Yoxsulluq tarixən bəşəriyyəti narahat edən əsas sosial problemlərdən biri olmuşdur. Ölkələr bu ciddi problemlə tarix boyu mübarizə aparmış, yoxsulluğun aradan qaldırılmasına çalışmışlar. Bu səbəbdən də 1992-ci il dekabrın 22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər il oktyabrın 17-nin “Yoxsulluqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsini, sosial sahədə dinamik inkişaf tempinin təmin edilməsini diqqət mərkəzində saxlamış, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Lakin müstəqilliyimizin ilk illərində ölkəni bürüyən siyasi böhran və iqtisadi tənəzzül əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuş, nəticədə, yoxsulluq səviyyəsi yüksəlmişdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra isə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdən başlayaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yoxsulluğun aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahədə dövlət proqramları qəbul olunaraq icra edilmişdir. Ulu öndərin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrası bu problemin həllinə stimul olmuşdur.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun tamamilə aradan qaldırılması məsələsi ölkə Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən dövlət başçısının 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə qəbul olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası bu sahədə görülən işlərin məntiqi davamıdır. Həmçinin müxtəlif dövrləri əhatə edən regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş digər proqramların icrası ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Əməkhaqlarının, pensiya və müavinətlərin artırılması, yeni təqaüdlərin təsis edilməsi əhalinin maddi rifahının yüksəlməsinə, nəticədə, yoxsulluq səviyyəsinin azalmasına zəmin yaratmışdır.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasında ötən dövr ərzində əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsi, onların etibarlı sosial müdafiəsinin təşkili, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olanların sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 9 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)” və 2009-cu il 28 may tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası infrastrukturun genişlənməsini, sosial xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin etmişdir. Yeni istehsal sahələrinin istifadəyə verilməsi əhalinin məşğulluq səviyyəsinin artmasına və yoxsulluq səviyyəsinin azalmasına səbəb olmuşdur. İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində əhalinin gəlirləri artmış və həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Nəticədə, son 10 il ərzində sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın makroiqtisadi göstəricilərinin yaxşılaşmasına səbəb olmuş, Ümumi Daxili Məhsulun həcmi 13,9 dəfə, sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə, əsas kapitala investisiya qoyuluşu 16,4 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 10,3 dəfə artmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası növbəti mərhələdə muxtar respublikanın sosial-iqtisadi inkişafında, əhalinin rifahının daha da yaxşılaşmasında mühüm rol oynayacaqdır.
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, istehsal müəssisələrinin fəaliyyətə başlaması və yeni iş yerlərinin yaradılması muxtar respublikada həyata keçirilən iqtisadi islahatların əsas tərkib hissəsidir. Nəticədə, hər il onlarla irili-xırdalı müxtəliftəyinatlı sahibkarlıq subyekti yaranır. Həmçinin kənd təsərrüfatının inkişafının dəstəklənməsi, xüsusilə fermer təsərrüfatlarının yaradılması və əkinçiliyin inkişafına maliyyə dəstəyinin göstərilməsi, bu sahəyə ayrılan kreditlərin həcminin artması kənd yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin olunmasına imkan verir. Bütün bunlar isə muxtar respublikada əhalinin rifahının yüksəldilməsinə və yoxsulluq səviyyəsinin azalmasına səbəb olur.
Müasir dövrdə əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması və onlardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi ilə əmək bazarının tənzimlənməsində mühüm nəticələr əldə edilmiş, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradılmışdır. Muxtar respublikada hər il kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları keçirilir. Həmçinin əmək bazarında ixtisaslı kadrlara olan tələbatın ödənilməsi, işsiz və işaxtaran vətəndaşların müxtəlif peşələrə yiyələnməsi, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə peşə kursları təşkil olunur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, pensiya, təqaüd və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması, yeni təqaüdlərin təsis edilməsi də sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən dövlət qayğısının təzahürüdür.
Muxtar respublikada əhalinin sosial rifahının gücləndirilməsi, o cümlədən aztəminatlı və xüsusi sosial qayğıya ehtiyacı olan şəxslərin həyat səviyyələrinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial xidmətlər göstərilir. Belə ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ləğvində iştirak edərək sağlamlığını itirənlərə və 1941-1945-ci illər müharibəsi əlillərinə bu günədək, ümumilikdə, 409 minik avtomobili verilmiş, 188 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə, 3 min 250 məhdud fiziki imkanlı şəxs müxtəlif texniki reabilitasiya vasitələri, həmçinin bu kateqoriyadan olan 1600 şəxs isə sanatoriya və müalicə pansionatlarına göndərişlərlə təmin olunmuşlar. Bundan əlavə, sosial təminat sahəsində aparılan islahatların davamı olaraq, aztəminatlı ailələrin maddi rifah halını yaxşılaşdırmaq məqsədilə 2006-cı ildən başlayaraq aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənilir.
Bu gün muxtar respublikada məşğulluq səviyyəsinin yüksəldilməsi, infrastrukturun yenilənməsi, sosial xidmətlərin keyfiyyət və həcminin artırılması nəticəsində dinamik inkişaf təmin olunmuşdur. Dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin həcminin artırılması, sosial infrastrukturun inkişafı bundan sonra da əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə və yoxsulluq səviyyəsinin minimum həddə qalmasına zəmin yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti