Aşağı Əylis belə kəndlərimizdən biridir
Qurban kişinin qənaəti
Ordubad rayonunun Aşağı Əylis kəndində bir neçə dəfə olmuşam. Sonuncu dəfə bu yaşayış məntəqəsinə yolum kənddə kompleks quruculuq tədbirlərinə başlanılan vaxt düşüb. Artıq həmin tədbirlər başa çatdırılıb, sentyabr ayının 26-da kənd tam orta məktəbinin və kənd mərkəzinin açılışı olub. O günü əylislilər, yəqin ki, uzun müddət xatırlayacaqlar. Çünki həmin tarix Aşağı Əylisin müasirliyə qovuşduğu gündür. Bu düşüncələr içərisində yolum Ordubad rayonunun Aşağı Əylis kəndinədir. Yol boyu hələ burada tikinti işləri aparılarkən görüşüb söhbət etdiyim el ağsaqqalı Qurban Qeyibovun sözlərini xatırlayıram: – Bu gün Naxçıvanda quruculuq işləri sistemli şəkildə aparılır, ilk növbədə, ucqar dağ və sərhəd kəndlərində bu işlər həyata keçirilir.
Müsahibim söhbətinə bir qədər ara verir, sonra əlini Yuxarı Əylis kəndi istiqamətinə tutaraq davam edir: – Dağətəyi kənddir. Bir-iki il irəli Yuxarı Əylisdə tikinti işləri aparıldı. Bu il isə Aşağı Əylisdə. Tam qətiyyətlə demək olar ki, yaxın illərdə muxtar diyarımızda müasirliyə qovuşmayan yaşayış məntəqəsi qalmayacaq.
Fikrimizcə, bu qənaət günün reallığıdır. Bir qədər düşünüb bu gün muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində həyata keçirilən kompleks quruculuq tədbirlərini göz önünə gətirsək, reallığa şübhəmiz qalmayacaq. Belə ki, bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu dağlar qoynunda yerləşən Şahbuz, bir ucu bağlar diyarı Ordubaddan tutmuş müxtəlif kənd yaşayış məntəqələrində böyük həcmdə quruculuq tədbirləri sürətlə davam etdirilir.
Aşağı Əylisdə kompleks quruculuq işləri aparılıb
Oxucuları yormadan kənddəki yeni obyektlər barədə qısa məlumat verməklə kifayətlənəcəyik. Bu, Aşağı Əylis Kənd Mərkəzidir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Etibar Quliyevlə mərkəzin həyətində görüşürük. Etibar müəllim kənd mərkəzi barədə ətraflı məlumat verir:
– İkimərtəbəli kənd mərkəzində rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, kitabxana, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd bələdiyyəsi, mədəniyyət evi fəaliyyət göstərir. Kitabxanada 4 min 916 ədəbiyyat var. Yeni mədəniyyət müəssisəsində yaradılmış şərait kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə imkan verib. Buradakı rabitə evində 384 nömrə tutumu olan ATS 240 abonentə xidmət göstərir.
Feldşer-mama məntəqəsi 3 otaqdan ibarətdir. Əhaliyə göstərilən səhiyyə xidmətinin nümunəvi təşkili üçün məntəqə lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunub.
Kənd mərkəzinin yaxınlığında müasir arxitektura üslubunda inşa olunmuş bina kənd tam orta məktəbidir. 234 şagird yerlik 3 mərtəbəli məktəb binasında 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter və şahmat otaqları, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Kitabxana fondu 3 minə yaxın latın qrafikalı dərslik və 2 mindən çox bədii ədəbiyyatla zənginləşdirilib. Müasir təhsil sisteminin əsas tələblərindən biri də məktəblərdə informasiya texnologiyalarına əsaslanan tədris mühitinin təşkil olunmasıdır. Ona görə də məktəbin kompüter otağında 19 kompüter dəsti quraşdırılıb və internetə çıxışı təmin edilib, 3 elektron lövhəli sinif də dərslərin yeni metodlarla keçilməsinə şərait yaradıb. Məktəbdəki laboratoriyaların hər biri müasir təcrübə avadanlıqları ilə təmin olunub, fizika laboratoriyasında elektron lövhə quraşdırılıb.
Təhsil ocağının yeni binasındakı hərbi kabinə gənclərin məktəb yaşlarından müəyyən hərbi biliklərə yiyələnmələrinə, onlarda hərbi-vətənpərvərlik hisslərinin erkən yaşlardan formalaşmasına şərait yaradacaq.
Müasir idman zalı və məktəbin həyətində quraşdırılan açıq idman qurğuları əylisli məktəblilərin fiziki inkişafına və sağlam böyümələrinə zəmin yaradıb.
Abadlıq tədbirləri çərçivəsində 1250 metr uzunluğundakı kənddaxili avtomobil yollarına asfalt örtük salınıb. Rabitə və elektrik sistemləri daha da təkmilləşdirilib, yeni tikililərə 110 metr uzunluğunda qaz xətti çəkilib, qədim su mənbəyi olan 3 kəhriz təmir olunub.
Kənd sakinləri minnətdarlıq edirlər
Həyata keçirilən tədbirlərə kənd adamlarının münasibətini öyrəndik. Kimlə həmsöhbət olduq, razılığını və minnətdarlığını bildirdi.
Kənd tam orta məktəbinin direktoru Vidadi Quliyev: – Naxçıvan Muxtar Respublikasında bərqərar olunmuş sabitlik, sosial-iqtisadi inkişaf, insanların maddi-rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi bütün naxçıvanlıların qurub-yaratmaq əzmini birə-beş qat artırıb. Aşağı Əylis kəndinə də bu inkişafdan pay düşüb. Onu deyim ki, kəndin sakinləri qonaqpərvər, yurd və torpaq qədri bilən insanlardır. Yaşadıqları kəndin qədim tarixi ilə qürur hissi keçirən əylislilər yurd yerinin müasir və abad yaşayış məntəqəsinə çevrilməsini dövlətimizin onlara göstərdiyi böyük qayğı kimi dəyərləndirirlər.
Ömrünün 10-cu onilliyini yaşayan Nisə Əliyeva deyir ki, belə zəmanədə bu qədər yaşamaq elə bir böyük igidlik deyil. Nəyimiz çatmır? İşığımız var, qazımız var, süfrələrimiz bol. Bütün bunların elə-belə qazanılmadığını da Nisə Əliyeva dilə gətirir:
– 17-18 il bundan qabaq kənd adamının yaşayışını gözlərim önünə gətirəndə bugünkü günümüzə inana bilmirəm. Ancaq görünən dağa bələdçi lazım deyil. Elə bu Əylis kəndində əvvəlki hökumətin zamanında dövlət tərəfindən heç bir tikinti aparılmayıb. Kəndin idarə və təşkilatları köhnə və uçuq-sökük binalarda fəaliyyət göstərib. Bu gün tikilənlər nəinki rayon mərkəzlərində, hətta Naxçıvan şəhərində tikilənlərdən seçilmir.
Təqaüdçü Qadir Səmədov: – Ulu öndərimiz Heydər Əliyev siyasətinin muxtar diyarımızda uğurla davam etdirilməsi Naxçıvanı çiçəklənən bir məmləkətə çevirib. Bu gün qovuşduğumuz belə həyat tərzi məhz ümummilli liderimiz Heydər Əliyevin uzaq gələcəyə hesablanmış ideyalarının işığı hesabına mümkün olub. Bu işığın heç vaxt sönməyəcək ziyası muxtar respublikamızın bütün bölgələrini işıqlandırıb, Aşağı Əylis kəndinə də həmin ziyadan pay düşüb. Bizə belə sevinc bəxş edənlərə minnətdarlığımızı bildiririk.
Torpaq mülkiyyətçisi Hüseyn Səfərov deyir ki, son illər muxtar respublikanın kənd yaşayış məntəqələrində aparılan kompleks quruculuq tədbirləri şəhərlə fərqi əsaslı surətdə aradan qaldırıb. Belə tədbirlərin həyata keçirildiyi Aşağı Əylis də qəsəbə timsallı müasir kəndə çevrilib. Təbii ki, bütün bunlar insanların qurub-yaratmaq əzminə öz təsirini göstərib. Odur ki, kənd adamları qiymətli sərvət olan torpaqdan möhkəm yapışıblar. Onlara bu sahədə də hərtərəfli köməkliklər göstərilir. Torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstərir, muxtar respublika iqtisadiyyatının gücləndirilməsinə öz töhfələrini verir, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılmasına çalışırlar.
Kənd məktəbinin müəllimi Əli Fətəliyev: – Qurulanları, yaradılanları qorumağı, gələcək nəslə ərməğan etməyi hər bir Aşağı Əylis sakini özünün vətəndaşlıq borcuna çevirib. İnsan ona göstərilən qayğını görəndə, təbii ki, onun qurub-yaratmaq əzmi yüksəlir. Bu hissi bu gün Aşağı Əylisdə hamı yaşayır.
– Çoxları elə bilir ki, kənd yaşayış məntəqələrində yaşamaq çətindir. 30-40 il bundan qabaq belə düşünənlərə haqq qazandırmaq olardı. Çünki o vaxt yollar bərbad vəziyyətdə idi. Telefon, televizor barədə söhbət gedə bilməzdi. Elektrik enerjisi tez-tez kəsilirdi. Nəqliyyat yox idi. Bu gün isə vəziyyət tamamilə başqa cürdür. Elə bizim bu Aşağı Əylisdə mobil telefonlar da işlədilir. Qazımız, işığımız öz yerində. Yollarımız abadlaşdırılıb. Hər gün kənddən rayon mərkəzinə və Naxçıvan şəhərinə marşrutlar işləyir. Kitabxanamız, mədəniyyət evimiz var. Kənd adamına bundan başqa nə lazımdır ki? – bu sözləri təqaüdçü Həsən Hüseynov deyir.
Son söz yerinə
Kənd adamları ilə söhbətlər, onların ürək sözləri və minnətdarlıqları Aşağı Əylisdə həyata keçirilən tədbirlərə verilən yüksək qiymətdir. Bu yazının son sözü isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun həmin obyektlərin açılışlarında verdiyi tövsiyələrdir: “Aşağı Əylis kəndində aparılan quruculuq tədbirləri, istifadəyə verilən yeni sosial obyektlər ölkəmizdə həyata keçirilən tədbirlərin bir kəndin timsalında nümunəsidir. Bu gün dövlətimiz tərəfindən kəndlərin inkişafına hərtərəfli qayğı göstərilir. Kəndlərimiz abadlaşır, insanlar üçün lazımi şərait yaradılır, onların rahatlığı təmin olunur, gündəlik qayğıları vaxtında həll edilir.
…Aşağı Əylis kəndi də müasirləşən Azərbaycan kəndlərinin sırasına qoşulmuşdur. Vaxtilə kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və digər lazımi dövlət strukturları yaradılmış, onların fəaliyyəti təmin edilmişdir. Bu gün isə dövlət qurumları və xidmət təşkilatları üçün müasir iş şəraiti yaradılmışdır. Qurulanlar, yaradılanlar insanların rahat yaşamasına xidmət edəcək, əhali daha sıx məskunlaşacaqdır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və xidmət təşkilatları yaradılan bu şəraitdən səmərəli istifadə etməli, daim əhalinin problemləri ilə maraqlanmalı, onların vaxtında həll olunmasına nail olmalıdırlar.
…Həyata keçirilən bu tədbirlər ölkəmizin iqtisadi qüdrətinin göstəricisi olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Kənd sakinləri qurulanlardan, yaradılanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər”.
Muxtar MƏMMƏDOV