İşaxtaran vətəndaşların işlə təmin edilməsi üçün oktyabrın 21-də növbəti əmək yarmarkalarına start veriləcək
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnib. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” da bu məqsədə xidmət edən mühüm dövlət sənədidir. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.
Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində yaşaya-yaşaya hər hansı problemin həllinə nail olmaq mümkündür. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, muxtar respublikada cari ilin ötən dövrü ərzində şəhər və rayonlarımızın hər birində 3 dəfə əmək yarmarkası keçirilib. Yarmarkalarda 851 nəfər, ümumilikdə, ötən 9 ay ərzində 2142 nəfər işlə təmin olunub, 284 nəfər peşə hazırlığına, 244 nəfər ictimai işlərə, 88 nəfər kvota yerinə göndərilib.
Məlumat üçün onu da bildirək ki, növbəti əmək yarmarkalarına oktyabrın 21-də start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydərabad qəsəbəsində təşkil olunacaq. Oktyabr ayının 22-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Oktyabrın 23-də keçiriləcək əmək yarmarkasının növbəti ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından oktyabr ayının 24-də yararlana biləcəklər. Oktyabr ayının 28-də ordubadlılara, 29-da babəklilərə, 30-da isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası oktyabr ayının 31-də “Gənclik” Mərkəzində keçiriləcək.
Xəbərlər şöbəsi