22 Dekabr 2024, Bazar

Son 20 ilə yaxın bir müddətdə muxtar respublikamızın bölgələrində aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri nəticəsində diyarımızın siması tanınmaz dərəcədə dəyişib. Bu tədbirlərdən öz payını alan rayonlardan biri də Şərurdur. Rayonda genişmiqyaslı sosial infrastruktur layihələri həyata keçirilib, xidmət mərkəzləri, həkim ambulatoriyaları, yeni məktəb binaları, kənd mərkəzləri tikilib, yollar yenidən qurulub, ictimai yaşayış binaları təmir olunub.

Həmin tədbirlər bu gün də davam etdirilir. Belə ki, hazırda Dizə, Kürkənd və Püsyan kəndlərində məktəb, xidmət və kənd mərkəzləri, həkim ambulatoriyaları inşa olunur, Cəlilkənddə Cəlil Məmmədquluzadənin xatirə muzeyi, mədəniyyət evi təmir edilir, Şərur şəhərində rayonun 10 ayrı-ayrı idarə, təşkilat və müəssisəsinin müasir iş şəraiti ilə təmin olunması üçün nəzərdə tutulmuş dördmərtəbəli binada əsaslı təmir işləri görülür.
Muxtar respublikamızı, Şəruru əhatə edən quruculuq, yeniləşmə Araz çayının sahilində yerləşən Diyadin kəndini də ağuşuna alıb. Ok­tyabrın 8-də 102 təsərrüfatda 360 nəfərin yaşadığı kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib.

Kəndin gələcək perspektivləri nəzərə alınaraq tikilmiş yeni məktəb binası 88 şagird yerlikdir. Burada oxuyan 26 şagirdin təlim-tərbiyəsi ilə 18 müəllim məşğul olur. Təqaüdçü müəllim Məmməd Abdullayevlə məktəbin həyətində görüşdük. Sevincinin həddi-hüdudu yox idi. O, fikirlərini bizimlə bölüşdü:
– Müstəqil dövlətimizdə həyata keçirilən bütün tədbirlər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Bunun bariz nümunəsini artıq şəhər görkəmi almış rayonumuzun əksər yaşayış məntəqələrinin timsalında aydın görürük. “Muxtariyyət ili”ndə isə yaşadığım doğma Diyadin kəndi də yeniləşən kəndlərimizin sırasına daxil olub. Budur, müstəqilliyimizin təntənəsi, budur, Heydər Əliyev ideyalarının bəhrələri. Gözümü dünyaya Diyadində açmışam. Yetmişə yaxın yaşım var. Nə özüm, nə də ki ata-babalarımız Diyadinin belə xoş günlərini görüblər. İndi ürək necə sevinməsin, fərəhlə döyünməsin? Yeniliklər könül açır axı. Sağ olsunlar təşəbbüskarları, təşkilatçıları, 2014-cü ildə yaddaşımıza silinməz izlər saldılar, bizi çox sevindirdilər. Xüsusilə üçmərtəbəli məktəb binasının tikintisi təhsilə göstərilən tükənməz dövlət qayğısının ən bariz ifadəsidir.
Qeyd edək ki, orijinal memarlıq üslubu ilə tikilən bina kəndin hər yerindən görünür. Diyadinə xüsusi gözəllik bəxş edən binada geniş foyelər, işıqlı sinif otaqları, zəngin fənn kabinələri var. Digər məktəblərdə olduğu kimi, burada da kitabxana yaradılıb, kitabxanaya 2 mindən çox dərslik, bədii ədəbiyyat, ensiklopedik nəşr və lüğət verilib. Həmin vəsaitlərdən səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır. Məktəbdə kompüter sinfi yaradılıb və təhsil ocağı bu ildən elektron təhsilə keçib. Hazırda şagirdlər 9 kompüterdən və 2 elektron lövhəli sinifdən istifadə edirlər.
Yeri gəlmişkən, onu da deyək ki, 1995-ci ildən ümumi orta məktəb kimi fəaliyyətə başlayan təhsil ocağı şagird kontingentinin artması ilə əlaqədar 2014-2015-ci tədris ilindən etibarən tam orta məktəbə çevrilib. Üçmərtəbəli binada hərtərəfli tədris şəraiti yaradılıb, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat və müəllimlər otaqları, idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb.
Təhsil ocağında yaradılmış laboratoriya və kabinələr avadanlıq və əyani vasitələrlə təmin olunub. Şagirdlərin nəzəri biliklərinin praktik biliklərlə zənginləşdirilməsində mühüm rol oynayan laboratoriya və fənn kabinələrindən səmərəli istifadə edilir.
Məktəbdə idman dərslərinin keçilməsinə yaradılan şərait də ürək­açandır. Bu isə şagirdlərin fiziki hazırlığının inkişaf etdirilməsinə imkan verir.
Uşaqların əqli inkişafına xidmət edən mühüm vasitə kimi şahmatın tədrisi vacib məsələdir. Son illər ümumtəhsil məktəblərində şahmatın tədrisinə diqqətin artırılması da bu məqsədə xidmət edir. Diyadin kənd tam orta məktəbində də şahmat sinfinin yaradılması bu sahəyə diqqət yetirilməsinin nəticəsidir. Sinif otağı şahmat masaları, maqnitli lövhələr və digər əyani vasitələrlə təmin olunub.
Məktəbin direktoru Muxtar Ələkbərov söhbət zamanı dedi:
– Məktəbimizin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri pedaqoji kollektivimizin qarşısına mühüm vəzifələr qoyub. Muxtar respublika rəhbərinin fikirləridir: “Məktəbdə nailiyyətləri artırmaq üçün, ilk növbədə, nizam-intizam yaradılmalı, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq prinsipləri üzərində qurulmalıdır. Müəllim nüfuzu qorunmalı, pedaqoji kollektiv daha məsuliyyətlə çalışmalı, vəzifələrini layiqincə yerinə yetirməlidir. Təhsilli və vətənpərvər gənclik hər bir ölkə­nin gələcəyidir. Müəllimlərin qarşısında ölkəmizin gələcəyini yetişdirmək kimi mühüm bir vəzifə durur. Ona görə də pedaqoji kollektiv şagirdlərlə fərdi qaydada məşğul olmalı, təhsilli və vətənpərvər gənc nəslin yetişdirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır”. Ali Məclis Sədrinin tövsiyə və tapşırıqlarını fəaliyyət pro­qramı kimi qəbul etmişik. Ümumiyyətlə, yaradılan şərait kollektivimizin məsuliyyət hissini daha da artırıb.
Bir vaxtlar gözdən uzaq, könüldən iraq düşən Diyadində bu gün gözəlliyi ilə gözoxşayan kənd mərkəzi də ucaldılıb. Müasir layihə əsasında tikilən ikimərtəbəli kənd mərkəzində əhaliyə nümunəvi xidmət göstərilir. Burada kitabxana, klub, rabitə evi, 55 yerlik iclas zalı, polis sahə və feldşer-mama məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün müasir iş otaqları vardır.
Feldşer-mama məntəqəsində ma­ma və manipulyasiya otaqları istifadəyə verilib, otaqların hər biri müasir avadanlıq və bütün lazımi dərman vasitələri ilə təchiz edilib. Tibb işçiləri əhali arasında tibbi maarifləndirməyə geniş yer verir, kənd sakinlərinin sağlamlığının qorunmasında əllərindən gələni əsirgəmirlər. Məntəqədə gördüyümüz kənd sakini Tərifə Rəcəbova dedi:
– Əvvəllər tibb məntəqəmiz şəxsi həyətdə yerləşirdi. İndi, göz dəyməsin, kənd mərkəzində tibb məntəqəsi üçün yaraşıqlı 3 otaq ayrılıb. Allah bizə bu şəraiti yaradanların ömrünü duz dağına döndərsin.
Quruculuq tədbirləri çərçivəsində kənddə müasir rabitə sistemi də qurulub. Rabitə evində müasir ATS quraşdırılıb, əhaliyə bank xidmətinin göstərilməsi təmin edilib. Həmçinin burada POS-terminal qoyulub, kommunal xidmət haqlarının poçt şöbəsi vasitəsilə ödənilməsinə başlanılıb. Rabitə evində kənd sakini Şamxal Məmmədovla qarşılaşdıq. Onun da ürəyi dolu idi:
– İşimiz asanlaşıb. Əvvəllər qaz və işıq pullarını ödəmək üçün 2-3 kilometr yol qət edib qonşu Tumaslı kəndinə getməli olurduq. Bu aydan isə kəndimizdə poçt bölməsi açılıb. Bu gün bura gəlməkdə məqsədim elektrik enerjisi və qaz haqlarını POS-terminal vasitəsilə ödəməkdir. Sevinirik ki, dövlətimizin qüdrəti artdıqca bizim də problemlərimiz həll olunur.
Kənd mərkəzində klub və kitabxananın istifadəyə verilməsi sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Kitabxana fondunda 3 min 659 kitab vardır.
Xidmət mərkəzinin də fəaliyyəti kənd əhalisinin tələbatına uyğun qurulub. Burada bərbərxana və qadın gözəllik salonu vardır. Həmçinin mərkəzdə iki mağaza və ət satışı yeri də fəaliyyət göstərir. Mağazaların birində ərzaq, digərində isə müxtəlif sənaye mallarının satışı həyata keçirilir.
Kompleks quruculuq tədbirləri çərçivəsində kənddə bir sıra abadlıq işləri də görülüb, Diyadin kəndi ərazisində 1580 metr, Tumaslı kəndi ərazisində isə 600 metr məsafədə kənddaxili yollara asfalt örtük salınıb, 340 metrlik beton kanal və 8 su keçidi tikilib. Abadlıq tədbirləri zamanı rabitə və elektrik şəbəkələrinin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılıb.
Diyadində olarkən daha bir neçə ağsaqqalla görüşüb həmsöhbət olduq. Kəndin dünənindən, bu günündən danışdıq, sabaha fikir körpüsü saldıq. 85 yaşlı Zalı Hüseynov ürəyindən keçənləri dilə gətirdi:
– Kəndimizdə bu cür geniş abadlıq-quruculuq işlərinin aparılması ürəyimizi dağa döndərib. Artıq uşaqlarımız təzə məktəbdə oxuyurlar. Bir neçə ildən sonra kəndimizdən çıxan ziyalıların sayı da artacaq. “Ziyalı” sözünü əbəs yerə demədim. O, bir nurdu, işıqdı. Elə bir işıq ki, insanları öz ətrafına toplaya bilir, gücü, qüvvəni birləşdirir və faydalı istiqamətə yönəldir. Kəndimizdə belə müasir məktəb binasının istifadəyə verilməsi məni çox sevindirir. Kənd və xidmət mərkəzləri də az əhəmiyyət daşımır. Dövlətimiz bunları yaradıb ki, yaşayış səviyyəmiz yaxşılaşsın.Təbii ki, göstərilən diqqət və qayğıdan mənəvi rahatlıq tapırıq. Ən əsası isə dövlətimizə və sabahımıza olan inamımız artır. İnsanı həyata bağlayan, onu yaşadan da elə inam deyilmi?
Tumaslı kənd inzibati ərazi dairəsi 3 yaşayış məntəqəsini əhatə edir. Onlardan biri də Diyadin kəndidir. Kəndin 303 hektar torpaq sahəsi vardır. Bunun 75 hektarı pay torpağıdır. Kənd adamları, əsasən, əkinçilik və heyvandarlıqla məşğul olurlar.
Kənd sakini Tofiq Mirzəyevin dediklərindən:
– Bir vaxtlar həyətdə quraşdırılan dəmir çardağa, yaxud sənədi olmayan daşa, taxtaya, sementə görə adamı sorğu-suala çəkirdilər. İndi gözəl zamandı, yaşamalı dövrandı. Qabiliyyəti, bacarığı olanlar, necə deyərlər, şah kimi yaşayırlar. Diyadində ailə var ki, qapısında 15-20 baş inək-camışı, sürü ilə qoyun-quzusu var. Şəxsi minik maşını da öz yerində. Torpaq neçə illərdir, özümüzə verilib, üstəlik, torpaq vergisindən də azad olunmuşuq. Hələ əkin-biçinlə məşğul olan kəndliyə verilən yardımları, güzəştli şərtlərlə satılan gübrəni, məhsuldar cins mal-qaranı demirəm. Fərasətli olanlar ailə-uşağını yığıb başına işləyir, yaxşı da qazanır.
Bəli, yaxşı dolanışıq belələrinin halal haqqıdır. Dövlətimizin də istəyi budur: adamlar yaxşı işləsinlər, qazansınlar və firavan yaşasınlar.
Kənd sakini Teymur Babayev isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd sakinləri ilə görüşündən söhbət açdı:
– Kəndimizin sakinləri hələ də həmin görüşün təəssüratı ilə yaşayırlar. Obyektlərin açılışından sonra bizimlə görüşən Ali Məclisin Sədri dedi: “Kənd yaşayış məntəqələrinin müasirləşdirilməsi əhalinin rahatlığının təmin olunmasına hesablanmış tədbirlərdir. Bu gün Diyadin kəndində müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi də sakinlərin rahatlığına xidmət edəcəkdir. Bu tədbirlər kənddə məskunlaşmanın artmasına, əhalinin torpaqlardan, fərdi təsərrüfatlardan səmərəli istifadə etməsinə şərait yaradacaqdır. Kəndin bərəkətli torpaqları, zəhmətkeş insanları vardır. Bu da əkinçiliyin inkişafına, əhalinin məşğulluğunun təmin olunmasına və rifahının yüksəldilməsinə imkan verəcəkdir”.
Görüş zamanı mən də ürək sözlərimi söylədim. Dedim ki, kəndimizdə yeni sosial obyektlərin istifadəyə verilməsi, yollarımızın yenidən qurulması biz sakinlərin böyük sevincinə səbəb olub. Muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Diyadin kəndinin inkişafına da daim diqqət göstərilir. Araz çayının sahilində yerləşən bu yaşayış məntəqəsində insanların yaşayışı üçün hər cür şərait yaradılıb. Aparılan sahilbərkitmə işləri kənddə torpaqların yuyulmasının qarşısını alıb. Bu da əkinçiliyin inkişafına səbəb olub. Kəndimizdə heyvandar­lıq inkişaf etdirilir, fərdi təsərrüfatlar genişləndirilir. Bütün bunları yaradılan şəraitin nəticəsi kimi dəyərləndirdim və kənd sakinləri adından minnətdarlığımı bildirdim.

Bəli, bu gün Diyadin yeni dövrünü yaşayır. Ən önəmli cəhət odur ki, bir vaxtlar ağır yaşayış şəraitindən şikayət edib mərkəzə, paytaxta gedənlər indi geri qayıdırlar. Axı niyə də qayıtmasınlar? Müstəqillik işığının növrağına bürünən gözəlliklər məskəni Diyadində yaşamağa dəyər.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR