22 Dekabr 2024, Bazar

Oktyabrın 16-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar istedadlı qadın və qızların rəsm və əl işlərinin sərgi-satışına başlanmışdır.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirin məqsəd və mahiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaratmağı özlərinə fəaliyyət sahəsi seçən və asudə vaxtlarını bu işlərə sərf edən qadınlara da xüsusi önəm verilir. İstedadlı qadınlara istər texniki köməkliyin göstərilməsində – onların müəyyən avadanlıqlarla təmin edilməsində, istərsə də mənəvi dəstək göstərilməsində dövlətimizin qayğısı əvəzsizdir. Son illər istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah halının yüksəldilməsi üçün əl işlərinin satışı təşkil olunur. Bundan əlavə, qadınların müəyyən peşələrə yiyələnmələri, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçılıq, keçəçilik, dərzi, ağac üzərində oyma kimi peşə kursları təşkil olunur. Sevindirici haldır ki, bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb edilir, nəticə olaraq, onların həyata bağlılıqları daha da möhkəmləndirilir.

Ramilə Seyidova bu diqqət və qayğıya görə muxtar respublika qadınları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdar­lığını ifadə etmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilməkdədir. Rəsm və əl işlərindən ibarət sərgi-satışın keçirilməsi də bu tədbirlərdən biridir. Məqsəd isə qadın və qızlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, qədim dövlətçilik ənənələri və dəyərləri olan Naxçıvanımızın son illərdə keçdiyi şərəfli yolunu tablolara köçürmək və yaşatmaqdır.
Tədbirdə Naxçıvan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış etmişlər.
Sonra sərgiyə baxış olmuşdur. Sərgi-satışda tam orta, orta ixtisas və ali təhsil müəssisələrinin istedadlı müəllim, tələbə və şagirdləri iştirak etmişlər. İstedadlı qadın və qızların millilik duyulan əl işlərinin yer aldığı bu sərgi-satışda rəsm əsərlərindən, apilkasiya, viraj tipli əl işlərindən, daş üzərində oyma, toxuma, tikmə və digər sənət növlərində hazırlanmış əsərlərdən ibarət 157 nəfərin 343 əl işi nümayiş olunur. Sərgilənən əsərlərdə qədim və müasir Naxçıvanın siması yaradılmış, xalqımızın şərəfli qədim keçmişinə və zəngin mifologiyasına, çağdaş mövzulara həssaslıqla toxunulmuş, bu əsərlərdə, nəticə etibarilə, 90 ilin Naxçıvanı ifadə olunmuşdur. Rəsm əsərlərində tarixi-memarlıq abidələrimizin, qədim qalalarımızın təsviri, toxuma və tikmə işlərində üslub və rəng əlvanlığının zənginliyi, xalqımızın toy və digər mərasimlərinə aid adət-ənənələrimizin sənət əsərlərində əks etdirilməsi ustalıqla işlənmiş, milli keyfiyyətlərə üstünlük verilmişdir. İstedadlı qadın və qızlarımız həm rəsm əsərlərində, həm də digər əl işlərində Naxçıvan tarixini bu sənət əsərlərində əks etdirməklə keçmişimizi gələcəyə ötürməyin yollarını seçmişlər. Bu sənət əsərlərindən bizə agah olan budur ki, istedadlı qadınların yaradıcı­lığında məhz milli ornament­lərə bağlılıq və istedad amili daha güclüdür. Həmçinin sərgilənən əsərlər bizə zəngin daxili aləmə, həyat haqqında fərqli təsəvvürə malik istedadlı qadınların muxtar respublikanın 90 ili və xalqımızın milli ruhu ilə dialoqunu göstərir.
Sərgi-satış 10 gün davam edəcək.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR