22 Dekabr 2024, Bazar

Hər kəs sağlam və gənc qalmaq istər. Sağlam həyat tərzi dedikdə səmərəli qidalanma nəzərdə tutulur. Qidalanma orqanizmi nəinki enerji ilə təchiz etməyə kömək edir, həm də orqanizmdəki bütün mühüm funksiyaların fəaliyyətinə yardımçı olur. Bu mənada qidalanma bizim fiziki orqanlarımızın fəaliyyəti üçün vacibdir. Sağlam qidalanma bütün ömrümüz boyu həyatımıza təsir edər. Sağlam qidalanmanın əsas amillərindən biri də səhər yeməyidir. Belə bir məşhur məsəl var: axşam yeməyini düşmənə ver, naharı dostla bölüş, səhər yeməyini isə mütləq özün ye! Bu el məsəli səhər yeməyinin necə vacib olduğunu bir daha göstərir.

Beyinin normal fəaliyyəti üçün ən vacib qidalanma vaxtı hesab edilən səhər yeməyi hər kəsin qida rejimində mütləq olmalıdır. Bəzən bir çoxları səhər yeməyini vacib hesab etməyərək ona bir qədər etinasızlıqla yanaşırlar. Digərləri kökəlməkdən qorxduqlarına görə ondan imtina edirlər. Bəziləri isə, sadəcə, vaxtın yoxluğu, səhərlər iştahanın olma­ması kimi xeyli “üzrlü səbəb” gətirirlər ki, nəticədə, özlərini günün başlanğıcında olduqca vacib qidadan məhrum edirlər. Həkimlər və dietoloqlar belə bir qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina edilməməlidir.

Bəs nəyə görə məhz səhər yeməyi bu qədər vacibdir? Məsələ ilə bağlı mütəxəssis rəyini öyrənmək üçün həkim Zakir Cəfərova müraciət etdik:
– Çox insan səhər yemək yeyə bilmir və ya səhər yeməyini lazımsız sayır. Səhər yeməyi yemək adəti olmayan insanlarda fikrini cəmləyə bilməmək problemi yaşanır. Gərgin bir günə başlayarkən pendir, süd, yumurta kimi tərkibində protein olan qidalardan və şirin çay, küncüdlü kömbədən ibarət səhər yeməyi daha məqsədəuyğundur. Ümumiyyətlə, səhər yeməyi üçün ən ideal vaxt oyandıqdan 1 saat sonradır. Səhər yeməyinə özünüzü öyrəşdirməyin ən asan üsulu səhər idmanıdır. Əlbəttə, idmanla məşğul olmaq vaxt tələb edir, lakin bunun əvəzində iştaha artır. Səhər-səhər qəbul edilən sağlam qida gün boyunca fiziki və zehni fəaliyyətlər üçün lazımlı enerjini təmin edir. Səhər yeməyi yemədikdə kökəlmə problemləri ilə də üzləşmək mümkündür. Səhər yeməməklə arıqlamağı nəzərdə tuturlar. İlk görünüşdən bu, məntiqli görünsə də, əslində, belə deyil. Kökəlməkdən qorxan insanlar bilməlidirlər ki, səhər yeməyindən imtina etmək nəinki bədən quruluşuna xeyirli deyil, həm də bədəndə artıq çəkinin yığılmasına səbəb olur. İş ondadır ki, insan yatarkən maddələr mübadiləsi də dayanır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də əgər səhər yeməyindən imtina edilərsə, orqanizm naharadək daha az kalori yandırır. Bundan əlavə, səhər yeməyi porsiyasından məhrum olmuş orqanizm özünü qoruma instinktini işə salır və nahar zamanı kaloriləri ikiqat enerji ilə toplayır. Üstəlik, naharda yaxşıca aclıq varsa, lazım olan miqdardan iki dəfə artıq yemək təhlükəsilə üzləşmək mümkündür. Gecə insan yatanda orqanizm dincəlir, amma bəzi orqanlar var ki, onlar işləyir. Bu da enerji itkisi deməkdir. İtirilmiş enerji ilə günə başlamaq düzgün deyil. Bu, günortayadək daha çox enerji itkisinə səbəb olacaq ki, nəticədə, günorta normadan daha çox enerji almağa məcburiyyət yaranacaq. Bu da arıqlama arzusunu suya düşürəcək. Keyfiyyətli səhər yeməyi zehni və fikri bir yerə toplamaq gücünü daha da gücləndirir.
Müsahibim onu da vurğuladı ki, keyfiyyətli səhər yeməyində mütləq yetərli qədər protein, lif olmalıdır ki, aclıq hissi saat 11-12-yə kimi olmasın. Bundan əlavə, səhər yeməyi beyinə diqqəti toplamaq və məlumatı yadda saxlamağa görə beyin üçün çox vacibdir. Tədqiqatlar göstərir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini, təxminən, 30 faiz artırır. Səhər yeməyinin maksimal dərəcədə faydalı olması üçün nəzərdə tutulmuş ərzaqların seçiminə diqqətlə yanaşmaq məsləhətdir. Günə bir stəkan meyvə şirəsindən və ya mineral sudan, yaxud şəkərsiz çaydan və qəhvədən başlamaq tövsiyə edilir. Maye orqanizmə yuxudan oyanmağa və həzm prosesinə başlamağa kömək edəcək. Yumurta ən yaxşı səhər yeməyidir. Səhər yumurta yedikdə uzun müddət həm fiziki, həm də intellektual fəallığı saxlamaq mümkündür. O, protein, D və B12 vitaminləri, amin turşuları və antioksidantlarla zəngindir. Bundan əlavə, səhər yeməyinin menyusunda yerli kənd təsərrüfatı məhsullarına, xüsusilə heyvandarlıq məhsullarına da üstünlük verilməlidir.
Bir sözlə, müsahibimizlə söhbətdən də aydın olur ki, səhər yeməyi gün ərzində qəbul edilən qidalar içərisində çox böyük faydası ilə seçilir. Buna görə də hər birimiz səhər yeməyindən imtina etməməli və buna zaman ayırmalıyıq. Unutmayaq ki, vaxtında və düzgün səhər yeməyi ilə qidalanmaq sağlamlığımız üçün çox vacibdir.

 Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR