Ancaq görüləsi işlər də çoxdur
Bir neçə ildir ki, muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər naxçıvanlıların qış mövsümünü heç bir problem olmadan başa vurmalarına imkan verir. Bu sahəyə məsul olan aidiyyəti təşkilatların öz vəzifələrini layiqincə yerinə yetirmələri üçün yaradılan şərait, sərt keçən qış mövsümünü mütəşəkkil başa vurmaq üçün əvvəlcədən lazımi işlərin görülməsi hesabına muxtar diyarımızda fasiləsiz iş rejimi təmin olunur. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə belə təşkilatlar qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi əhali tərəfindən rəğbətlə qarşılanır.
Bu il avqust ayının 5-də keçirilən müşavirədə də bir sıra aidiyyəti təşkilatlara tapşırıqlar verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Muxtar respublikada payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublika fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunur. Enerji təminatı sahəsində görülən işlərin davamı olaraq, cari ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilmişdir. Haliyədə 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Bundan başqa, alternativ enerji mənbələrindən istifadə olunması istiqamətində də işlər görülür. Qaz təchizatında da ardıcıl tədbirlər görülmüş, itkini minimuma endirmək məqsədilə Naxçıvan-Şahbuz ortatəzyiqli və Naxçıvan-Sədərək yüksəktəzyiqli yeni magistral qaz kəmərləri istifadəyə verilmiş, Naxçıvan-Culfa qaz kəmərində bərpa işləri aparılmışdır”.
Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada yay mövsümündə elektrik enerjisinə olan gündəlik tələbat 80-85 meqavat, təbii qaza olan tələbat 700 min kubmetrdir. Qış mövsümündə isə elektrik enerjisi tələbatı 45-50 meqavat, təbii qaz tələbatı 1 milyon 700 min kubmetr təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.
Ötən müddət ərzində bu tapşırıqların icrası istiqamətində xeyli iş görülüb. Bununla bağlı Culfa rayonunda payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərlə tanış olmaq üçün rayonda olduq. Öyrəndik ki, mövsüm vaxtı rayonda 82 qazanxanadan istifadə olunur. Onların 8-i kombi sistemidir. Qazanxanaların hamısına baxış keçirilib, ehtiyac olan qazanxanalarda əsaslı təmir işləri aparılaraq işlək vəziyyətə gətirilib. Baxış həm də binaların daxili istilik sistemlərini əhatə edib. Rayon mərkəzində 19 binanın zirzəmisi var. Bütün zirzəmilər təmizlənib, onların ikisində təmir işləri aparılıb. Kənd yaşayış məntəqələri də daxil olmaqla, rayon üzrə 190 təşkilatın 116-sı istilik sistemi, 18-i təbii qaz, 3-ü ayqaz, 6-sı elektrik sobası, 41-i ağ neftlə qızdırılır. Şurud və Bənəniyar kəndlərindəki quruculuq tədbirləri başa çatdırıldıqdan sonra daha 6 təşkilatda müasir istilik sistemindən istifadə olunacaq.
Payız-qış mövsümündə üzərinə daha çox vəzifələr düşən təşkilatlardan biri rayon Qaz İstismarı İdarəsidir. Öyrəndik ki, idarə tərəfindən qazpaylayıcı qurğularda təmir işləri aparılıb, filtrlər təmizlənib, klapanlar yoxlanılıb, 39 fərdi mənzilə yeni qaz xətti çəkilib, ümumilikdə, 1637 ədəd qaz sayğacı yenisi ilə əvəz edilib. Hazırda istilik qazanxanalarında mövcud reduktorların təmiri, yararsız hala düşən xətlərin bərpa olunması işi davam etdirilir. Bu dövrdə rayon Elektrik Şəbəkəsi tərəfindən də xeyli iş görülüb. Məlumat üçün bildirək ki, bu gün Culfa rayonunda 190 ədəd transformator yarımstansiyasından istifadə olunur. Payız-qış mövsümünə hazırlıqla bağlı ehtiyac duyulan 18 transformator yarımstansiyasında təmir işləri aparılıb. Dörd transformator yarımstansiyası dəyişdirilib, 2,7 kilometr yüksək və aşağıgərginlikli elektrik verilişi xətti çəkilib. Bir aşağıgüclü transformator yarımstansiyası daha güclü transformator yarımstansiyası ilə əvəz ediləcək, 9 müxtəlifgüclü transformator yarımstansiyasında təmir işləri aparılacaq. 400 kva gücündə transformator yarımstansiyasının quraşdırılmasına hazırlıq işləri görülür.
Rayonun rabitəçiləri tərəfindən də qışa hazırlıq tədbirlərinin böyük bir qismi başa çatdırılıb. Kabel qutuları, paylayıcı şkaflar, abonent qutuları və kabel muftaları texniki normalara uyğun vəziyyətə gətirilib. Rayon mərkəzindən kənd yaşayış məntəqələrinə gedən xətlərə baxış keçirilib, istismar müddəti başa çatan, zədələnən xətlər yenilənib. Hazırlıq tədbirləri çərçivəsində, ümumilikdə, 20 min 180 metr müxtəlif kabeldən, 240 dəmir dirəkdən, 90 ədəd müxtəlif abonent qutusundan istifadə olunub. İki paylayıcı şkaf quraşdırılıb. Hazırda istismar müddəti başa çatmış akkumulyatorlar, generatorların yağ, yanacaq və hava filtrləri dəyişdirilir, digər zəruri işlər görülür.
Rayon Mənzil İstismar Sahəsi tərəfindən bir sıra ictimai yaşayış və inzibati binalarda cari təmir işləri aparılıb, Culfa şəhərinin Məmməd Əsgərov, Cəfər Cabbarlı, Mehdi Hüseynzadə küçələrindəki ictimai yaşayış binalarında sıradan çıxmış şiferlər dəyişdirilib. Heydər Əliyev prospektindəki 26 nömrəli ictimai yaşayış binasında kanalizasiya xəttindəki nasazlıqlar aradan qaldırılıb, Məmməd Əsgərov küçəsindəki 27 nömrəli binanın zirzəmi qapıları dəyişdirilib.
Bununla yanaşı, o da qeyd olunmalıdır ki, payız-qış mövsümünə hazırlıqla bağlı görüləsi işlər çoxdur. Qeyd edək ki, Culfa şəhərində 71 ictimai yaşayış, 40-dan çox inzibati bina var. Yeni inzibati və yaşayış binalarının hamısında qışa hazırlıq yüksək səviyyədə təmin olunsa da, yerdə qalan binaların bir neçəsində vəziyyət qənaətbəxş deyil. Məlumat üçün onu da bildirək ki, şəhərdəki iki və üçmərtəbəli binaların heç birinin qazanxana sistemi yoxdur. Həmin binalarda əhali müxtəlif qızdırıcı vasitələrdən istifadə edir. Qaldı ki, qazanxana vasitəsilə qızdırılan binaların bəzilərinə, işə məsuliyyətsizliyin nəticəsidir ki, həmin binalar insanın yadına “gözdənuzaq, könüldəniraq” məsəlini salır. Binaların giriş qapıları, bəlkə də, həmin binalar tikiləndə salınıb. Sonrakı vaxtlarda isə cari təmir işlərinin belə aparılmamasını ilk baxışdan hiss etmək olar. Bəzi binalarda isə qapı, necə deyərlər, yerli-dibli yoxdur. Pəncərələrdən sellofan kəsiklərinin yellənməsi isə bu qənaəti yaradır ki, həmin pəncərələr şüşə üzünə çoxdan həsrətdir. Bu mənzərələri bir həftə əvvəl görmüşdük. Oktyabr ayının 8-də yenidən həmin ünvanlara üz tutduq və xeyli iş görüldüyünün şahidi olduq. Bununla belə, şəhərin “Təbriz” küçəsindəki 9, Mehdi Hüseyn küçəsindəki 30, Məmməd Əsgərov küçəsindəki 15 nömrəli ictimai yaşayış binaları hələ qışa hazır vəziyyətdə deyil. Bu isə aidiyyəti təşkilatları ciddi düşündürməli, onlar qışa hazırlıq tədbirlərini sürətləndirməlidirlər. Burada vətəndaşların özlərinin də yaşadıqları binaya ögey münasibət göstərdikləri şübhəsizdir. İlk olaraq, onlar özlərinin yaşadıqları binanın qeydinə qalmalıdırlar. Pəncərə və qapıların bu vəziyyətə düşməsinin səbəbini onlar özlərində axtarmalıdırlar. Qaldı ki, aidiyyəti qurumların adıçəkilən binaların qışa hazırlığını sürətləndirmələrinə, yəqin ki, qəzetimizin çıxışından sonra bu məsələ öz həllini tapacaqdır.
Muxtar MƏMMƏDOV