Müqəddəs Həcc ziyarəti artıq başa çatıb. Bu il ölkəmizdən 4 minə yaxın zəvvar bu ziyarətin iştirakçısı olub ki, bunlar içərisində naxçıvanlılar da var. Zəvvarlarımızı qrup rəhbərləri və həkim briqadası müşayiət edib.
Dünən onlar doğma torpağa qayıdıblar. Naxçıvan Beynəlxalq Hava Limanında zəvvarları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, zəvvarların yaxınları qarşılayıblar. Qeyd edək ki, müqəddəs ziyarətdən qayıdanlar arasında yaşlılar üstünlük təşkil etsə də, onların arasında gənc zəvvarlar da az deyildi. Bu isə o deməkdir ki, dinimizə hörmət və ehtiram bu gün yüksək səviyyədədir.
Ziyarətdən qayıdan Hacı Qəhrəman Seyidov, Hacı Toğrul Azadəliyev və başqaları bildirdilər ki, müqəddəs ziyarətin insanların mənəvi təmizliyində böyük təsiri var. Onlar zəvvarlara göstərilən belə qayğı üçün dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Xəbərlər şöbəsi