Dünən Şahbuz Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Külüs kəndində ətraf mühitin qorunmasına, təbii qazdan, elektrik və ya istilik enerjisindən düzgün istifadə qaydalarına həsr olunmuş tədbir keçirilib.
Kənd mərkəzində keçirilən tədbirdə rayon prokuroru, ədliyyə müşaviri Ramiz Novruzov “Ekoloji cinayətlər”, həmçinin “Təbii qazdan, elektrik və ya istilik enerjisindən qanunsuz istifadəyə görə cinayət və inzibati məsuliyyət” mövzularında çıxış edib. Qeyd olunub ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması sahəsində mühüm addımlar atılıb. Nəzərə çatdırılıb ki, ekologiyamıza, sağlamlığımıza ciddi təsiri olan ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biri olduğu unudulmamalı və bu işdə hər kəs vətəndaşlıq borcunu yerinə yetirməyə çalışmalıdır.
Ramiz Novruzov təbii sərvətlərdən qanunsuz istifadə halları ilə əlaqədar İnzibati Xətalar və Cinayət məcəllələrindəki maddələr barədə iştirakçılara məlumat verib, Azərbaycan Respublikasının Konstitusiyasında ekoloji münasibətləri tənzimləyən normaların olduğunu qeyd edib.
Təbii qazdan və elektrik enerjisindən qanunsuz istifadəyə görə cinayət və inzibati məsuliyyət haqqında da danışan rayon prokurorunun sözlərinə görə, böyük dövlət qayğısı nəticəsində fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunmuş muxtar respublikada bu sahədə qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. “Hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir”, – deyən rayon prokuroru bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə yeni maddə – “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” adlı maddə əlavə olunmaqla cinayət qanunvericiliyində bir sıra əməllər cinayət məsuliyyəti kimi təsbit edilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbərlər şöbəsi