları, futzal və yüngül atletika üzrə muxtar respublika birincilikləri keçirilmişdir. Müvafiq dövr ərzində idman qruplarına sağlamlıq imkanları məhdud 24 uşaq cəlb edilmişdir. Görmə qabiliyyəti məhdud şəxslər üçün “Könül işığı” adlı brayl jurnalın təqdimatı olmuş, mərkəzin audiokitabxana xidmətinin 10 nəfər aktiv dinləyicisinə hədiyyələr verilmişdir. Həmçinin uşaqlar Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvanım mənim” mövzusunda keçirilən rəsm, əl işləri, musiqi müsabiqələrində də həvəslə iştirak etmişlər.
Bu istiqamətdə görülən işlər çərçivəsində 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə asfalt üzərində rəsm müsabiqəsi təşkil olunmuşdur. Eləcə də Naxçıvan Dövlət Kukla Teatrında uşaqlar üçün tamaşa nümayiş etdirilmiş, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində müxtəlif tədbirlər keçirilmiş, uşaqlara hədiyyələr verilmişdir. Uşaqların asudə vaxtının səmərəli təşkili onların psixoloji və əqli inkişafına xidmət edir. Bu məqsədlə ötən yay tətili dövründə sağlamlıq imkanları məhdud 47 uşaq Ağbulaq İstirahət Mərkəzinə göndərilmişdir. Hazırlanmış proqrama əsasən, yeddigünlük istirahət müddətində uşaqlar arasında müxtəlif idman yarışları və “Karaoke” müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışlar.
Dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin icrasının bundan sonra da davam etdirilməsi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin sistemli xarakter almasına və distant tədrisin genişləndirilməsinə şərait yaradacaqdır. Həmçinin bu tədbirlər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına və cəmiyyətin fəal bir üzvü kimi formalaşmasına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti